Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:39

Bakı bazarlarında «nisyə dəftəri» göründü…


Bakı bazarlarında «nisyə dəftəri» göründü…
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Bakı bazarlarında «nisyə dəftəri» göründü…

-
Paytaxt bazarlarında son günlərin ən bahalı məhsullarının yarışı keçirilsəydi, ilk 2 yeri kartof və yumurta tuta bilərdi. Amma ilk baxışda, çünki «lider»liyə iddialı başqa ərzaqlar da var.

Dekabrda yanacaq 30 faiz bahalaşandan sonra ərzağın da qiyməti, qəpik-qəpik də olsa, yüksəlməyə başladı. İki bahalaşma halının üst-üstə düşməsi də diqqətdən qaçmamalıdır – son illər Azərbaycanda bayramöncəsi qiymət artımı ənənəyə çevrildiyindən Yeni il bayramıyla yanacaq artımı eyni vaxta təsadüf edib. Bu fakt bazara ikiqat təsir göstərib.

«ƏLİNİ CİBİNƏ SALAN AZDIR»

Bəs bayramdan sonra bazarda vəziyyət necədir? AzadlıqRadiosunun müxbiri Bakının mərkəzində yerləşən bazara baş çəkib.

…Hər piştaxtanın üstü tərəvəz məhsulları və mer-meyvə ilə doludur. Müxtəlif çərəzlər, meyvə quruları uzaqdan adama gəl-gəl deyir. Qışın bu oğlan çağında ürəyindən çiyələk keçsə, o da var – yetər ki əlin cibində olsun. Amma əlini cibinə salan azdır. Satıcı Əlvarad kişi belə düşünür və üstəlik, bir gileyini də dilə gətirir ki, camaat pensiya alandan alana bazarlıq edir:

«O da nə pensiyadır? Mən 143 manat pensiya alıram. Bununla necə dolana bilərəm? Biz prezidenti dəstəklədik ki, pensiyamızı qaldırsın. Nazirin əməkhaqqını qaldırınca, bizim pensiyamızı qaldırsın. Yazıqlar iki-üç dəfə bazara gəlirlər, bir də baxırlar ki, pul qurtardı. Ondan sonra nisyə dəftərinə yazılırlar...».

«BU NİSYƏ DƏFTƏRİNİ İNDİ TUTMUŞUQ»

Əlvarad kişi nisyə dəftərini də göstərir. Adların önündə müxtəlif rəqəmlər əks olunub:

«Nisyə verməyə məcburuq. Həm onlar alsın, həm də biz malımızı sataq. Bu nisyə dəftərini indi tutmuşuq, benzinin qiyməti qalxandan sonra. Bax, bu kökü 50 qəpiyə satmışam, indi özümə 60 qəpiyə satırlar. Mən də üstünə 20-30 qəpik qoymağa məcburam. Əvvəl maşın Yaşıl Bazardan malı 3 manata gətirirdi, indi 6 manat istəyir ki, benzin qalxıb…».

Əlvarad kişi malın üstünə çox pul qoymadıqlarını vurğulayır:

«Əvvəl də 20 qəpik qoyurdum, indi də. Amma əvvəl gündə bir kisə sata bilirdim, indi o kisəni bir həftəyə satıram».

Yalnız yerli məhsul satdığını söyləyən Seyidana Əliyeva da alıcıların sayca kəskin azalmasından gileylənir. Amma dərdi birdən-birə deyil, tədricən açılır:

- Biz malın üstünə 20-30 qəpik qoyuruq.

- Ən çox nə bahalanıb?

- Kartof. Ən çox bahalanan kartofdur.

Amma bazarda kök, çuğundur, soğan, kələm kimi gündəlik mövsümi məhsullar da bahalanıb.

Alıcı İdris Məmmədov əlindəki göyərtini göstərib deyir:

«3 dəstəyə 1 manat vermişəm. Biri 33 qəpikdən düşür. Özü nap-nazik dəstələrdi...».

«TULLANASI KARTOFA 1 MANAT VERMİŞİK»

Şəhərin mərkəzində kiçik kafe işlədən Abbas əlindəki hərəsi təxminən 2-3 kq olan pomidor, ət, kartof torbalarını göstərir:

«Hər gün bazara gəlirik. Əgər əvvəl 20-30 manat verirdiksə, indi 45 manat vermişik. Kartofu, soğanı əvvəl keyfiyyətinə görə 70-80 qəpiyə alardıq... İndi tullanası kartofa 1 manat vermişik. Pomidor 2 manat 50 qəpik idi, zorla, yalvar-yaxar, endirdik 2.20-yə».

«BUNU NORMAL QARŞILAMAQ LAZIMDIR»

Əlindəki siyahı əsasında alış-verişə çıxmış Səid Əliyev satıcıdan qiymət soruşmadan mal seçir. O deyir ki, bazarlığa səhər-səhər gələndən ötrü qiymət yox, malın keyfiyyəti əsasdır. Qiymətlərin qalxmasından narazılığı qəbul etmir. Onun fikrincə, mövsümə uyğun qiymətlərdir:

- Dünyada elə bir yer yoxdur ki, qiymətlər stabil qalsın. Bunu normal qarşılamaq lazımdır. Mövsüm var, bunun müəyyən xərcləri var. Yerli məhsulların qiymətcə bahalığı təbiidir. Mən özüm həmişə yerli məhsul alıram, çünki bilirəm ki, bizim məmləkətdə məhsulun yetişdirilməsində kimyəvi preparatlardan, hormonlardan istifadə olunmur.

- Həftədə neçə dəfə gəlirsiniz bazara?

- Bir dəfə.

- Sirr deyilsə, nə qədər xərcləyirsiniz?

- Baxır bazarlığa və baxır hansı meyvələrdən alıram. 30-40-50 manat xərclədiyim olur.

Kənd Təsərrüfatı Nazirliyi bazar qiymətlərinin tənzimləmək üçün Bakıda yenə məhsul yarmarkaları keçirəcək. Bu barədə nazirliyin saytında məlumat verilib. Bildirilir ki, hər həftənin şənbə və bazar günləri paytaxt rayonlarında yarmarkalar fəaliyyət göstərəcək.
XS
SM
MD
LG