Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Qanunsuz ağac kəsən 221 nəfər 4,5 milyon manatdan çox cərimələnib


-
Qanunsuz ağac kəsdiyinə görə 221 nəfər 4 milyon 600 min manat cərimə olunub.

Bunu AzadlıqRadiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

“Bir il üç ay ərzində qanunsuz ağac kəsmə ilə bağlı 968 akt yazılıb, 221 nəfər 4 milyon 600 min manat cərimə olunub. İndiyə qədər bu cərimənin 70 min manatı ödənilib. Qərarlar təmin olunması üçün icra qurumlarına göndərilib. Təqsirkarların tapılması üçün 223 iş polisə göndərilib. Polis müəyyənləşdirəndən sonra həmin şəxslər haqqında inzibati protokol yazılacaq”.

“Botanika” bağı ilə bağlı baş verənlərə toxunan sektor müdiri deyir ki, bu məsələ ilə bağlı iş araşdırılması üçün Səbail polisinə göndərilib.

“Botanika bağında 40 ağac qanunsuz olaraq çıxarılıb. Hələki bunu kimin etdiyi müəyyən deyil, o baxımdan da biz məsələnin araşdırılması üçün polisə müraciət etmişik. Həmin şəxslər tapılandan sonra onların məsuliyyət məsələsinə baxılacaq. Hazırda polisdə araşdırma aparılır”.

Raqub Mirzəyevin sözlərinə görə, ən çox ağac qırılmaları paytaxt Bakıda müşahidə olunur.

Qanunsuz ağac kəsməyə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daim mübarizə apardığını deyən sektor müdirinə görə, prezidentin xəbərdarlığından sonra mübarizə daha da gücləndirilib.
XS
SM
MD
LG