Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:04

Yeni nazir kimini sevindirdi, kimini əliboş yola saldı


Səidə Səfərova
Səidə Səfərova
-
«Ərzağın qiyməti qalxıb, pensiya, ünvanlı sosial yardım isə yox. Siyəzən rayonunda adamların yaşayışı çox pisdir. İstəyirəm Müslümə deyəm ki, ay Müslüm, ay oğlum, ərzağın qiymətini qaldırmaqdansa, birinci camaatın maaşını, pensiyasını, ünvanlı sosial yardımını qaldırın. Adamlar dilənçi vəziyyətindədir».

Dekabrın 6-da Siyəzən rayon Sosial Müdafiə Mərkəzi qarşısında gözləyən Səidə Səfərovanın nazir Səlim Müslümova deyəcəkləri vardı. Ancaq binadan çıxan İlhadə Əliyevanın qəbula düşə bilməməsi ora yığışanların da ovqatını bir xeyli korladı.

- Nazir qəbul etdi sizi?

- Heç yaxın da buraxmadılar...

- Probleminiz nə idi ki?..

- Ünvanlı sosial yardım. İki il aldım, bu il kəsdilər. Dedilər ki, yaşadığınız ünvanda qeydiyyatda olanlar işləyir. Onların pullarını mənə hesablayıb ünvanlı sosial yardım vermədilər. Yoldaşım Siyəzən Quşçuluq Fabrikində işləyir, 120 manat maaş alır. Bu qazancla 5 nəfərlik ailə dolana bilər? Yaşadığımız ünvanda qeydiyyatda olanların hərəsinin ayrıca ailə təsərrüfatı var. Qazancları da özlərinə görədir, bundan bizə nə?..

GÖRÜŞ YERİ DƏYİŞƏNDƏ...

Nazirin qəbuluna düşmək üçün mərkəzin qarşısına azı yüz nəfər yığışmışdı. Bu say çox da ola bilərdi, Səlim Müslümovun əvvəlcədən təyin olunmuş görüş yeri son anda dəyişməsəydi... Bir neçə gün əvvəl elan verilmişdi ki, nazirin qəbulu Şabranda keçiriləcək, adamlar da əvvəl ora yığışmışdılar. Ancaq qəflətən bildirilib ki, nazir Şabrana yox, Siyəzənə gəlib. Beləcə, toplaşanların yarısı dağılışıb, yarısı da Siyəzənə üz tutub.

«CƏNAB NAZİR, HEÇ NƏYİMİZ YOXDUR»

Hərbi xidmətdə sağlamlığını itirmiş bir vətəndaş nazirə sənədlərini əldə edə bilməməsindən şikayətlənirdi.

Nazir:

- Sarcalı xəstəxanası Müdafiə Nazirliyinə tabedir, deyəsən... (Sosial müdafiə mərkəzinin direktoruna tapşırıq verir): - Bu adamın sənədlərini hazırla, mən özüm müdafiə naziri Həsənova zəng edib mütləq danışaram.

Səlim Müslümov
Səlim Müslümov
Ancaq, deyəsən, ailənin problemi bununla bitmir. Həyat yoldaşı nazirdən mənzil istəyir:

- Evimiz yoxdur. Qayınatamgilin evində iki uşaqla kiçik bir otağa sığınmışıq.

Nazir:


- Vallah, bu məsələdə mən sizə yalandan söz verə bilmərəm. Başqa bir istəyiniz var?

- Həyat yoldaşım 66 manat pensiya alır, özüm də 110 manat maaş alıram.

- Neçə uşağınız var?

- İki.

Mərkəzin direktoru müdaxilə edir:

- Uşağı da pensiya alır, cənab nazir.

Qadın:

- Heç bir şeyimiz yoxdur, cənab nazir. Nə evimiz, nə pay torpağımız, heç yerdə qeydiyyatımız da yoxdur. Heç bu uşağı müalicə etdirməyə imkanım da yoxdur.

- Xızıda yaşayırsız?

- Bəli. Bura gələndə də taksi tutub gəlmişəm. İmkansız adamam.

ARABA PROBLEMİ HƏLLİNİ TAPDI

Nazir qadının maaşını, həyat yoldaşının və övladının əlillik təqaüdlərinin məbləğini xəbər alır və hesablama aparır. Üzünü mərkəzin direktoruna tutur:
«Həyat yoldaşım 66 manat pensiya alır, özüm də 110 manat maaş alıram».
«Həyat yoldaşım 66 manat pensiya alır, özüm də 110 manat maaş alıram».

- Ümumilikdə 242 manat. 4 adam 242 manata yaşayır. Zəhmət çək, ərizəsini al, bu ailəyə ünvanlı sosial yardım təyin et. Eşitdin?

- Baş üstə.

- Səncə o bu vəziyyətdə işləyə bilər? Əlbəttə ki, yox. Odur ki, ərizəsini götür...

Ancaq bununla da ailənin problemləri bitmirdi. Nazirdən əlil arabası istənilirdi:

- Baxın, cənab nazir, həyat yoldaşım yerlə sürünməkdən yanları yara töküb. Bədənində şişlər də əmələ gəlib, düz çənəsinə kimi şişin içərisindədir...

Nazir:

- Yəqin, sürünəndə qollarını, bədənini gücə salır. (Üzünü yenə mərkəzin direktoruna tutur): - Bir dənə təzə əlil arabası da verin bu xəstəyə.

Əlilin araba problemi elə oradaca həllini tapır. Nazir söz verir ki, gələn il ona bundan da yaxşı araba verəcək.

Günortadan xeyli keçmişdi. Nazir hələ də qəbula gələnləri dinləyib tapşırıqlarını verirdi. Sosial müdafiə mərkəzinin binasından kimisi üz-gözündə ümid işıltısıyla, kimisi küskün çıxırdı...
XS
SM
MD
LG