Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:04

Nyu-Yorkda «Cavad xan» filminin təqdimatı keçirilib


«Cavad xan» filmindən kadr
«Cavad xan» filmindən kadr
-
Nyu-Yorkdakı Sultan Əyyub Mədəniyyət Mərkəzində «Cavad xan» filminin nümayişi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən yaydığı xəbərə görə, mərasimdə Nyu-York-Azərbaycan Assosiasiyasının sədri Ercan Erdərənli film haqqında məlumat verib.

«Cavad xan» filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri – «Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış edərək ekran əsərinin baş qəhrəmanı Cavad xanın Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində rolundan söhbət açıb.

Sonra filmə baxış keçirilib.

Xəbərdə bildirilir ki, «Cavad xan» filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-Yorkda yaşayıb çalışan həmvətənlərimiz də olub.

Filmə baxışdan sonra Nyu-York-Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Erdərənli və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil filmin yaradıcılarını rəhbəri olduqları təşkilatların fəxri diplomları ilə təltif ediblər.

2009-cu ildə lentə alınmış «Cavad xan» filmi XIX əsrin əvvəllərində öz oğlanları ilə birlikdə Vətən uğrunda çar Rusiyası qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.
XS
SM
MD
LG