Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:10

Rasət Pirisoyunun yeni romanından parça


Rasət Pirisoyu
Rasət Pirisoyu
-

- Məcazi o deməkdir ki, əslində ortada nə qətl olur, nə də qatil… öldürülməli adam da öldürülmür, adam diri qalır, amma bu diri adamın başına elə bir oyun açırlar ki, bu, diri adamı öldürməkdən də betər olur...


Rasət Pirisoyu


YUBILEY

(Romandan parça)
Yubiley -
Yu!... biley!...

(F.S.)

BAŞÇI

-Nə var, nə yox?

İş günü çoxdan başa çatmışdı, axşam çoxdan düşmüşdü. İcra hakimiyyətində başçıdan və bir də Dadaşbala Qəhrəmanovdan savayı heç kəs qalmamışdı.

-Sağlığınız, Sərxan müəllim.

-Yenə də olsun!

Bu o demək idi ki, Dadaşbala Qəhrəmanov hətta ciddi hesab eləmədiyi xəbərləri də başçıya çatdıra və ondan tapşırıq ala bilərdi..

Başçı qarşısındakı müxtəlif cərəzlərlə dolu vazadan qoz ləpəsi götürüb ağzına atdı:

-Sən də ye…

Bu isə o demək idi ki, başçı onu daha yaxına, arxasında əyləşdiyi stolunun qabağındakı stula dəvət edirdi.

O keçib başçı ilə üzbəüz əyləşdi.

Başçı soruşdu:

-Bu Cavanşir Aslanoğlu kimdir?

Dadaşbala Qəhrəmanovun dalağı sancdı. Cavanşir Aslanoğlu bir on-on beş gün əvvəl onun qəbuluna gəlmişdi. Yubileyinin keçirilməsini istəyirdi. Özü də iddialı gəlmişdi. Türkiyədə təzəcə çapdan çıxmış kitabını da özü ilə gətirmişdi:

-İndi heç kəs deyə bilməz ki, Cavanşir Aslanoğlu əyalət yazıçısıdır. Artıq mənim yaradıcılığıma beynəlxalq maraq durmadan artır.

Dadaşbala Qəhrəmanov kitabı əlinə alıb samballamışdı, ora-burasını vərəqləmişdi, gözucu Cavanşir Aslanoğlunun sifətinə baxmışdı, Cavanşir Aslanoğlunun sifətindəki ifadə Dadaşbala Qəhrəmanovun atasına od vurmuşdu.

Dadaşbala Qəhrəmanov təbrik əvəzinə Cavanşir Aslanoğlunu sancmaq qərarına gəlmişdi.

-Bunu niyə belə ucuz kağızda çap eləyiblər?

Dadaşbala Qəhrəmanovla Cavanşir Aslanoğlu çoxdanın tanışıydılar. Demək olar ki, bir yerdə böyümüşdülər. 80-ci illərdə rayonda fəaliyyət göstərən ədəbi birliyə bir yerdə getmişdilər.

Necə deyərlər, bir yerdə yazıb yaratmışdılar. Dadaşbala Qəhrəmanov mətbuatda bir-iki hekayə çap etdirəndən sonra yazmağın daşını birdəfəlik atıb partiya işinə keçmişdi.

Cavanşir Aslanoğlu isə sovet dövləti dağılana qədər mətbuatda bir babat yazı çap etdirə bilməsə də, elə hey yazmışdı.

Azərbaycan müstəqillik qazanandan sonra Cavanşir Aslanoğlunun yaradıcılığı, bir vaxtlar deyildiyi kimi, əməlli- başlı çiçəklənməyə başlamışdı.

-Yəqin parasını az eləmisən, kağızın ucuzluğu yəqin ondandır, ay xətakar.

Cavanşir Aslanoğlunun əhvalı doğrudan da pozulmuşdu.

-Demokratik ölkələrdə para ciddi önəm daşımır… - Cavanşir Aslanoğlu öz aləmində Dadaşbala Qəhrəmanova və Dadaşbala Qəhrəmanovun timsalında onun nümayəndəsi olduğu hakimiyyətə borclu qalmaq istəməmişdi.

Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun sözünü yarıda kəsib kitabın üz qabığını qulaqlayıb yuxarı qaldırmışdı:

-Bunun cildi də pis gündədir ki…

-Nolluub kiii?

