Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

Çayarxı kəndi susuz qalıb


Arxiv - foto
Arxiv - foto
Göyçayın Çayarxı kəndinin sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə susuzluqdan şikayət edirlər. Onlar içməli su aldıqları yeganə mənbə olan artezian quyusunun işləməsi üçün elektrik verilişinin yerli işıq idarəsi tərəfindən dayandırıldığını deyirlər. Kənd sakini İkram Şükürov:

“İşıq idarəsinin işçiləri 2008-ci ilin dekabr ayında quyunun üstündəki sayğacı dəyişiblər. Bizə şifahi dediklərinə görə, həmin sayğacın üstündə 2771 manat borc olub. 2009-cu ilin yanvar ayında quyunun üstündə yeni sayğac quraşdırıblar. Yeni sayğacın üstündə heç vaxt borc saxlamamışıq. Yığıldıqca aybaay ödəmişik. Bir neçə gündür ki, işıq idarəsinin işçiləri gəlib o sayğacı da akt tərtib etmədən çıxarıb aparıblar. Deyirlər ki, köhnə borc təzə sayğacın üstünə vurulub”.

BİZƏ SƏNƏD GÖSTƏRİLMİR

Beləliklə də, kənd sakinləri bir neçə gündür ki, quyudan istifadə edə bilmirlər. Deyirlər, işıq idarəsinə yaxın düşən kimi onlardan köhnə borc tələb olunur:

“İş orasındadır ki, bu tələb şifahidir. Bizə heç bir sənəd göstərilmir. Nə sayğac, nə də akt ortalığa çıxarılmır”.

Göyçay rayon işıq idarəsindən “Qaynar xətt”ə bildiriblər ki, Çayarxı kəndinin sakinlərinə köhnə sayğacın üstündəki borcla bağlı dəfələrlə bildiriş göndərilib. Sakinlər borcun yeni sayğaca aidiyyəti olmadığını bildirərək borcu ödəməkdən imtina ediblər. Borc kompüterin yaddaşına oturduğundan onu ödəmək mütləqdir. İdarə işçiləri sakinlərlə məsələni bir daha aydınlaşdıra bilərlər.

Kənd sakininin sözlərinə görə, kənddə azı 250 ailə yaşayır. Bu ailələr indi suyu qonşu kəndlərdən daşımalı olurlar.
XS
SM
MD
LG