Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:16

«Korrupsiya faktlarının üzə çıxaırlmasına medianın imkanı çatmır»


-
Azərbaycan mediası nə dərəcədə müstəqildir? Korrupsiyaya dair araşdırmalar nə dərəcədə diqqət çəkir?

AzadlıqRadiosunun «Şəffaflıq» proqramında bənzər suallar müzakirəyə çıxarıb. Bu müzakirədə «Şəffaflıq Azərbaycan» İB nümayəndəsi Elvin Yusifli, Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev və Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli iştirak ediblər.


Müzakirə, əsasən, «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində hazırlanan hesabat üzərindən aparılıb. «Şəffaflıq Azərbaycan» təşkilatının araşdırdığı bir sıra məsələlərə nəzər yetirilib.

Elvin Yusifli: «Korrupsiya hallarının araşdırılması, ictimaiyyətin məlumatlandırılması sahəsində media nə dərəcədə öz işini görür? Medianın effektiv fəaliyyəti üçün şərtlər nə qədər mövcuddur? Bu suallara cavab tapmaq üçün biz bir sıra məsələlərə göz gəzdirdik. Bura medianın müstəqilliyi, şəffaflığı, hesabatlılığı kimi aspektlər daxildir. Bu, istər qanunvericilik, istərsə real vəziyyəti əhatə edən araşdırmadır. Qısaca desək, gəldiyimiz nəticə ondan ibarətdir ki, hazırda korrupsiya fəaliyyətini jurnalist və mətbuat orqanlarının işıqlandırması üçün səmərəli mühit yoxdur. Bu halda müxtəlif institutluların, o cümlədən dövlət siyasətinin qüsurları var».

Xalid Ağaliyev: «Doğrudan da, ən müxtəlif istiqamətlərdə - hansı ki bu istiqamətlər medianın durumuna dəlalət edir - heç birində təəssüf ki, tərəqqi işartıları müşahidə olunmur. Azad medianın var olması üçün ilk növbədə əlverişli ortamın olması vacibdir. Bu ortamı yaradan, məsələn, qanunverici mühitlə bağlıdır. Qanunverici mühit medianın azad fəaliyyətinə imkan verirmi? Təəssüf ki, bunu müsbət cavablandıra bilmərik. 2005-ci ildən əvvəlki illərdə əldə olunan mütərəqqi nəticələrin yavaş-yavaş aradan qaldırılması tendensiyası müşahidə olunur».

MƏTBUAT ŞURASI HESABATLA RAZI DEYİL

Müşfiq Ələsgərli: «Hesabat ciddi qüsurlara yer verməklə hazırlanıb. Azərbaycan media mühitinin nüanslarını bilməyən şəxslər tərəfindən hazırlanıb. Hesabatın istinad etdiyi faktlarda ciddi yanlışlıqlara yol verilib. Məsələn, «Azadlıq» qəzeti ilə nəşriyyat arasında yaranan problem siyasi problem kimi əks etdirilib, əslində, belə bir şey yoxdur. «Azadlıq» qəzetinin ora kommersiya borcu olub, borc ödənildikdən sonra hər şey yoluna düşüb».

Elvin Yusifli: ««Azadlıq» qəzetinə qarşı kritik məqamda – məhkəmə halları var idi, cərimələr, borclar – nəşriyyat tərəfindən təzyiqlərlə üzləşməsinin qeyri-siyasi olmasını düşünmək sadəlövhlük olardı. Daha sonra KİV-ə Dəstək Fondunun siyahısından çıxarılması əsas verir düşünək ki, bu, müəyyən mənada təşkil olunmuş təzyiq vasitəsidir».

«MEDİA DÖVLƏTSİZLƏŞDİRİLMƏLİDİR»

Xalid Ağaliyev: «Avropa Şurasına üzv olan ölkədə belə bir qanunvericiliyin olması çox pis mənzərədir. Kommersiya qurumlarının rəhbərləri ilə bağlı informasiyaların kommersiya sirri sırasına salınmasını bəlkə də hansısa əsaslarla izah etmək olar. Amma media sahibliyi məsələsi üzərinə belə bir qapağın, belə bir pərdənin çəkilməsi tamamilə yolverilməzdir. Bizim qoşulduğumuz media ilə bağlı öhdəliklərdə media öhdəliyi ümumiyyətlə şəffaf olmalıdır. Bu da daha çox ondan irəli gəlir ki, media dövlətsizləşdirilməlidir. Yəni, media dövlətin əlinin altında olmamalıdır. Bu, medianın öz vəzifəsini vicdanla yerinə yetirməsinə çox mənfi təsir edir... Qanunvericiliyə edilən dəyişikliklər ona xidmət edir ki, aparıcı media, xüsusilə, teleradio yayımı bütövlüklə hökumətin nəzarəti altındadır. Həmin medialar rəsmi olaraq hökumətə yaxın şəxslərin əllərindədir, bu qanun da bunun ictimaiyyətə açıqlanmasının qarşısını alır... Kommersiya qurumlarına gəldikdə, burda da yəqin ki, iri biznes strukturlarının hökumətə yaxın şəxslərə, yaxud hansısa nazirə məxsus olmasını qapadır. Bu da təbii ki, korrupsiya faktlarının aşkarlanmasından çəkinmədir».

Müşfiq Ələsgərli: «Xalid bəyin dediyi proseslər hüquqi cəhətdən baş verir, amma niyyət Xalid bəyin dediyi kimi deyil. Azərbaycanda 1999-cu ildə KİV haqqında çox demokratik bir qanun qəbul edilib. Sadəcə olaraq, getdikcə qanunda boşluqlar yox, həmin qanunun demokratik ruhundan sui-istifadə hallarının baş verməsi müşahidə olunmağa başladı. Biz bunun acı nəticələrini bu gün də görürük. Sonra təkmilləşdirilmələr aparılmağa başlandı ki, bu, bu günə kimi davam edir».
XS
SM
MD
LG