-Bir babat cildləmə işi apara bilmirdimi nəşriyyat?

Cavanşir Aslanoğlu özünü ələ almışdı:

-Kitabın cildini qalınlatmaq, xüsusi kağızda çaplamaq sovet ideolojisindən gəlmə bir şey idi. Axı o vaxtlar, bir qayda olaraq, sovet kitablarının içərisində heç nə olmurdu, ona görə də nəşriyyatlar kitabın cildi, kağızı ilə oxucuları aldatmaq yolu tuturdu.

Amma demokratik ölkələrdə əsas kitabın içərisindəkilərdir. Onlarda kitabın cildinə, kağızına bir o qədər əhəmiyyət vermirlər. Heç buna ehtiyac yoxdur.
Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun izahından sonra - «aha»- eləyib əlini çənəsinə qoymuşdu və gözlərini Cavanşir Aslanoğlunun gözlərinə dikmişdi.

-İzah üçün çox sağ ol. İzahını başa düşdük. İndi gəlişinin qəmbərqulusunu de.

Cavanşir Aslanoğlu aylarla düşündüyü uzun bir sicilləmə başlamışdı. O sicilləmədə yazıçının cəmiyyətdə yeri haqqında mülahizələr öz əksini tapmışdı və yazıçının yubileyinə dəqqət cəlb etməyin xüsusi, həm də dövləti əhəmiyyət kəsb etdiyi əsaslandırılmışdı və Dadaşbala Qəhrəmanov başa düşmüşdü ki, Cavanşir Aslanoğlu yubileyinin keçirilməsini istəyir.

Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun bir- birindən uzun, nöqtəsi ilə vergülü bir-birinə qarışan, ayağı ilə başı arasında tez - tez əlaqəsi itən cümlələrini kəsərək soruşmuşdu:

- Neçə yaşın var?

-Altmışa bir neçə ay qalıb?

-Sən istəyirsən ki, biz yubileyini keçirək?

Sualından sonra Cavanşir Aslanoğlu Dadaşbala Qəhrəmanova elə bir şey demişdi ki, Dadaşbala Qəhrəmanov qalxıb Cavanşir Aslanoğlunu ayaq altına salmaqdan özünü zorla saxlamışdı:

- Bu təkcə mənim deyil, həm də mənim çoxsaylı oxucularımın arzusudur və yazıçının yubileyinə diqqət, xüsusən də əyalətlərdə, xalqla yazıçı, yazıçı ilə dövlət arasında əlaqəni gücləndirən, ümummilli əhəmiyyət kəsb edən bir məsələdəir.

Dadaşbala Qəhrəmanov Cavanşir Aslanoğlunun yarısı qızarmış, yarısı bozarmış sifətinə baxa-baxa bütün hirsini - hikkəsini içində boğub, üzünə mülayim ifadə vermişdi, hətta bir balaca gülümsəmişdi:

-Sən bilirsən ki, hər bir işdə olduğu kimi, bu işdə də son söz başçıya məxsusudur. Ona görə də mən sənə heç bir vəd verə bilməyəcəyəm. Amma başçı sənin xeyrinə bir kəlmə xoş söz desə, o sözdən tutub sənin xeyrinə dastan bağlamayan köpəyoğludur.

Dadaşbala Qəhrəmanovun sözündən sonra Cavanşir Aslanoğlu ayağa qalxıb həm bir az hirsli, həm bir az kədərli, həm də bir az poetik əhval içərisində mızıldanmışdı.

- Hələ bizim demokratik ölkə olmağımıza çox var. Ölkədə təşəbbüskarlıq sıfır səviyyəsindədir. Hamı yuxarıdan göstəriş gözləyir… Nə isə, sağ ol…- deyib otaqdan çıxmışdı.

İndi Cavanşir Aslanoğlu ilə başçının özü maraqlanırdı. Deməli, Cavanşir Aslanoğlu təkcə onun qapısını döyməklə kifayətlənməmişdi, arayıb axtarıb başçıya da yol tapmışdı.

Yox, bu Cavanşir Aslanoğlu xatalı adama oxşayırdı.
Dadaşbala Qəhrəmanov hər ehtimala qarşı özünü yığışdırdı.

