Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:08

Ara, Krım... Krım bizim oldu, can!..


Yaşar Bünyad
Yaşar Bünyad
-

Babam bir dəfə bizə qonaq gəlmişdi. Təsadüfən Pasxa bayramıydı. Bizim də bayramlaşdığımızı görən kişini od götürmüşdü....​


Rusiyada yaşayan yazıçıdan yeni hekayə


Yaşar Bünyad

“Ölümə doğru gedənlər”
seriyasından


TOLERANT


Tolerantlıq mənə südlə, qanla keçib. Sözümü qəribçiliyə salmayın, vallah, zarafat eləmirəm.

Hələ dünyaya göz açandan məndə olan dözümə hər kəs həsəd apara bilərdi.

Hamıya, hər şeyə dözümlülük nümayiş etdirən ikinci bir adam varsa, çıxsın ortalığa. Çıxsın da!..

Sən bir işə bax ee!.. Ata-anam altı qızdan sonra güc-bəlayla bir oğul tapsa da, mənə, heç əziyyət çəkmədən qardaş nəsib olmuşdu.

Qardaş deyəndə ki... yəni, süd qardaşı da...

Elə anamın qarnından çıxan gündən bir həftə keçməmiş oğlan uşağı doğan qonşu arvad qəfil süddən kəsilir.

Arvadlar, yəni anamla qonşu belə məsləhətləşirlər ki, onsuz da südü aşıb-daşan anam onun da uşağını əmizdirsin.

Bu da mənim bəxtimdən imiş. Heç olmasa, bircə ay doyunca anamın döşlərini əmməyə qoymadılar. Yaxşı, qonşunu başa düşürdüm, süddən yanıq oğul böyütmək istəmirdi. Bəs mənim anam südün çoxunu “qardaşıma” əmdirəndə başa düşmürdü ki, mən də yazığam? Axı o aşıb-daşan süd mənim ruzum idi, mənim!...

Əlimdən nə gəlirdi ki?! Danışa bilsəydim, ağlım kəssəydi, bəlkə nəsə deyərdim, bəd ayaqda heç olmasa, söyərdim.

Böyüdükcə dözümlülüyüm də artırdı.Daha doğrusu, dözməyi öyrədirdilər mənə.

Atam mənə velosiped almışdı. Həyətdə o yan-bu yana sürə-sürə velosiped sürməyi öyrənirdim. Bir dəfə həyətdə yenə o şoğəribi sürəndə qonşumuz Saşa qəfilləyib əlindəki çubuğu təkərin pərləri arasına necə soxdusa, kəllə-mayallaq aşıb yıxıldım.

O bilərəkdən etmişdi bunu. Ağlamaq istəsəm də, özümü güclə saxlayıb onun üstünə cumanda atam qolumdan tutub saxladı. Hələ məni danladı da.

Adam qonşusuyla dalaşmaz, oğlum,-dedi.

Sakitləşdim. Olmaz, deməli olmaz! Sonradan atamın təkidlərinə baxmayaraq velosiped sürməkdən də vaz keçdim.

Mən böyüdükcə bacılarım da bir-bir ərə gedir, evimizi tərk edirdi.

Anam, atam yavaş-yavaş qocalırdı.

Oxuduğum sinifdə yeganə azərbaycanlı mən idim.

Əslində, burda doğulduğumdan və rus dilini elə onlar səviyyəsində bildiyimdən heç kəs, hətta maarif şöbəsindən gələn komissiya da aramızda heç bir fərq bilməzdilər, əgər rəngimin qaralığı olmasaydı.

Hə, rəngim mənə üzüqaralıq gətirirdi. Mavi, yaşıl gözlü sarışın, kürən uşaqların arasında qara rəngin necə nəzərə çarpdığını demək yersiz olardı.

Nəsə, burda qara rəngdən xoşlanmırlar...

Sinif yoldaşlarımın çoxu bir yerdə olanda heç nə olmayıbmış kimi deyib-gülər, onlardan aralanan kimi pıç-pıçları başlanardı.

Bir gün böyük tənəffüsdə bufetdən qoğal, kakao alıb parta yoldaşım Dimanın oturduğu masaya yaxınlaşırdım ki, arxadakı masada əyləşən Sergeylə Matveyin söhbətini eşitdim.

