Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:27

Seyran Səxavət: “Nəşriyyat dönər istehsal etmir”


Seyran Səxavət və Şahbaz Xuduoğlu (sağda)
Seyran Səxavət və Şahbaz Xuduoğlu (sağda)
-

150 min manat cərimələnən “Qanun” nəşriyyatına yazıçı Seyran Səxavət də dəstək verib.

Nəşriyyatın ofisinə gələn və direktor Şahbaz Xuduoğlu ilə görüşən yazıçı deyib ki, cərimə xəbərini qəzəblə qarşılayıb:

"“Qanun” nəşriyyatını ölkənin ən qabaqcıl nəşriyyatlarından biri hesab edirəm. Bu nəşriyyat xeyli qiymətli kitablar nəşr edir…

“Qanun” mənə də çox doğmadı. Burda mənim üç kitabım (“Yəhudi əlifbası” “Qaçaqaç”, “Palıd toxumu”) nəşr olunub, bu kitablar ömrümün 30 ili deməkdir. Mən indiyə qədər heç vaxt prezidentdən nəsə xahiş etməmişəm. Amma indi xahiş edirəm ki, “Qanun” Nəşriyyatına kömək etsin.

“Qanun”un bir özəlliyi də odur ki, istedadlı, amma imkansız gəncləri önə çıxarmağa köməklik göstərir. Nəşriyyatı cərimə etməzlər, nəşriyyata kömək edərlər. Azərbaycanda cərimələnəsi, cəzalanası o qədər təşkilatlar var ki... Onların hamısı cərimələnəndən sonra – hansı ki, bu prosses 15-20 il çəkər, - keçmək olar nəşriyyatlara.

Biz kitaba and içirik, bundan müqəddəs nə var ki? Nəşriyyat dönər istehsal etmir, kitab istehsal edir. Dönər istehsal edənlə kitab istehsal edənə eyni gözlə baxdıqca ölkədə, cəmiyyətdə heç bir inkişafdan söz gedə bilməz. Düşünürəm ki, nəşriyyatın bu problemini elə Azərbaycansayağı həll etmək lazımdır. “Qanun” yaşamaq üçün lap qanunsuz da hərəkət edə bilər".


Ötən həftə Azərbaycan Yazıçılar Birliyində də “Qanun” nəşriyyatına dəstək tədbiri keçirilib və sonda prezident İlham Əliyevə müraciət edilib.

XS
SM
MD
LG