Başçı cavab gözləyirdi:

- Yazardır, Sərxan müəllim… - Dadaşbala Qəhrəmanov özünə də məlum olmayan bir hissin təsiri altında Cavanşir Aslanoğluna «yazıçı» deməyə dili gəlmədi…

-«Yazar» nədir? - başçının sifətindən bir narazılıq dalğası keçdi.

-«Yazar» «yazıçı» deməkdi də, Sərxan müləllim, son vaxtlar axı bizdə «yazıçı»ya «yazar" deməyə başlayıblar… - Dadaşbala Qəhrəmanov başçıya xoş gəlsin deyə «yazıçı» sözünü deyəndə səsinə bir balaca həzinlik qatdı.

Başçı üz-gözünü turşutdu:

-Sonra?

Dadaşbala Qəhrəmanov başçının bu «sonra?» sualı ilə ondan nə istədiyni aydınlaşdıra bilmədi, soruşub dəqiqləşdirməyə də ürək eləmədi, ona görə də ağzını açıb mat - məəttəl başçının üzünə baxdı və bu naməlumluğun təsiri altında gözlərində elə qəribə bir nigarançılıq peyda oldu ki, başçının dodaqları qaçdı, sualını konkretləşdirdi::

- Yəni Cavanşir Aslanoğlu haqqında daha nə bilirsən?

-Hə… - Dadaşbala Qəhrəmanovun qırışığı açıldı: - Yazıçıdı, Sərxan müləllim. Sovet hökumətinin vaxtında nə yazıbsa, hamısını qoltuğuna veriblər… - sözünün təsirini yoxlamaq üçün danışığına azacıq ara verib başçının üzünə baxdı. Başçının sifəti heç nə ifadə etmirdi. Başçı ləbləbi yeyirdi. -Amma son vaxtlar, gecə - gündüz yazır. Bir kitabı Türkiyədə çıxıb, bir kitabı İranda… Belə bir hekayə də yazıb: «Qətllər və qatillər»…

Başçı çeçədi. Ağzındakı ləbləbini birtəhər əzib boğazından içəri ötürdu, nəfəsi darıla - darıla soruşdu:

-Necə yəni, qətllər və qatillər?...

Dadaşbala Qəhrəmanov həvəslə izaha başladı:

- Sərxan müəllim, müəllif bu məqaləsinin adını məcazi mənada belə qoyub…

-Məcazi nədir?

Dadaşbala Qəhrəmanov bilmədi başçı onunla məzələnir, yoxsa doğrudan da «məcazi»nin nə olduğunu bilmir.

-Məcazi… - duruxdu. Amma başçı doğrudan da cavab gözləyirdi. - Məcazi o deməkdir ki, əslində ortada nə qətl olur, nə də qatil… öldürülməli adam da öldürülmür, adam diri qalır, amma bu diri adamın başına elə bir oyun açırlar ki, bu, diri adamı öldürməkdən də betər olur, - Dadaşbala Qəhrəmanov hər ehtimala qarşı “ölüm”, “qətl” və “qatil” sözləri ətrafinda bir incələmə aparmağı da zəruri bildi, - yəni qətlə yetirmirlər, ortada qatil - filan olmur, amma həm də adamı öldürmuş kimi olurlar…

-Yaxşı bu yazıçı nə istəyir?

-Heç nə!!!. Deyilənə görə, bu yaxınlarda onun 60 yaşı tamam olur. Gileylənir ki, rayonda ziyalıya hörmət yoxdu. Ziyalısız ölkə isə ölkə deyil, Xomneyinin məscıdidır.

Başçı ciddiləşdı:

-Məscidin bura nə dəxlı var?

Sualı muqabilində başçı Dadaşbala Qəhrəmanovdan elə bir söz eşitdi ki, matı-qutu qurudu:

-Ölkədəki sabitliyi pozmaq istəyir də, Sərxan müəllim…

Başçı sağ əlinin şəhadət və baş barmağı ilə stolun üstünü uzun müddət sığalladı, nəzərlərini bir xeyli Dadaşbala Qəhrəmanovun sifətində gəzdirdi, Dadaşbala Qəhrəmanovun sifətində uşaq məsumluğundan savayı heç nə tapa bilmədi, ən nəhayət, növbəti sualı vermək qərarına gəldi:

-Deyirsən, Bakıda onu tanıyırlar da.