Eşitdim deyəndə ki... onlar elə bilərəkdən bərkdən danışırdılar.

Matvey, sənin atan bütün dünyanı gəzib. Ondan bir soruş, gör Bakıda məktəb-zad var?..

Matvey də özünü çoxbilmiş kimi göstərir:

- Bakı?.. Ermənistanın paytaxtı?..

- Yox ee... nə paytaxt, şəhəri...

-Həə... Axşam soruşaram. Nədi ki?!

- Anam deyir ki, gör yazıqlar nə gündədirlər. Məktəb yox, poliklinika yox... Dəhşətdi!.. Heç olmasa, burda gün görürlər.

Özümü eşitməməzliyə qoydum. Daha doğrusu karlığa. Çünki, çox vaxt, tolerant olmaq üçün gərək ya kar olasan, ya da kor - atam belə deyirdi.

Atam hər gün evdən çıxanda ciddi xəbərdarlıq edirdi ki, indi əvvəlki zamana deyil, bir bəhanə gəzirlər dava salmağa. Dilini dinc saxla, başın yerində salamat qalsın. Eşitdin, srağa gün Gəncəli Əsədin mağazasını da, özünü də nə günə salıblar?!.. Dözmək lazımdır...

Ən böyük kədər doğuran hiss, mənim öz vətəndaşlığımla fəxr edə bilməməyim idi. Təsəvvür edirsiz, əslində sən buralısan, amma yadsan, özgəsən, ögeysən... Bu dəhşətdir!

Yaşadığımız bina beşmərtəbəli idi və bu binada yaşayanların çoxu rus olsa da, başqa millətdən olan ailələr də yaşayırdı: gürcü, erməni, ukraynalı, yəhudi, tatar və biz.

Sanki SSRİ yığmasıydı.

Bilirsiz, bu həyətdə nə qədər bayram olurdu?! Milad, Novruz, Maslenitsa, Pasxa, Kutasioba, Sabantuy... Hamısı bir-birindən gözəl. Biz uşaqlar necə xoşbəxt olurduq o bayramlarda, sözlə deyiləsi deyil!..

Böyüklər bayram süfrəsi hazırlayır, biz də hər bayramın qayda-qanununa görə alacağımız sovqatları gözləyirdik. Qonşular bir-birinə qonaq gedir, bayramlarını təbrik edirdilər. Hamı sevinirdi.

Müsəlman olduğumuzu bilə-bilə bizim də qapımızı döyüb “Xristos voskreşsya” deyəndə, biz də “vo istine voskreşsya!” deyib, noğul, boyanmış yumurta paylardıq. Babam bir dəfə bizə qonaq gəlmişdi. Təsadüfən Pasxa bayramıydı. Bizim də bayramlaşdığımızı görən kişini od götürmüşdü. Yadımdadı, valideynlərimi yuyub-sərdi ki, belə getsə, uşaqlar müsəlman olduqlarını unudacaq. Atam heç nə deməyib gülümsündü. Çünki, babam köhnə fikirli adam idi və onda tolerantlıqdan əsər-əlamət belə yox idi.

Atam, hər ilin son çərşənbəsində tonqal qalamaq, qapı pusmaq, papaq atmaq vacibdir - desə də, nədənsə həmişə tonqal yandırmağı yadından çıxarırdı. Əvvəllər, lap balaca olanda buna fikir verməzdim. Amma bu dəfə dözə bilmədim. Soruşdum ki, niyə tonqal qalamırıq? O cavab verdi:

- Qonşular deyinir. Birinin balkonuna tüstü dolur, başqasının həyətdə sərdiyi paltarlara his dəyir, iylənir...

Bəs , -dedim, - Maslennitsada həyətin düz ortasında tonqal yandırmaq olar, Novruzda olmaz?

İnciməyim ona yer elədi deyəsən.

