Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:02

Minalanmış ərazilərin xəritələri itib?


Foto: Arxiv
Foto: Arxiv
-
«Minalanmış ərazilərinin xəritələri itib». Bunu mina partlaması nəticəsində 3 hərbçinin ölümünü «Bizim yol»a şərh edən «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyib:
«Bizim əlimizdə həmin ərazi ilə bağlı minaların xəritəsi yoxdursa, hansı cürətlə, hansı məqsədlə əsgərlərin əlinə külüng verib qazmaq tapşırılıb? Biz bilirik ki, bir çox mina xəritələri itib və ərazilərin hansı şəkildə minalanması barədə zabitlərin özlərində belə məlumat yoxdur. Bu baxımdan ərazində hər hansı qazıntı işlərinin aparılması ciddi araşdırmalar tələb edir».

«ÖTƏN İL BİR MƏCBURİ KÖÇKÜNƏ ÇƏKİLƏN XƏRC 1100 MANAT OLUB»

«Azərbaycan» qəzetinin yazdığına görə, ötən il bir nəfər məcburi köçkünə çəkilən xərc təxminən 1100 manat olub. Qəzet bunun digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olduğunu yazır:
«Bu, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur. 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4.3 milyard manat sərf olunub. Məcburi köçkünlər arasında yoxsulluq həddi son on ildə 75 faizdən 15 faizədək azalıb. 82 qəsəbədə 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb».
Ərəstun Oruclu
Ərəstun Oruclu

SÜLH KORPUSU VƏ HAKİMİYYƏTDƏKİ «5-Cİ KOLON»

«Hakimiyyətin daxilində böyük bir «5-ci kolon» var. Bu kolon Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün ilk növbədə Qərb institutlarını sıradan çıxarır».

Sülh Korpusunun fəaliyyətinin dayandırılmasını «Yeni Müsavat»a şərh edən politoloq Ərəstun Oruclu bu fikirdədir. Onun fikrincə, «2003-cü ildən bu yana mərhələli şəkildə Qərblə əlaqələri zəiflətmək, kəsmək siyasəti həyata keçirilir. Bu siyasətin də təsiri özünü bütün sahələrdə göstərir».

Azərbaycanın Gənclər və İdman Nazirliyi Sülh Korpusu ilə ötən ilin noyabrında bitən Anlaşma Memorandumunu yeniləməkdən imtina edib.

ABŞ-ın «Sülh Korpusu» proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir.

«BU DA SİZƏ SOYUQ DUŞ»

«Bu hakimiyyətin imicini heç fələk də təmizləyə bilməz».

«Azadlıq» qəzetinin yazdığına görə, bu fikirləri AXCP sədri Əli Kərimli öz «facebook» səhifəsində paylaşıb.
Əli Kərimli
Əli Kərimli


«Növbəti «maska düşürmə» əməliyyatı Avstriyadan gəldi. Avstriya məhkəməsi Azərbaycan hakimiyyətinin üç mühüm fiqurunu rüşvət üzrə dindirməyə hazırlaşır. Manatımızın çapı zamanı Azərbaycan hakimiyyət təmsilçilərinin Panamadakı şirkət vasitəsilə aldığı 14 milyon avro rüşvəti araşdıracaqlar. Bu da sizə soyuq duş. Sizin imicinizi hansısa lobbi şirkəti, fasad dəyişmə əməliyyatı yox, artıq heç fələk də təmizləyə bilməz» - Əli Kərimli yazır.

BORC GÜDAZINA GEDƏN STADİON

«Futbol+» qəzetinin yazdığına görə, «Şəfa» stadionu 4 milyon 250 min manata «İnter»ə satılıb.

Stadionun ucuz satıldığını yazan qəzetə görə, o, AFFA-nın Beynəlxalq Banka borcunun güdazına gedib.

Bununla belə, alqı-satqı prosesi hələ başa çatmayıb. «İnter» rəhbərliyi tələb olunan məbləğin yalnız 50 faizini AFFA-nın büdcəsinə köçürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG