Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:55

Saatlılı gənc xəstə vəziyyətdə hərbi xidmətə göndərilib...


Zülfüqar Qurbanov
Zülfüqar Qurbanov
-
“Oğlumu tibbi müayinədən keçmək üçün Bakıya göndərmişdilər. Rayona qayıdanda bərk xəstə idi, yolda tez-tez qusurdu. Elə bu vəziyyətdə maşına basıb əsgər apardılar. Üstündən 6 gün keçəndən sonra Gəncədə yerləşən hərbi hissədən zəng edib dedilər ki, uşağın halı pisləşib...”

“MÜAYİNƏ AKTI DƏYİŞDİRİLİB”

Saatlı rayonunun Qaralar kəndində yaşayan Yadigar Usubəli oğlu Qurbanov oğlu, 1995-ci il təvəllüdlü Zülfüqar Qurbanovun xəstə vəziyyətdə hərbi xidmətə aparıldığını və tibbi müayinələrin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Lakin o, bunun nə səbəbdən edildiyini də bilmir:

Yadigar Qurbanov
Yadigar Qurbanov
“İki ildir ki, oğlumun ürəyində ciddi problem var. Rayon komissiyasının həkimləri müayinə edib dedilər ki, bu uşaq orduya yararlı deyil, amma belə rəy ixtisaslaşmış tibb müəssisələrinin müayinə aktı əsasında verilə bilər. Bizi əvvəl Şirvan Diaqnostika Mərkəzinə, sonra isə C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yolladılar.

İnstitutun ilkin müayinə aktını aldığımız gün Saatlı “voenkomat”ından zəng edib aktda nəyinsə səhv yazıldığını bildirdilər və yenidən Bakıya getməyimizi istədilər. İnstitutda bizdən əvvəlki aktı alıb, yenisini verdilər. Sonuncu əsasında komissiya Zülfüqarın müəyyən məhdudiyyətlə hərbi xidmətə yararlı olmağı barədə rəy verib. Ən qəribəsi odur ki, yanvarın 26-da oğlumu növbəti müayinədən keçməsi üçün çağırmışdılar, amma yoxlamadan, üstəlik xəstə vəziyyətdə olduğu nəzərə alınmadan xidmətə yolladılar. Elə bil planı doldurmağa adam tapmırdılar”.

“HƏRBİ HİSSƏDƏN ETİRAF EDİBLƏR Kİ...”

Əsgər atasının sözlərinə görə, oğlu xidmətə göndəriləndən 6 gün sonra Gəncədəki hərbi hissədən evlərinə zəng gəlib:

“Dedilər uşağın halı pisləşib. Anası bir qohumumuzla Gəncəyə getdi. Bu qarlı, şaxtalı günlərdə düz 3 gün hissənin qarşısında dayanıblar. Komandirlərdən heç kəs onları qəbul etməyib. Anaya oğlu ilə görüşə icazə vermək istəmirlərmiş, çətinliklə buna nail olub- Zülfüqarı 3 nəfər əsgər qolları üstə gətirib qapıya. Hərbi hissədən etiraf ediblər ki, oğlum burada saxlanılmalı xəstə deyil. Amma sağlam adıyla hissəyə qəbul etdiklərindən və daşıyıcısı olduğu xəstəlik yeni yaranmadığından hospitala da göndərə bilmirlər”.

DÖVLƏT XİDMƏTİNİN NÜMAYƏNDƏSİ İDDİALARI ƏSASSIZ HESAB EDİR

AzadlıqRadiosunun sorğusunu cavablandıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Saatlı rayon şöbəsinin rəisi Şamil Teymurov hərbi xidmətə göndərdikləri Zülfüqar Qurbanovun səhhətində həqiqətən problem olduğunu təsdiqləyir:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Saatlı rayon şöbəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Saatlı rayon şöbəsi
“Vətəndaşın sağlamlıq durumunda müəyyən problemlər var. Amma çağırışçıların sağlamlıq vəziyyətindən asılı olaraq onlar müəyyən məhdudiyyətlə hərbi xidmətə cəlb edilir. Zülfüqar Qurbanov barədə onun arxa cəhbədə, A-3 kateqoriyası üzrə məhdudiyyətlərlə xidmətə yararlılığına dair rəy olub. Bu rəyi bizim heç bir müdaxiləmiz olmadan ekspertizanı keçirən həkim komissiyası verib. Vətəndaş rəydən narazıdırsa, şikayət edə, oğlunun təkrar müayinə olunmasını tələb edə bilər. O ki, qaldı Kardiologiya İnstitutu tərəfindən iki fərqli akt verilməsi barədə iddiaya, bu barədə məlumatım yoxdur”.

“XİDMƏTƏ UYĞUN OLMASAYDI, HƏRBİ HİSSƏDƏN GERİ QAYTARILARDI”

SHXÇ DX-nin Saatlı şöbəsi tərəfindən təşkil edilmiş hərbi-həkim komissiyasının sədri Məmmədtağı Qarayev bildirir ki, 16 yaşı tamam olan oğlanların ilkin hərbi qeydiyyatı aparılır və şəhadətləndirilməsinə qədər, onlara hər il tibbi baxış keçirilir:

“Bizim apardığımız baxış, müayinə öz yerində, amma vətəndaş da narahatlığını bildirməlidir. Yeniyetmə və gənclik yaşının xüsusiyyəti olaraq qürura sığışdırmamaqdan və əsgəri xidmət arzusundan irəli gələrək, əksər uşaqlar sağlamlıq durumundakı problemləri gizlədir.
Qeydiyyata götürüləndən hərbi xidmətə çağrılanadək Zülfüqar Qurbanovun heç bir şikayəti olmayıb. Yalnız çağırış vaxtı çatanda müayinə zamanı onun sağlamlıq durumu ilə bağlı narahatlıq üzə çıxdı. Müayinə aktında qeyd edilənlər onun “A” kateqoriyasına, yəni həqiqi hərbi xidmətə yararlı hesab edilməsinə uyğun gəlir.

Yeni nazirin əmri ilə hazırda vətəndaşlar göndərildiyi xidmət yerində də tibbi baxışdan keçirilir. Əgər kiminsə səhhətində, onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişəcək uyğunsuzluq aşkar edilirsə, həmin şəxs dərhal geri qaytarılır”.

BİZDƏ KURORT TİPLİ HƏRBİ HİSSƏ VARMI?

Qeyd edək ki, əsgər Zülfüqar Qurbanov barədə “neyrosirkulyator distoniya (kardial tipi)” diaqnozu qoyulub. Bu xəstəlik arterial təzyiqin mövcud dəyişiklikləri olmadan ürək döyünməsi, ürəkdə qeyri-müntəzəmlik, fiziki yüklənmə zamanı təngnəfəslik, ürək fəaliyyətinin pozulması, taxikardiya və s. ilə xarakterizə edilir. Həmin xəstəlikdən əziyyət çəkən şəxslərə normal həyat şəraiti yaradılmalı, möhkəmlənmə proseduraları, idman, fiziki məşğələlər, baleoterapiya (mədən suları və palçıqla müalicə), fizioterapiya, sanator kurort müalicəsi təyin edilir.

Oğlunun daşıyıcısı olduğu xəstəlik və onun müalicəsi üçün tibbi göstərişlər barədə təzəlikcə bilgi əldə edən Yadigar Qurbanovun narahatlığı daha da artıb: “Əgər belə xəstələri əsgər aparırlarsa, onda gərək xidmət keçdikləri hərbi hissədəki şərait də kurortdakı kimi ola. Bizdə eləsi varmı?”
XS
SM
MD
LG