Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Putin CIA-dan nəyi «oğurlayıb» və ya hansı oyunları oynayır?


Vladimir Putin
Vladimir Putin
-
Putinin Ukraynadakı yarım-hərbi taktikası nədir? Moldova şərabı niyə silahdır və kimə qarşı silahdır? Neft sanksiyalarından Qazaxıstan niyə qorxur? Media yazır ki, bu dünyada hamı bir-biri ilə düşünüldüyündən daha çox bağlıdır və hamı bir-birindən həm də öyrənir.

***

Washington Post yazır ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə Qərbin cavabının mərkəzində NATO hərbi alyansı durur. Ancaq qəzetin fikrincə, ola bilər ki, Qərb düzgün dava yolunu seçməyib. Çünki Putin hərbi yox, yarım-hərbi əməliyyatlar taktikasını seçib. Bu taktikanı isə keçmiş KQB zabiti olan Putin CİA-dən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən “oğurlayıb”.

Qəzet yazır ki, Reagan prezident olanda, o, SSRİ-ni dağıtmaq istəsə də, heç vaxt SSRİ ilə kəllə-kəlləyə gəlmirdi, bunun əvəzində Əfqanıstanda, Nikaraquada, Anqolada, sonra isə Polşada və nəhayət, bütün Şərqi Avropada SSRİ-nin nüfuzunu, hakimiyyətini laxladırdı.
Moskva çayının əks sahilində - Kremlin qarşısındakı binada şüar
Moskva çayının əks sahilində - Kremlin qarşısındakı binada şüar


Bunun üçün CİA yerli ictimai hərəkatları dəstəkləyirdi, "xalqı ayağa qaldırırdı". SSRİ-nin bütün nüvə gücü Polşada tətil edən fəhlələrin qarşısında aciz idi.

Nikaraquada və Yaxın Şərqdə vaxtilə belə əməliyyatları həyata keçirən CİA zabiti John Maguire deyir ki, Putin “bizim 1980-ci illərdə etdiyimizə baxır, bunu indi bizim əleyhimizə oynayır”.

Qəzet sual verir ki, Qərb və ABŞ Ukraynanı Rusiyadan necə qoruya bilər? Və cavab verir ki, bunu yalnız ukraynalıların özü edə bilər və onlar səfərbər olunmalıdırlar. Qəzetin fikrincə, Ukrayna xalqını birləşmiş saxlamaq üçün Kiyev hökuməti xarici müdaxilə ilə qeyri-zorakı mübarizə yolunu mümkün qədər çox saxlamalıdır.

***

Foreign Policy yazır ki, sırf praqmatizmə əsaslanmadan, mənəviyyat, beynəlxalq hüquq kimi anlayışlarla Putinə qalib gəlmək mümkün deyil.

Angela Merkel bu yaxınlarda demişdi ki, Putin hansı planetdə yaşayır? Yəni, reallıqdan uzaqdır, öz dünyasındadır. Foreign Policy isə hesab edir ki, bunun əksi düzdür. Putin çox praqmatikdir. “O yalnız o oyunları oynayır ki, qələbəyə əmindir. O çox nadir hallarda istəmədiyi oyunu oynayır”.

Foreign Policy onu da yazır ki, Putinin sevimli taktikası belədir: O, vəziyyəti dəyişir, sonra da qarşı tərəfi məcbur edir ki, yaranmış yeni reallıqla barışsın.

***

1966-cı ildə ilk kosmonavt Yuri Qaqarin Moldovada qonaq olarkən onu Cricova şərab zavoduna aparıblar. Zavoddan gedərkən Qaqarin zarafatla deyib ki, Yerdən ayrılmaq daha asandır, nəinki Cricovadan.

İndi isə Moldova şərabı bu ölkəni Avropa Birliyi ilə sıx əlaqələrdən çəkindirmək üçün Kremlin əlində silaha çevrilib. Bunu Financial Times yazır.
Dövlət katibi Kerry və Moldovanın baş naziri Leanca Moldova şərabı ilə
Dövlət katibi Kerry və Moldovanın baş naziri Leanca Moldova şərabı ilə


Moldova şərabına qarşı indiki qadağanı Rusiya keçən sentyabrda qoyub. Bunun ziyanı hələ hesablanır. Ancaq 2006-cı ildə Rusiyanın Moldova şərabına embarqosu 100 şərab zavodunu müflis etdi, Moldovaya 200 milyon dollar ziyan dəydi.

Bostavan zavodunun kommersiya direktoru Artur Martin çıxış yolunu Avropa Birliyində və Çində yeni bazarlar tapmaqda görür.

Nəticədə, Rusiya öz qadağaları ilə Moldovanı Avropa Birliyi bazarına daha fəal qoşulmağa vadar edir. 2001-ci ildə Moldovanın şərab ixracının 30 faizi Avropa Birliyinə idisə, indi 48 faizidir.

***

Qazaxıstan Rusiyaya qarşı mümkün neft sanskiyalarına görə həyəcan keçirir. Maraqlısı odur ki, belə sanksiyalar hələ yoxdur. Bunu Reuters yazır. Neft və Qaz naziri Qarabalin deyib ki, “Biz bu sanskiyaların necə olacağını bilmirik”.

Qazaxıstan niyə narahatdır?

Keçən il Qazaxıstan Rusiya kəmərləri ilə 22 milyon ton neft ixrac edib. Bu da da ixracın 30 faizidir.

28 milyon ton neft də Chevronun başçılıq etdiyi Xəzər beynəlxalq konsorsiumunun kəməri ilə satılıb. Ancaq bu kəmər Rusiyanın Novorossiysk limanına gedir. Qazaxıstan ehtiyat edir ki, sanskiyalar olsa, bu yolla da neft satışına ziyan dəyəcək.

İndi Qazaxıstan alternativ kimi Çinə gedən Atasu-Alashankou kəməri ilə neft daşınmasını 12 milyon tondan 20 milyon tona qaldırmaq istəyir.

Reuters yazır ki, enerji təhlilçilərinin fikrincə, bir yol da Qazaxıstanın öz neftini Xəzər dənizi ilə Azərbaycana göndərməsidir, burda isə həmin neft Bakı-Ceyhan kəmərinə vurula bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG