Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:30

Dövlət Neft Şirkəti ixtisar hay-küyünün sirrini açdı


Xalik Məmmədov
Xalik Məmmədov
-
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) son ixtisarlarla bağlı hay-küy daha çox vəzifəli məmurların işdən çıxarılmasından qaynaqlanırmış. Qurumdakı vəzifəlilərin sayı nə az-nə çox – 18 minə yaxındır. Bu fikri ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdəki ixtisarların vəzifəli şəxslərə təsiri barədə AzadlıqRadiosunun sualını cavablarkən dilə gətirib. İndiyədək mediada əksini tapan dəyərləndirmə və tənqidi mülahizələrdə məmurların deyil, fəhlələrin daha çox ixtisara düşdüyü bildirilirdi.

KADRLAR ŞÖBƏSİNİN RƏİSİ MAŞİNİST İŞLƏMƏZ

Xalik Məmmədov:

«Məmur işçilər də narahat idilər. Niyə? Biri baş mühasib, yaxud kadrlar şöbəsinin rəisi işləyir, amma gedib başqa işdə işləməli olacaq. Məsələn, kadrlar şöbəsinin rəisi olan adama ikinci peşə kimi təklif edəcəyəm ki, «maşinist işlə». Bundan narazı qalırdılar. Bizdə ixtisara düşənlərin 75-80 faizi bu kateqoriyadan olanlardır».

ARDNŞ yetkililəri fevralın 24-də mətbuat konfransı keçirərək «ARDNŞ-də sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram»ın biraylıq icrasından söz açıblar.

İxtisarlar ötən ildən başlayıb. Şirkətdə işçi sayının həddini çox aşmasını və ixtisarların qaçılmazlığını beynəlxalq auditlər də üzə çıxararaq təsdiqləyiblər. İqtisadçılar Dövlət Neft Şirkətinin illik hasilat göstəricilərini BP ilə müqayisə edirlər. 3 min işçisi olan BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil digər üzvlərlə birlikdə ildə 35.1 milyon ton xam neft və 20 milyard kubmetr mavi qaz çıxarır. ARDNŞ-də isə bu rəqəmlər 8.3 milyon ton xam neft və 6.9 milyard kubmetr qazdır.

Xalik Məmmədov deyir ki, «Azəriqaz» və «Azərkimya» istehsalat birlikləri şirkətə birləşdirilməzdən öncə Dövlət Neft Şirkətinin 65 min işçisi olub. İndi 60 min 77 işçisi var. «Azəriqaz» ARDNŞ-ə 7 min 200, «Azəriqaz» – 12 min 500 işçiylə birləşmişdi.

«67 MİN 60 MİN OLDU VƏ 40 MİNƏ DÜŞƏ BİLƏR»

Ötən ilin fevralında ARDNŞ işçilərinin sayı 67 min nəfər idi. Bu rəqəmin 40-45 minə düşəcəyi gözlənir. Yəni şirkətdə ixtisarlar davam edəcək: «Dövlət Neft Şirkətində yalnız neftin kəşfiyyatı, hasilatı, emalı və satışıyla məşğul olan sistem saxlanacaq».

Vitse-prezidentin sözlərinə görə, şirkətin bir neçə idarəsində 7 min 222 işçi yeri ixtisara düşüb, ancaq onların 6 min 418 nəfəri elə şirkətin özündəki boş iş yerlərinə götürülüb. Daha 533 nəfər əməkhaqqının 5 misli məbləğində müavinət alaraq başqa fəaliyyət sahəsinə keçib.

108 nəfər öz xahişi (Əmək Məcəlləsinin 69-cu maddəsi ilə) işdən çıxıb və «ARDNŞ-də sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram»a qoşulub. Şirkət rəsmisi bunu «analoqu olmayan», başqa sözlə, bənzərsiz proqram adlandırır: İşçi bir il boyunca əməkhaqqının yarısını alır, ikinci peşəyə yiyələnir və bu müddətdə yaranan vakant yerlərə yerləşdirilir.
Foto: Arxiv
Foto: Arxiv

163 nəfər 2 aylıq müavinət alıb, proqrama qoşulmaqdan imtina edib və Əmək Məcəlləsinin 70b maddəsi ilə sərbəstləşib. Aprelin ortalarınadək 108 işçinin yerləşdirilməsi başa çatacaq və həmin 163 nəfər də işçilərin ehtiyat siyahısına salınacaq.

ƏNƏNƏVİ VƏ QEYRİ-ƏNƏNƏVİ PEŞƏLƏR

ARDNŞ rəsmisi şirkətdəki 1245 təqaüdçünün də yeni vakansiya yaradacağını vurğulayır. Əvvəllər hər ay kənardan 450-500 işçi götürülürdüsə, 4-5 aydır belələri işə qəbul olunmur.

Xalik Məmmədovun sözlərinə görə, kənardan işə qəbul da uzun müddətə dayandırıla bilməz, çünki vakansiyalara uyğun işçi yoxsa, kənardan işçi qəbulu elan olunacaq.

«Bu həftə 43 vakansiya üzrə imtahan keçirilir. 64 nəfər imtahana girəcək. Ola bilsin, heç 43 yer yenə dolmasın, yəni 64 nəfərin hamısı keçməyə bilər» – bunu deyən vitse-prezident onu da əlavə edir ki, sərbəstləşən işçilərin heç də hamısı ARDNŞ üçün ənənəvi peşə sahibləri, yəni operator, qazmaçı, çilingər və elektrik montyoru deyil:

«Yemək bişirən, qapıçı, sosial sahədə sərbəstləşən işçilər var ki, bu sahədə yeni iş yerləri yaranmayacaq. Həmin işçilərə də, əmək bazarının tələbinə uyğun olaraq, təlim-tədris mərkəzində ikinci peşə öyrədilə, sertifikat verilə bilər».

TİKİNTİ TRESTİNƏ EHTİYAC VARMI?

Şirkət sosial və tikinti yönümlü iri trestlərini ləğv edəcəkmi? Axı mütəxəssislərin, özəlliklə iqtisadçıların fikrincə, bu şöbələrə ehtiyac yoxdur və hansısa tikinti tender vasitəsilə kənar şirkətə də verilə bilər. Xalik Məmmədov AzadlıqRadiosunun bu sualına cavabında deyir ki, əslində, şirkətdəki ixtisarların çoxu sosial idarədə aparılıb, idarədəki iş yerlərinin 50-60 faizə qədəri azalıb. Tikinti trestinin ləğvindən söhbət getmir, ancaq ARDNŞ gələcəkdə kənar tikinti şirkətlərini tender vasitəsilə uyğun işlərə cəlb edə bilər:

«İslahatları beynəlxalq tələblərə uyğun aparmaq istəyiriksə, gələcəkdə Dövlət Neft Şirkəti tikinti işiylə məşğul olmayacaq, yəqin ki. Məsələn, artıq gəmiçiliklə məşğul deyilik. Qabaq yemək də bişirirdik, indi o işlərlə məşğul deyilik. O işlərlə artıq MMC-lər məşğul olur. «Neft Daşları»nda 2-3 şirkət var, hansının yeməyi işçilərin xoşuna gəlir, onu yeyirlər».

Neftçilərin tətili - 2013
Neftçilərin tətili - 2013
​Xalik Məmmədov ARDNŞ-in bəzi idarələrinin iqtisadi səmərədən çox, əhalinin məşğulluğu üçün saxlandığını söyləyir. Ancaq şirkət yetkilisi bölgələrdə iş yerləri açıldığı bir vaxtda durumun çox davam edə bilməyəcəyini də sözlərinə artırır:

«Elə rayonlar var ki, orada neft-qaz çıxarma idarəsini, üstəlik, qazma idarəsini saxlamaq olmayacaq. Bundan sonra orada qazma da getməyəcək, əslində, quyulardan bir şey çıxmır. Nəqliyyat, yaxud geofizika idarəsini saxlamağa ehtiyac qalmayacaq, mənasını itirəcək. Məsələn, Muradxanlıda quyu qazıb nə təbiəti, nə də insanları korlamaq lazımdır. Qoy diqqəti ayrı sahəyə yönəltsinlər».

«İŞ YERİ VAR, İŞÇİ YOX»

Şirkət yetkililəri bəzi ixtisaslar üzrə kadr çatışmazlığını da vurğulayırlar. İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyir ki, bəzi iş yerləri üzrə vakansiya elan olunsa da, həmin yerlər boş qalır:

«Bu gün elmi-tədqiqat layihə institutunun 80-100 layihəçi mühəndisə ehtiyacı var. Dəfələrlə elan verilsə də, işə götürməyə kadr tapa bilmirik. Axırda tələbələrdən təcrübə təşkil etdik. 400 sənəd verilmişdi, 17 nəfər seçildi. Onlar 3 ay təcrübə keçib sonra müsahibəyə girəcəklər. Yaxşı karda həmişə ehtiyac var».

Xalik Məmmədov bir neçə il öncə abituriyentin Neft Akademiyasına 180 balla qəbul olunduğunu, indi 600 balla konkursa düşdüyünü deyir:

«180 balla qəbul olunan gənc triqonometrik tənliyi həll etməyi bacarmır və təbii ki, təqaüdçünün yerini də tuta bilmirdi. Bir neçə il əvvəl şöbə müdirlərinin orta yaşı 52 idi, bu da normal deyildi, 38-40 yaş olmalıdır. İndi bu həddə çatmışıq».
XS
SM
MD
LG