Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:04

Eks-müdafiə naziri kitabında Obamanı yıxıb-sürüyür


Obama və Gates
Obama və Gates
-
Barack Obama ABŞ-ın Əfqanıstan strategiyasına inamını itirib və bu strategiyanı reallaşdırmaq üçün özünün seçdiyi şəxsin liderliyinə kölgə salıb.

Bunu Barack Obamanın vaxtilə müdafiə naziri olan Robert Gates öz yeni kitabında yazır.

Pentaqonun keçmiş rəhbəri Robert Gates hazırda istefadadır. Onun yeni xatirələr kitabınin həddən artıq tənqidi olacağı gözlənilir. “Müharibə nazirinin xatirələri” adlı bu kitab gələn həftə çapdan çıxacaq, ancaq onun bəzi hissələri bir həftə qabaq mətbuata sızıb.

"PREZİDENT ÖZ KOMANDANINA İNANMIR"

Gates yazır ki, Obama Əfqanıstana əlavə 33 min əsgər göndərmək qərarını verəndə yanlışlıqlara yol verib. Gatesin fikrincə, bunlar Ağ Evdə 2011-ci ilin martında keçirilən iclasda özünü xüsusilə göstərdi.

Həmin iclası Gates belə xatırlayır: “Mən burda oturmuşdum və fikirləşirdim ki, prezident öz komandanına inanmır. Karzaini müdafiə edə bilmir. Öz strategiyasına özü inanmır və müharibəni öz müharibəsi hesab etmir. Onun bütün fikri-zikri çıxıb-getməkdir.”
Petraeus və Əfqanıstan prezidenti Karzai
Petraeus və Əfqanıstan prezidenti Karzai
Gates “komandan” deyəndə general Petraeusu nəzərdə tutur. Obama general David Petraeusu Əfqanıstandakı ABŞ və NATO qopşunlarının komandanı vəzifəsinə şəxsən özü seçib-təyin etmişdi. Bu, 2010-cu ildə olub.

Həmin dövrdə o vaxtki komandan general Stanley McChrystal Rolling Stone jurnalına qalmaqallı müsahibəsindən sonra istefa verməyə məcbur edilmişdi. General Petraeus isə bir il sonra baş komandanlıqdan çıxarıldı.

Gatesin özü Obamanın prezidentliyi dövründə 2 il müdafiıə naziri olub. Onun kitabından göründüyü kimi, bu 2 ildən o heç bir zövq duymayıb.

Gates kitabında yazır ki, “Vaşinqtonda ümumi hərcmərclik onu sındırırdı. Xüsusilə, o,hər iki tərəfi qane edən sakitliyə, məntiqə, güzəştə nail olmaq istəyəndə.”

"İŞİMƏ NİFRƏT EDİRƏM"

Washington Post qəzetinin məlumatına görə, Gates öz dostuna e-mailində yazırdı: “insanlar təsəvvür etmir ki, mən bu işimə nə qədər nifrət edirəm”.

Gates kitabında xatırlayır ki, mühüm qərarlar veriləndə o bundan son anda xəbər tuturdu. Bir gün Barack Obama ona bildirib ki, geylərin açıq şəkildə hərbi xidmət keçməsinin qarşısını alan “soruşma, danışma” siyasətini dəyişmək qərarına gəlib.

Gates bu ideyanı dəstəkləyib. Ancaq hərbi ilə bağlı mühüm qərarların onun, yəni müdafiə nazirinin fikrini soruşmadan verilməsi onda belə təəsürat yaradırmış ki, o, sanki oyundan kənar qalır.

Gates yazır ki, hərbi büdcə müzakirə olunanda isə o, Obamaya “ifrat dərəcədə əsəbiləşib”.

VİTSE-PREZİDENT NƏLƏRİ BİLMİR?

Gates öz kitabında vitse-prezident Joe Bidenə də toxunur.
Biden
Biden


Biden haqda Gates yazır: “Mən düşünürəm ki, o, axırıncı 40 ilin xarici siyasət və milli təhlükəsizliklə bağlı bütün böyük məsələlərinin demək olar ki, hamısında yanlış mövqedədir” .

Bəs bütün bunlarla yanaşı Gates niyə müdafiə naziri vəzifəsində qalırmış?

Gatesin bildirdiyinə görə, o, 2009-cu ilin sentyabrında ABŞ-ın Əfqanıstan siyasəti ilə bağlı mübahisə üstə demək olar ki, istefa verib. Gates yazır ki, müharibənin qeyri-müəyyənliklərini və əvvəlcədən proqnozlaşdırıla bilinməməsini Obamanın Ağ Evi anlamırdı və buna görə onun üçün, yəni Gates üçün çox çətin idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG