Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Azərbaycanda media mühiti ciddi şəkildə pisləşib


Foto: Arxiv
Foto: Arxiv
-
Media azadlığı səviyyəsinə görə 179-dan 156-cı yer, dərinləşməkdə olan siyasi qütbləşmə, fiziki və psixoloji hücumlar, həbslər, amma bununla bitmədi.

«Şəffaflıq Azərbaycan» İB «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində Azərbaycan mediasının vəziyyətini araşdırıb, hesabat hazırlayıb. Nəticə belədir: Azərbaycanda media mühiti ciddi şəkildə pisləşib.

İndi baxaq, bu pisləşməyə səbəb olan nədir?

HÖKUMƏT RƏSMİLƏRİNİ QORUYAN DƏYİŞİKLİKLƏR


Əvvəla, qanunvericiliyə göz gəzdirək. Araşdırmada deyilir ki, KİV haqqında qanunvericilik mətbuat azadlığı üçün vacib olan təməl zəmanətləri təmin etsə də, bəzi hüquqi məhdudiyyətlər müstəqil və müxalifyönlü mətbuatın bu hüququndan istifadəsini əngəlləyir.

Necə əngəlləyir?

Hesabatda bir sıra nümunələr göstərilir. Məsələn, özəl yayımçılar yayım üçün Milli Televiziya və Radio Şurasından lisenziya almalıdır. Tenderlə gerçəkləşən bu proses qeyri-şəffafdır.

«Şura üzvləri prezident tərəfindən təyin olunurlar ki, bu da formal cəhətdən müstəqil olan bu qurumu qeyri-müəyyən vəziyyətə salır», - hesabatda belə deyilir.

Üstəlik, qanunvericiliyə edilmiş son dəyişikliklər. Söhbət prezidentin 2012-ci ildə təsdiqlədiyi dəyişikliklərdən gedir. Bununla da korporativ təşkilatlar özlərinə aid informasiyanı açıqlamaq öhdəliyindən azad edildi. Beləliklə, jurnalist kommersiya qurumlarının sahibləri, onların nizamnamə kapitalı, mülkiyyət strukturu kimi məlumatlara çıxmaq istərsə, qanun qarşısında dayanacaq.

Araşdırma göstərir ki, bu dəyişikliklər prezident və ailəsi ilə bağlı korrupsiya araşdırmalarının işıq üzü görməsindən sonra baş verib və hökumət rəsmilərini informasiya axtaran jurnalist və KİV-lərdən qorumaq məqsədi daşıyır.

SƏRFƏLİ, AMMA ŞILTAQ


«Azərbaycan» Nəşriyyatının xidmətləri üçün təklif etdiyi qiymətlər özəl çap şirkətləri ilə müqayisədə daha sərfəlidir, amma hər bir mətbuat orqanına çatımlıdırmı?
«Azadlıq» qəzetinə dəstək aksiyası -22 yanvar 2014
«Azadlıq» qəzetinə dəstək aksiyası -22 yanvar 2014
Elə bu yerdə nəşriyyatın şıltaqlığı üzə çıxır. Hesabat vurğulayır ki, çap mətbuatının üzləşdiyi ən çətin problem adıçəkilən nəşriyyatın bəzi müxalifyönlü qəzetlərin nəşrindən imtina etməsidir. Baxmayaraq ki, nəşriyyat adətən qeyri-siyasi əsaslar gətirərək qəzeti çap etməkdən imtina edir, düşünmək üçün kifayət qədər əsas var ki, bu cür qərarların kökündə siyasi motivlər dayanır.

Nəşriyyat 2013-cü ildə yığılmış borclarını ödəyə bilmədiyinə görə Azərbaycanın əsas müxalifət qəzetlərindən biri olan «Azadlıq» qəzetini də çap etməkdən imtina etmişdi.

«TƏNQİD ET, SATIŞSIZ QAL»

«Yeni Müsavat» qəzetinin başına gələnlər bunu söyləməyə əsas verir. İddialara görə, qəzet Bakı metrosunun sabiq rəhbəri haqqında tənqidi fikirlər çap etdikdən sonra metro stansiyalarında satışı dayandırılıb.

Mətbuat satışsız qalır, yayımçılarsa lisenziyasız. Hesabatda deyilir ki, milli yayım tezlikləri üçün keçirilən tenderləri hökumətə loyallıq göstərməyən media orqanları və ya şəxslərin qazanması, demək olar ki, mümkün deyil. Məsələn, bir neçə il öncə «Turan» Xəbər Agentliyi və «Obyektiv TV» radiotezlik üçün lisenziya almaq üçün müsabiqəyə qatılsa da, müsabiqənin qalibi kimi əvvəllər mətbuat fəaliyyəti ilə məşğul olmayan bir şirkət seçilib.

Araşdırma 5 il əvvələ də göz atır və 2009-cu ilin yanvarında xarici yayımçıların Azərbaycanın tezliklərindəki fəaliyyətinin dayandırılmasını xatırladır. Nəticədə BBC, Azad Avropa Radiosu/Azadlıq Radiosu (RFE/RL) və «Amerikanın Səsi» stansiyaları kimi asanlıqla əlçatan beynəlxalq informasiya mənbələri milli yayımdan qaldırılmışdı.

EVLİ OLMAQ İSTƏYİRSƏNSƏ...

Yox, bu hansısa toy büsat haqqında deyil, hökumətin 155 jurnalistə ev verməsinə işarədir. «Ev»li oldular, bəs sonra?