Yaxşı, - dedi, - nə deyirlər desinlər. Lənət şeytana! Oğlumun istəyini ürəyində qoymayacam ki?!.. Get, taxta-talaş gətir qarajdan.
Evə cumub qarajın açarını götürdüm. Yolüstü süd qardaşımı da çağırdım ki, bu gün ilaxır çərşənbədi, tonqal qalayırıq. Uşaqlıqda horta-hort südümü içməyinə, hər bayramda süfrəmizin başında oturmağına baxmayaraq Novruz onun üçün paxlava yeməkdən başqa bir şey deyildi.

Tonqal yandırmağı eşidəndə sevindi. Qaçaraq qaraja çatdıq. Köhnə mebelimizin taxta-tuxtasın yığıb həyətə daşıdıq. Sevincimizin həddi-hüdudu yox idi; nəhayət, çərşənbə tonqalı qalayacaqdıq!..

Atam taxtaları səliqəylə toplayıb tonqala od vurdu. Hiss edirdim ki, bunu etsə də ürəyi narahatdı; tez-tez ətrafa, qonşu binaların balkonlarına boylanırdı. Elə bil oğurluq iş tutub, cinayət edib. Mən isə, tonqal od tutduqca süd qardaşımla atılıb düşürdüm.

Alov gücləndikcə məhlənin bütün uşaqları tonqalı dövrəyə alırdılar. Hamının gözlərində bir sual işıldayırdı: “Nə münasibətlə?...”

Bir-bir boyüklər də həyətə çıxdılar. Atam gələnlərə Novruz barədə məlumat verir, onlar da bizi təbrik edirdilər, “gözəl bayramdı” deyirdilər.

Birinci gürcü qonşumuz bir kanistr şərab və bir stəkanla atama yaxınlaşıb bayramını təbrik etdi, şərab süzüb dedi:

Vur... Rustavidən göndəriblər. Domaşnidi... Bundan da gözəl gün olar?! Vur!..
Atam şərabı başına çəkdi. “Bəh-bəh!” eləyib Vano dayıya təşəkkür etdi. Vano dayı tonqala yaxınlaşan Sergey əmiyə də şərab süzdü, sonra Simona, sonra Matveyə, Karenə, Lyuba xalaya...

Yarım saat keçməmişdi ki, atamın narahatçılığına son qoyuldu. Heç vaxt onu belə xoşbəxt görməmişdim.

Körpə ürəyim dağa dönmüşdü. Fikirləşirdim ki, nə olaydı, həmişə insanlar beləcə mehriban olaydılar. Mənim qədər dözümlü olaydılar.

Cavanlar da tonqala yaxınlaşdılar. Kimsə maqnitafon gətirdi.

Tonqalın ətrafında məclis qızışırdı; şərab içən kim, rəqs edən kim, atılıb-düşən kim...

Birdən Suren kişi göründü. Hiss olunurdu ki, bir az içkilidir. Atama yaxınlaşıb bayramını təbrik edəndən sonra sevincək dedi:

Ara, sənin bayramın nə gözəl günə təsadüf edib?! Dvaynoy bayramdı ha bu gün!

Vano dayı maraqlandı:

Nə dvaynoy?.. Hansı bayramdı ki?..

Hamı diqqətlə ona baxır, Surenin nə deyəcəyini gözləyirdilər.

Suren kişi xüsusi jestlə, sanki qonşulardan gözaydınlığı alırmış kimi gülümsədi:

- Ara, Krım... Krım bizim oldu, can!.. Bundan da böyük bayram?!..

Cavanlar fit çaldı, böyüklər “ura!” qışqırdı, kimsə pivə almaq üçün mağazaya qaçdı, kimsə rəqs etməyə davam etdi, hətta qucaqlaşıb öpüşənlər də oldu.

Mən Suren kişinin dediklərindən heç nə anlamasam da, mənim, atamın bayramının alınmasından qürurlanırdım.

Tonqalın üstündən tullanıb, üç dəfə “ağrım-acım bu ocaqda qalsın” dedim. Mənasını başa düşməsələr də, qonşular tonqaldan hoppanıb nəsə söyləyirdilər. Mən əmin idim ki, onlar yaxşı söz deyirdilər.

Bütün həyət bayram edirdi. Bu Krım söhbətindən sonra qəm dəryasına batan Stepan dayıdan savayı.

19.03.2014

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG