Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Cavanşir küçəsi, 36-da kompensasiya söz-söhbəti


Foto: Arxiv
-
Xətai rayonu, Cavanşir küçəsi, 36 ünvanında yerləşən 6 saylı bina boşaldılır.

Sakinləri narahat edən binanın boşaldılması yox, yaşamaları üçün onlara başqa yer verilməməsidir. Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə bina sakini, Cəbrayıl köçkünü Fərman Quliyev deyir:

«Biz 3 ailəyik. Övladlarım ayrıca ailə təsərrüfatı olsalar da, kompensasiya hesablanarkən hamımızı bir ailə tərkibi kimi qeydə alıblar. Təklif etdikləri kompensasiya da 45 min manatdır. Bu məbləği üç ailə arasında bölüşdürəndə hər birinə 15 min manat düşür. 15 min manata haradasa ev almaq mümkündürsə, Xətai rayon İcra Hakimiyyəti gedib o evi alıb versin bizə».

Binanın başqa sakini Gülnarə Rəhimova deyir ki, ikiotaqlı evinin bütün sənədləri qaydasında olsa da, evinin dəyəri ona verilmir:

«Çox aşağı kompensasiya verirlər. O pulla heç yerə getmək olmaz. Sənədli ev-eşikdir. Gedin, maklerlərdən soruşun, öyrənin ki, bu evi satsalar hansı qiymətə satarlar. Ev bazarındakı qiymətlə təklif olunan kompensasiya fərqlidir».

Sakinlər deyirlər, binada hazırda 6 ailə yaşamağa davam edir. Bununla belə, yerli icra hakimiyyəti hər gün ağır texnikanı binanın ətrafına yığır, sakinlərə xəbərdarlıq edir ki, binanı tərk etsinlər, hər an söküntü başlaya bilər.

6 AİLƏ TƏKLİF OLUNAN KOMPENSASİYA İLƏ RAZILAŞMIR

Bina sakini Nahidə Quliyeva öz adını kompensasiya olunan ailələrin siyahısında tapmayanda məyus olub:

«Dedilər, evinin sahəsi 20 kvadratmetrdir, sənə kompensasiya düşmür. Hansı məntiqlə bu qərara gəliblər, bilmirəm. Binanın yerində göydələn tikiləcək. Kimsə pul qazanır, mən iki azyaşlı ilə küçələrdə qalmalıyam. İki azyaşlı uşaqla hər gün küçəyə atılmaq qorxusuyla yaşayıram. Hər gün o qədər qeyri-adi hadisələr haqqında eşidirik ki, hətta binanın içərisində ola-ola binanın söküləcəyinə də inanırıq. Ancaq hökumət bizi qəbirə göndərdi, ya küçəyə atdı, bizim üçün fərq eləmir. Gözümüzü yumub addımlayırıq».

Xətai rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, həmin ünvandakı binalardan birinin sakinləri artıq köçürülüb, bina sökülüb. 6 ailənin hələ də tərk etmədiyi binadan isə 200 sakin köçürülüb. 6 ailə təklif olunan kompensasiya ilə razılaşmır. Bu kompensasiyanın məbləği isə Nazirlər Kabinetinin qərarına əsasən müəyyənləşib.

Sakinlər kompensasiya narazılığına görə yerli icra hakimiyyətini məhkəməyə veriblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG