Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:36

Azərbaycana Avropa çempionu adını qazandıran şahmatçı yanvarın 14-də dəfn ediləcək


-
– Əgər onu tanısaydım, görsəydim, ondan çox şey öyrənə bilərdim. Azərbaycan böyük bir insanı itirdi.

– Vüqar Həşimov bizim güclü şahmatçılarımızdan biri idi. Heyf ki, o gənc yaşında vəfat etdi. Biz ondan çox şey öyrənmək şansımızı itirdik.

13 yaşlı Elçin Məhərrəmli və 12 yaşlı Kamal Həşimzadə həmyaşıdlarının Vüqar Həşimovdan öyrənmək şansını itirmələrinə təəssüflənirdilər. Onlar Bakı Şahmat Klubunun qarşısına yığışıb bu itkinin acısını paylaşırdılar.

Azərbaycan yığma komandasında Vüqar Həşimovun məşqçisi olmuş Fikrət Sideyifzadə deyir ki, mərhum öz uğurlarına onun gözü qarşısında imza atıb. 1996-cı ildən Avropa və dünya çempionatlarına getməyə başlayıb. İlk yarışlarından medal qazanıb. 2002-ci ilədək yeniyetmələr arasında Avropa və dünya çempionatlarına qatılıb. Bu müddətdə müxtəlif əyarlı 7 medal qazanıb. Kişilər arasında Azərbaycan çempionu olandan sonra – 2001-ci ildən milli komandaya cəlb olunub:

«AZƏRBAYCAN ŞAHMATI İKİ-ÜÇ SÜTUNUNDAN BİRİNİ İTİRDİ»

«Onu 9 yaşından tanıyırdım. Yaşına görə kifayət qədər istedadlı idi. Şahmatda yüksək yerlərə çıxa bilən bir şahmatçı olacağı bilinirdi. İstedadından başqa şahmata böyük sevgisi, işgüzarlığı, çalışqanlığı və özünə tənqidi yanaşması onu xarakterizə edən keyfiyyətlərdən idi. Uzun müddət dünyada 10 şahmatçı arasına daxil olub. 2009-cu ildə hətta dünya reytinq cədvəlində 6-cı yerə çıxıb. Böyük şahmatçını itirdik. Azərbaycan şahmatı iki-üç sütundan birini itirdi. Elə adamlar 50 ildə bir gəlir, ya gəlmir».

Vüqar Həşimov
Vüqar Həşimov
Vüqarın ailə üzvləri Almaniyadadır. Ata-anası və qardaşı onun cənazəsini gətirməyə gediblər. Bacısı Samirə Allahverdiyeva itkinin təsirindən çətinliklə danışır:

«Vüqar sonbeşiyimiz idi. İlk müəllimi atam olmuşdu. Onu şahmata gətirən atam oldu. Heç nə danışacağımı bilmirəm ki? Bütün sözlərim yox olub. 27 yaşı olsa da, uşaq kimi idi. Bu insanda kin deyilən şey yox idi. Desəm günahı yox idi, Allaha ağır gedər. Onun heç bir günahı yox idi. Heç ağlaya da bilmirəm».

Dayısı qızı Vəfa Müslümova danışır ki, Vüqarın uğurlarına uşaq yaşlarından öyrəşiblərmiş. Xəstəliyinin şiddətlənəcəyini gözləmirlərmiş:

«Çox ailəcanlı, qohumcanlı, gülərüz, zarafatcıl gənc idi. İndi onun haqqında danışmaq bizə çətindir. O gedirdi, yarışlarda uğurlar qazanırdı. Biz bütün bunlara gülməli baxırdıq. Deyirdik uşaqdır. Sonra 9 yaşında Azərbaycan çempionu oldu. İnanmadıq. Amma deyirdi görürsünüz, mən Vüqaram. İki il bundan onda əvvəl xoşxassəli şiş aşkar oldu. Müalicələr aldı. Yaxşıydı, may ayında vəziyyəti pisləşdi, ondan sonra heç ayağa durmadı».

«MƏN HƏYAT UĞRUNDA MÜBARİZƏ APARIRAM»

İdman şərhçiləri onun qeyri-adi oyun texnikasından söz açırlar. «Futbol+» qəzetinin şərhçisi Sərxan Musayev danışır ki, onun universal oyun tərzi dərhal sezilirdi:

«Azərbaycanda 2-3 üzdə olan şahmatçı vardı, onlardan biri də Vüqar Həşimov idi. Aydın məsələdir ki, bir də onun yerinə heç kəs gələ bilməz. 27 yaşında hansı uğurları qazanmadı? Yığmamızın Avropa çempionu adını qazanmasında onun böyük əməyi olmuşdu. Az qala 5 saat sürən oyunda hollandiyalı rəqibinə qalib gəlmişdi. Beləcə, yığmamız Avropa çempionu olmasını bayram elədi. O, müsahibələrində həmişə deyirdi ki, mən həyat uğrunda mübarizə aparıram. Həyatda devizim odur ki, heç vaxt təslim olma. Xəstəliyi olmasaydı, o daha böyük uğurlara imza ata bilərdi.
Vüqar Həşimov
Vüqar Həşimov
Çünki onun fərqli oyun texnikası, fərqli üslubu vardı, universal şahmatçı idi».

Vüqar Həşimovun ölümü dünyanın idman mediasında, özəlliklə şahmatla bağlı həftəlik və saytlarda geniş şərh olunur. weekinchess.com saytı ən yüksək reytinqli şahmatçı və şərhçilərin Azərbaycan şahmatçısına dair fikirlərinə yer ayırıb.

MƏŞHUR ŞAHMATÇILAR VÜQAR HƏŞİMOVUN ÖLÜMÜNƏ REAKSİYA VERİBLƏR

Hər il Hollandiyanın Veyk an Ze şəhərində keçirilən və ən güclü şahmatçıların qatıldığı nüfuzlu turnirlərdən biri Vüqar Həşimovun xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlayıb.

Şahmatçıların dünya reytinq cədvəlində dünya çempionu Magnus Carlsen-dən sonra ikinci mövqedə olan Ermənistan şahmatçısı Levon Aronian Vüqar Həşimovun ölüm ilə bağlı bunları deyib:

«Bu, çox qəmli xəbərdir. Azərbaycanlı şahmatçılardan bilirdim ki, səhhətində ciddi problemlər var. Belə istedadlı bir oyunçunun bu yaşda dünyasını dəyişməsi böyük dərddir. Çox kədərliyəm. Yaxşı yoldaş idi, bir neçə maraqlı oyunlarımız da olmuşdu onunla».

Gənc şahmatçılardan Sergey Karyagin deyib ki, Vüqar Həşimov onun ən yaxın dostu idi:

«Bu xəbəri eşidəndə çox sarsıldım. Birinci turun oyununa gedirdim. Oynamaq əzmim qırıldı. Bəxtimdən rəqibim mənə şans verdi, qalib gəldim. Oyun boyunca Vüqar Həşimovla dostluq anlarımı fikrimdən çıxara bilmədim».

Azərbaycan şahmatçılarından Qədir Hüseynov yazır ki, «bəlkə də çoxları bilmir. 2011-ci ildə Avropa çempionatında Fransa ilə oyunda Vüqar ilk dəfə özünü pis hiss edəndə komandanın kapitanı onu növbəti turnirdə oynamasını istəmirdi. Ancaq öz ölkəsini və komandasını sevən bir insan kimi qəti şəkildə dedi ki, yox, mən oynayacağam. Növbəti oyunda Azərbaycan ən güclü Rusiya komandasına qalib gəldi. Sonrakı turlarda da Vüqar çox qiymətli xallar qazandı. Nəticədə Azərbaycan bürünc medal qazandı. O, sadəcə, öz ölkəsini çox sevirdi. Həm də təkcə sözdə yox – pulsuz rayonlara gedir, uşaqlar üçün ustad dərsləri keçir, gənc şahmatçılara seanslar verirdi. Özünün şahmat analizlərini səxavətlə komanda yoldaşları ilə paylaşırdı».
Magnus Carlsen
Magnus Carlsen

DÜNYA ÇEMPİONU MAGNUS CARLSEN: «ƏN İSTEDADLI VƏ QEYRİ-ADİ ŞAHMATÇILARDAN İDİ»

ABŞ şahmatçısı Hikaru Nakamura yazır ki, «Vüqar Həşimov çox yaradıcı və parlaq şahmatçı idi. Onun oyunları heç vaxt unudulmayacaq».

Dünya çempionu Magnus Carlsen öz facebook səhifəsində bunları yazıb: «Vüqar Həşimovun ölüm xəbərindən çox sarsıldım. Ən istedadlı və qeyri-adi şahmatçılardan biri idi. Həmişə hamı ilə dostca davranırdı. Çox gülərüz idi. Onunla bağlı çox yaxşı xatirələrim var... Amber turnirində mənə qalib gəldiyini də xatırlayıram».

Vüqar Həşimov 6 yaşından şahmat oynamağa başlayıb. 1999-cu ildə beynəlxalq usta adını qazanıb. 2002-ci ildə qrossmeyster olub. 2009-cu ildə karyerasının ən pik nöqtəsinə çatıb. Dünya reytinqində 6-cı mövqeyə yüksəlib. O, həmin il Azərbaycana Avropa çempionu adını gətirən son bir xalı da qazandırıb. O qalib gəlsəydi Azərbaycan, heç-heçə etsəydi, Rusiya çempion olurdu. Onda Vüqar qalib gəldi və Azərbaycan Avropa çempionu oldu.

Vüqar Həşimov yanvarın 14-də Bakıda dəfn olunacaq. Onunla vida mərasimi saat 11.00-dan 15.00-dək Şahmat Mərkəzində keçiriləcək.
XS
SM
MD
LG