Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Tüpürmək, ancaq tüpürmək...


Rasət Pirisoyu
Rasət Pirisoyu
-

Rasət Pirisoyu


Qaçqınlar


(cırt-pırt poeması)


Bir dostum danışır:
- Bərdədəki
Çadır şəhərciyində,
Bir qaçqının çadırında oldum,
Bir sual verdim,
Üç cavab aldım,

Yetmiş yaşlı
Bilal kişidən soruşdum,
- Bilal kişi,
Səni bu hala kim saldı?
- Erməni - dedi.

Bilal kişinin
Qırx beş yaşlı oğlu
Xıdırdan soruşdum:
- Xıdır bəy,
Səni bu hala kim saldı?
- Xalq Cəbhəsi - dedi.

Bilal kişinin
on beş yaşlı
nəvəsi Şöşüdən soruşdum:

- Zaddı - dedi,
- Şeydi - dedi…
… və susdu.


98-in yaz ağzıydı,
Hava zaydı,
Buludluydu göy üzü,
Qaçqınlara
yardım paylamaq üçün
Bərdəki çadır şəhərciyinə
gətirmişdilər bizi.


* * *


Artistlər oyun çıxarır,
Atılıb düşürdülər.
Qocalar baxıb qımışır,
Uşaqlar gülüşürdülər,

Səkkiz yaşlı bir uşaq,

Toy tuta-tuta,
əlinə, ayağına,
sinəsinə, başına -
qaşına- qaşına
ləzzətlə baxırdı
atılıb düşənlərə,

Ürəkdən elə gülürdü ki,
gözlərindən
dumduru nur tökülürdü,
köhnə əsgər şinelini
xatrladan
torpağa dən-dən,

Mənə elə gəlirdi
burda
hər şey humanitar yardımdır,
gülmək də o cümlədən…


* * *

Mən özümdə deyildim;
o bir suala
aldığım o üç cavab,
qoymamışdı məndə tab,

Salmışdı
yüz götür-qoyun,
min çək-çevirin
tilsiminə məni,
Döndərmişdi
bu bədbəxt ölkənin
sarı siminə məni,


- Doğurdanmı? -
deyirdim,
- Doğurdanmı? -
deyib düşünürdüm,
- bu millətin
pənah aparılası
daha heç nəyi qalmayıb,
yerdə yeri,
göydə göyü qalmayıb,

Doğrudanmı
bu məmləkətdə
bir kimsə
batdığımız
günaha görə,
tökdüyümüz yaşa görə
çəkdiyimiz aha görə,
mələyə görə,
şeytana görə,
allaha görə,
daha
əlini qaldırmır göyə…

Bütün günü
bu sayaq gic fikirlərlə,
ona-buna baxa-baxa,
yordum özümü,

sökdüm özümü,
qurudum özümü,
bir yerə çıxara bilmədim.

Arada bağırmaq istədim,
bağıra bilmədim,

Tüpürdüm aşağı,
tüpürdüm yuxarı,
-Yoxdur, yox!- dedim,
bu millətin axırı.

* * *

Bərdədən ayrılanda
Bir də baş çəkdim Bilal kişiyə
Qoluna girib,
sakitcə,
çadırdan çıxardım eşiyə…

……………………………
……………………………


- Qağa,
Qaçqınlar daha
Torpaq dərdi çəkmir,

İt, pişik dərdi çəkir,
dır-deşik dərdi çəkir,
ev-eşik dərdi çəkir -
Torpaq dərdi çəkmir!!!!

Qağa,
Bu xalq tüpürüb torpağa!


Epiloq

Tüpürmək,
ancaq tüpürmək,

Qələmi,
Kağızı söyüb,
Tüpürmək,
ancaq tüpürmək,

Başını
Masaya döyüb,
Tüpürmək,
Ancaq tüpürmək

«Hə» tüpümək,
«Yox» tüpürmək
Bacardıqca
çox tüpürmək.


Ağı

Mübariz İbrahimov üçün deyilmişdir

Bu məzara ağlayan,
anam,
ağlama, dayan,
Hər ana
öz oğluna
halal ağlaya bilmir,
Hər dərdi qəbul etmir
bu məzarda uyuyan,
Bu başdaşı
hər kəslə
ülfət bağlaya bilmir.

Ancaq oğul məzarı deyil,
deyil, bu məzar,
Bu qəbrə «oğul» deyib,
anam, ağlamaq azdır,
Bu qəbrin «torpaq» adlı,
«vətən» adlı dərdi var,
Bu dərdin qənşərində
oğul dərdi dayazdır.

Bu məzara ağlamaq
o dərdə ağlamaqdı,
«Vətən» adlı o dərdi
burda unutmaq olmaz.
Nə qədər ki,
dünyada
bu qəbrin dərdi sağdı,
Bu qəbri göz yaşıyla,
anam, ovutmaq olmaz.


Bayatı

Əzizinəm, bu Mitka
Bu Mitka,
Qəh-qəh Mitka

Əzizinəm, bu Petka,
Bu Petka,
Bəh-bəh Petka

Əzizinəm, bu Fedka
Bu Fedka,
Cəh-cəh Fedka

Erməni demişkən:
- Haaa?????

- Haaaa!!!
XS
SM
MD
LG