-Belə deyirlər.

-Bəs özü necə adamdır?

Dadaşbala Qəhrəmanov başçının nəyi bilmək istədiyini göydə tutdu.

-Yekəxanadır.

-Yekəxanadır, yoxsa yekəbaş?

Başçının sualı Dadaşbala Qəhrəmanovun içərisinə lətifə havası gətirdi. Dadaşbala Qəhrəmanovun dodaqları qaçdı.

-Hər ikisindəndir, Sərxan müəllim.

-Yaxşı sən belə elə… - başçının Cavanşir Aslanoğlu ilə bağlı qərar qəbul etməkdə çətinlik çəkdiyi açıq- aşkar görünürdü. Amma qərar qəbul etməkdən də qaça bilmirdi. Ən nəhayət, başçı fikrini qətiləşdirdi:

-Mənim adımdan Əlibalanı gör, qoy bu yazıçıya babat bir yubiley-zad düzəltsin…

Sonra bir az da düşündü

-Hər halda abırlı bir iş görsün… Şairi incitməsin…

Dadaşbala Qəhrəmanov qulaqlarını şəkləyib başçının dediklərini göydə dənləyirdi:

-Şairi yox, yazıçını…

-Hə, yazıçını… bir babat banketdən -zaddan…

Dadaşbala Qəhrəmanov udqundu:

-Baş üstə…

Başçı bir müddət Dadaşbala Qəhrəmanovun üzünə baxdı, nə fikirləşdisə, hər etimala qarşı xəbərdarlıq elədi.

- Özü də de ki, banketdə şəxsən mən özüm iştirak edəcəyəm… Başa düşürsən də…

- Bəli, Sərxan müəllim…

Başçı tapşırığını qəribə bir ifadə ilə yekunlaşdırdı:

-Bəli, Dadaşbala, başa düşməkdən savayı əlacımız yoxdur.

Dadaşbala Qəhrəmanovun heç özünə də məlum olmayan bir hissin təsiri altında başçıya yazığı gəldi.

Birdən başçının otağını su səsi bürüdü. Hardansa əməlli - başlı su axırdı. Dadaşbala Qəhrəmanov gözlərini geniş açıb qulaqlarını bütün gücü ilə işə saldı; döyükə - döyükə su səsinin hardan gəldiyni dəqiqləşdirməyə çalışdı, nigaran baxışlarını başçının sifətinə dikdi.

Başçının sifəti bircə anın içində dəyişdi; suyun səsində hiss olunan duruluq, təzə - tərlik, paklıq başçının üz - gözünə yayıldı, başçı bütün canıyla qarşısındakı stolun siyirtməsinə doğru əyildi, siyirtməni çəkdi və siyirtmədən son illərin ən gözəl telefonlarından birini çıxarıb qulağına apardı.

- Bəli! -

Su səsi telefondan gəlirdi.

Və… başçı birdən -birə Dadaşbala Qəhrəmanovun otaqda olduğunu tamamilə unutdu, otaqda heç kəs yoxmuş kimi -bəli, - dedi, - əlbəttə mənəm. Sənin səsin gələn yerdə məndən başqa kim ola bilər axı…

Dadaşbala Qəhrəmanov başçının üz- gözündəki ifadədən, səsindəki mərhəmlikdən hər şeyi başa düşdü. Durub otağı sakitcə tərk etmək qərarına gəldi. Amma ürək eləmədı..

Başçı telefonda danışa - danışa əyilib əlini stolundakı siyirtmənin uzaq küncünə apardı, siyirtmənin harasındansa kiçik bir qutu tapıb çıxardı, sol əlinin baş barmağı ilə qutunun qapağını açdı, sınayıcı nəzərlərlə qutunu gözdən keçirdi, sonra qutunu qapayıb ehmallıca pencəyinin qoltuq cibinə qoydu, telefonu söndürüb, stolun üstündəki ləbləbi dolu vazanı götürdü, otağın yuxarı başındakı seyfə doğru apardı, seyfi açıb vazanı seyfin içərisinə itələdi, geri döndü.

Dadaşbala Qəhrəmanovu otaqda görüb elə bil bir balaca özünü itirən kimi oldu...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG