Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:24

Azərbaycanda pensiya sisteminin özəllikləri...


Foto: Arxiv
Foto: Arxiv
-
«Pensiya artsın, ancaq ərzaq qiymətləri yerində qalsın. Pensiyaya baxan adamam. Ayda 160 manat pensiya alıram, kvartalda 600 manat müalicəyə gedir. Görür-görmür?».

Bunu Bakı küçələrindən birində lotereya biletləri satan Mirəli Quliyev deyir. Ancaq ayda 120 manat alan təqaüdçülər ona həsəd apara bilərlər.

«ƏMƏK HAQLARI TAM LEQALLAŞARSA»

Zaman-zaman ölkədə pensiya təminatının yaxşılaşdırılması üçün islahatlar vəd olunur. Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondu pensiya təminatı islahatları konsepsiyasını Prezident Administrasiyasına təqdim edib. Fond rəhbəri Elman Mehdiyev bildirib ki, iş yerlərində ödənilən əmək haqları tam leqallaşdırılsa, pensiyaları artırmaq mümkündür. Fond sədrinin dediyinə görə, aparılan tədbirlər nəticəsində ötən il 600 mindən çox şəxs əlavə qeydiyyata götürülüb. Bununla sığortaolunanların sayı 2 milyon 630 mini ötüb:

«Xüsusilə əmək haqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir. Bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı sayılır. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir. O, işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır. Hər il indeksləşdirilərək artırılır».

«MÜƏSSİSƏNİN SOSİAL FONDU OLMALIDIR»

İqtisadçı ekspert Oqtay Haqverdiyev deyir ki, Pensiya Fondunun müəssisələrdən yığım əmsalı cəmi 60 faizdir. Belə ki, müəssisələr bu fonda əməkhaqqı fondundan 25 faiz ödəniş etməlidir. İqtisadçı gizli iqtisadiyyat səbəbindən fondun yığımı 100 faiz həyata keçirə bilmədiyini və hər il büdcədən fonda ciddi məbləğin transfer olunduğunu söyləyir.
Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev
Ekspert çıxış yolu kimi sosial ayırmaları artırmağı vacib sayır:

«Məsələn, 200-300 nəfərlik toya gedirsiz, 30-40 nəfər ofisiant qulluq göstərir. Onların cəmi 3-5-i qol çəkib maaş alır, yəni rəsmi işə götürülüb. Qalanlar günə 20 manatını alır, vergi-zad vermir. Halbuki müəssisəsinin sosial fondu olmalıdır».

SABUN KÖPÜYÜ KİMİ BİR FOND

Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümov hələ ötən il deyirdi ki, sığorta pensiya sisteminin 2009-2015-ci illər üzrə İnkişafı Dövlət Proqramı özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. O cümlədən qanunvericilik bazasının formalaşdırılmasını. Onun bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondu Dünya Bankı ilə birlikdə hazırda böyük bir layihə üzərində işləyir. Bu layihələrin elementlərindən biri də həmin qanunvericilik bazasını formalaşdırmaqdır:

«Özəl pensiya fondlarının formalaşdırılması çox çətin prosesdir. Pensiya fondları yaradılarsa, onlar öz vəsaitlərini necə yerləşdirəcək və idarəetməni necə həyata keçirəcək, gəlir necə təmin olunacaq? Yəni orta sabun köpüyü kimi bir fond yaranacaq. Sabah o, vəsait yerləşdirə bilməyəndə pensiya yaşı çatan şəxsə öz fondundan pensiya vermək üçün vəsaiti haradan alacaq?
Səlim Müslümov
Səlim Müslümov
Bunların hamısını təmin etmək lazımdır. Bunun üçün də qanunvericilik çox ciddi formada formalaşdırılmalıdır. Oraya verilən vəsaitlərin təkrar sığortası məsələləri də xüsusi olaraq nəzərdə tutulmalıdır».

Şərti yığım fonduna sığortaolunanlar könüllü vəsait ödəyirlər. Pensiya yaşına çatanda isə əvvəldən bəlli olan məbləğdə əmək təqaüdü alırlar. Həmin məbləği pensiya fondu da yığa bilər, qeyri-dövlət pensiya fondları da. Oqtay Haqverdiyev deyir ki, özəl fondlar 60 yaşdan yuxarı şəxslərə sərf etməsə də, 30-40 yaşda olanlar 30-40 ilə xeyli vəsait toplaya bilərlər. Pensiyaya çıxanda məbləğ hesablanır, özəl pensiya fonduna yığılan isə birdəfəlik hesablanıb verilir:

«Həmin fonda 100 manat keçirən pensiyaya çıxanda, dövlət tərəfdən də üstünə 100 manat əlavə olunur. Dövlətin burada qazancı odur ki, bankda saxlanan pulun 6 faizini dövriyyəyə buraxıb, ondan qazanır».

«ÖZƏL FONDLARIN YARADILMASINDA ƏNGƏLLƏR VAR»

İqtisadçı ekspert Əli Hacıyev özəl pensiya fondlarının yaradılmasını ölkə üçün zəruri sayır. Ekspertin fikrincə, bu fondlar iqtisadiyyatın, özəlliklə istehsalın inkişafından, orta əməkhaqqının artırılmasından asılıdır.
Foto: Arxiv
Foto: Arxiv
Əli Hacıyev deyir ki, iqtisadiyyatda rəqabət mühiti yaradılmalı, dövlət himayəçilik etməlidir, vergi güzəştləri tətbiq olunmalıdır. Ancaq hər şeydən öncə əhalidə inam olmalıdır:

«Bir zamanlar çek investisiya fondu yaradıldı. Bütün dünyada özünü doğrultdu, ancaq bizdə alınmadı. Çünki normativ hüquqi bazası yaradılmamışdı. Təəssüf ki, Pensiya Fondu da dövlət inhisarında olduğundan özəl fondların yaradılmasında əngəllər var».

İqtisadçı Oqtay Haqverdiyev isə özəl pensiya fondlarının işində şəffaflığı vacib sayır:

«Bir ildən sonra elan edilməlidir ki, 5-10 milyon pul köçürülüb, «bu pula dəymirik, pensiyaya çıxanda hamısına paylayacağıq». Yəni şəffaflıq olmalıdır. İstifadə olunanda da deyilməlidir ki, bu pula məktəb tikildi və sairə».

İqtisadçılar özəl fondların yaradılmasını eksperiment şəklində, lokal qaydada, müəyyən rayonlar, bələdiyyələr üzrə həyata keçirilə bilinəcəyini də istisna etmirlər.

Ötən il sentyabrın 1-dən Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsi 85 manatdan 100 manata çatdırılıb.
XS
SM
MD
LG