Ilham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışında - 22 iyul 2014
Ilham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışında - 22 iyul 2014
«Binanın açılışı zamanı prezident İlham Əliyev bildirmişdi ki, aztəminatlı jurnalistləri evlə təmin etmək təşəbbüsü onların «xarici təsirlərdən azad şəkildə» işləməsinə imkan verəcək. Bəzi mətbuat nümayəndələrinin fikrincə, layihə «jurnalistləri susdurmaq üçün verilən rüşvətdən» başqa bir şey deyil», - hesabatda belə deyilir.

BİR İLDƏ 36 CİNAYƏT İŞİ

Araşdırma problemlərdən biri kimi Diffamasiyanın qanunvericiliklə cinayət əməli hesab olunmasını göstərir. 2010-cu ildə jurnalistlərə qarşı böhtanla bağlı 36 cinayət işi açılmış, ancaq heç biri həbslə nəticələnməyib.

Bu gün Azərbaycanda hökuməti və ayrı-ayrı məmurları tənqid edən jurnalistlər qisas tədbirlərindən sığortalanmayıblar. RATİ-nin məlumatına görə, 2011-ci ildə jurnalistlərə 50 hücum və ya təhdid aktı baş verib. 2011-ci ildə baş vermiş bu təzyiqlərin iki ən neqativ nümunəsi «Zerkalo» qəzetinin jurnalisti İdrak Abbasovun döyülməsi və AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayıla qarşı qaralama kampaniyasıdır.

Hesabatda jurnalist qətlləri də yaddan çıxmır və qeyd edilir ki, «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun, «Sənət» qəzetinin redaktoru Rafiq Tağının ölümləri hələ də açılmamış qalır.

MACARISTANDAN 80 DƏFƏ GERİDƏ

«Şəffaflıq Azərbaycan» İB-nin araşdırmasına görə, hökumətin mətbuata digər dolayı müdaxilə forması icazəli reklam siyasətidir.

«İddialar göstərir ki, hökumət şirkətləri öz reklamlarını müxalif qəzetlərdə yerləşdirməkdən çəkindirir və bir çox reklam vermək istəyənlər qisas alınacağı qorxusu ilə bunu etmirlər. 2012-ci ilin rəqəmləri göstərir ki, Azərbaycanın çap mediasında reklam satışlarının qiyməti 2 milyon avro həcmində olmuşsa, əhali və ərazisi təxminən Azərbaycanla bənzər olan Macarıstanda 160 milyon avroya çatıb».

SƏLAHİYYƏTİ OLMADAN MƏTBUAT ŞURASI HANSI QƏRARLAR VERİR?

Hesabatda bildirilir ki, Mətbuat Şurasının, ümumiyyətlə, «reket qəzet»lərin siyahısını hazırlamaq kimi bir səlahiyyətinin olmaması barəsində mövqelər var. Bundan başqa, «reket qəzetlər» sırasına bir qayda olaraq kiçiktirajlı, oxucu sayı az olan qəzetlər daxil edildiyi üçün «qara siyahı»nın bu cür KİV-ləri tanıtdırmaqdan başqa bir məqsədə xidmət edə bilməyəcəyini düşünənlər var.
Mətbuat Şurasının binası
Mətbuat Şurasının binası


Sonda «Şəffaflıq Azərbaycan» İB hesabatında vəziyyətin yaxşılaşması yönündə addımlar atmaq üçün tövsiyələrini edib:

1. Milli Televiziya və Radio Şurasının fəaliyyətinin şəffaflığı, üzvlərinin təyin olunma prinsip və qaydalarının obyektivliyi və konkretliyi təmin olunmalıdır.

2. Teleradio yayımı lisenziyalarının verilməsi üçün tenderlərin şəffaflığı təmin olunmalıdır. Şəffaflığın təmin olunması üçün həm tenderlərin keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, həm də ictimai nəzarət imkanlarının genişləndirilməsi zəruridir.

3. Kommersiya qurumlarının sahibləri haqqında informasiyanın ictimaiyyətə açıqlanması idarəçilikdə şəffaflığın təmin edilməsi və mətbuatın öz ictimai nəzarət funksiyasını effektiv şəkildə həyata keçirməsi üçün şərtlərdən biridir. Dövlət qulluqçularının maraq toqquşmasının baş verməməsi üçün ictimaiyyətin, o cümlədən KİV-lərin bu məlumata əlçatanlığı vacibdir.

4. Mətbuat Şurası tərəfindən hazırlanan «reket qəzetlər»in siyahısının qanuna müvafiqliyi və praktikiliyi nəzərdən keçirilməli və mümkünsə bu siyahının hazırlanmasına xitam verilməlidir.

5. Diffamasiya cinayət əməli olmaqdan çıxarılmalıdır. Böhtan və təhqir haqqında Cinayət Məcəlləsinin maddələri həm etik, həm də praktiki baxımdan arzuolunmazdır. Qanunvericilikdə diffamasiyanın cinayət əməli kimi qalması Azərbaycanın beynəlxalq imicinə zərbə vurur.

6. Jurnalist qətllərinin açılması və jurnalistlərə qarşı zorakılıq törədənlərin məsuliyyətə cəlb olunması Azərbaycanda fikir və mətbuat azadlığının qorunması üçün təməl şərtdir.

7. Müstəqil və müxalif KİV-lərin abunəçilik və reklam imkanlarının məhdudlaşdırılmasına imkan verilməməlidir.
XS
SM
MD
LG