Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:16

Azərbaycan xəbərləri

Sabah İlham Əliyevin 52 yaşıdır

-
Prezident İlham Əliyevin dekabrın 24-də 52 yaşı tamam olur. Bu münasibətlə Çin, Latviya, Qazaxıstan, Türkmənistan, Belarus, Dağıstanın prezidentləri İlham Əliyevə təbrik məktubu göndəriblər.

Gəncədə bu il prezidentin ad günü fərqli qeyd olunacaq. Yerli icra başçısı Elmar Vəliyevin təşəbbüsü Gəncə Hava limanının yaxınlığında "52 min ağac əkək" adlı aksiyaya başlanıb. Aksiya 23-30 dekabrda keçiriləcək. Ağaclar Məhsəti qəsəbəsinin ərazisində təmizlənmiş 25 hektar ərazidə əkiləcək.

Sumqayıtda ənənəyə uyğun olaraq prezidentin ad günündə tort bişiriləcək.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.

1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub.

İki dəfə – 1995-2000-ci illərdə millət vəkili seçilib. 2003-cü ildə Azərbaycanın baş naziri təyin ediləndən sonra deputat səlahiyyətlərinə xitam verilib.
2003-cü ildən Azərbaycanın prezidentidir.

Bütün xəbərləri izləyin

“Sarsılmaz qardaşlıq-2021” təlimi başlayıb

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021”  Azərbaycan və Türkiyə birgə taktiki təliminə start verilib

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təliminə start verilib.

Bu barədə sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən gerçəkləşib.

Qeyd edilir ki, təlimdə hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növləri iştirak edəcək.

Təlimin nə vaxt başa çatacağı açıqlanmayıb.

Bundan əvvəlki bir neçə ildə də Naxçıvanda iki ölkə arasında eyni adda təlim keçirilib.

740 gündəlik yoluxma aşkarlanıb, 22 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 2442 nəfər sağalıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2442 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

Qərargahdan verilən açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 473 min 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 min 537-i sağalıb, 6327-i vəfat edib, aktiv xəstə sayı 30 min 595-ə düşüb.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Qlobal innovasiyaya görə neçənciyik

Bosniya və Herseqovinada Təhsil, Roboteka, İnnovasoya və Texnologiya Mərkəzi

Bu ilin yeniliyi Qlobal İnnovasiya İzləyicisidir

Sentyabrın 20-də 132 iqtisadiyyatın innovasiya perfomansı, həmçinin COVID-19 pandemiyanın innovasiyaya təsirini göstərən indeks açıqlanıb. Bu indeks dövlət və özəl mənbələrdən 81 indikator əsasında hazırlanır.

Bu ilin yeniliyi Qlobal İnnovasiya İzləyicisidir. Dünyada COVID-19 pandemiyasının təsirləri hələ də qaldığından indeks böhranın qlobal innovasiya perfomansına təsirini də dəyərləndirir.

Qlobal İnnovasiya İndeksində ilk 10-luqda İsveçrə, İsveç, Birləşmiş Ştatlar, Böyük Britaniya, Koreya Respublikası, Niderland, Finlandiya, Sinqapur, Danimarka və Almaniya yer alıb.

Azərbaycan 132 ölkə içində 80-cidir. Ermənistan 69, Rusiya 45, Gürcüstan 63, İran 60-cı yerdədir.

Yarım ton heroin saxlanılıb

105 şəffaf paketə qablaşdırılmış... heroin

Azərbaycan gömrükçülərinin yarım tondan çox heroini müsadirə etdikləri bildirilir.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran vətəndaşı Sıasatı Aşkan Bahmanın idarə etdiyi yük avtomobili saxlanıb: "...Avtomobildə olan... 105 şəffaf paketə qablaşdırılmış... heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib".

Bu açıqlamaya sürücünün və ya onun vəkilinin münasibətini, hələlik, almaq mümkün olmayıb.

Rusiya gəmiləri Bakıya gəldi və getdi

Rusiya hərbi gəmisi Bakı limanında - 18 sentyabr 2021

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 20-də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri Bakı limanını tərk ediblər.

Rusiya hərbi gəmiləri sentyabrın 18-də Bakıya gəlmişdi.

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında görüş də keçirilib: "Azərbaycan hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərinin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub".

Ceyhun Bayramov Nyu-Yorka gedib

C.Bayramov

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə bu gün, sentyabrın 20-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb.

Sabah sentyabrın 21-dən sessiya çərçivəsində yüksək səviyyəli tədbirlər başlamalı və 27-də ona yekun vurulmalıdır.

Sessiyanın əsas mövzusu çətin humanitar vəziyyətin hökm sürdüyü Əfqanıstandakı son durumdur.

İran Azərbaycanda saxlanmış sürücüləri buraxdırmağa çalışır

Gorus-Qafan yolu

İran sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb edir

İran Azərbaycan tərəfin saxladığı yük maşını sürücülərini buraxdırmağa çalışır. Bu haqda İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Səid Xətibzadə açıqlama verib.

Onun sözlərinə görə, İran sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb edir.

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb. Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib. İki sürücünün saxlanması isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsilə izah olunub.

İran XİN-in təmsilçisi qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğunu vurğulayıb.

1734 gündəlik yoluxma aşkarlanıb, 25 ölüm

COVID-19 xəstəsi, Sarayevo Mərkəzi xəstəxanası, 17 sentyabr 2021

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
1734 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 3 378 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan sentyabrın 19-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər də vəfat edib.

Qərargahın açıqlamasına görə, Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 434 095-İ sağalıb, 6 305-İ vəfat edib, aktiv xəstə sayı 32 319-Ə düşüb .

Bildirildiyinə görə, ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə ümumilikdə 4 744 161 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

uçot dərəcəsi 6,25 faizdən  6,5 faizə, faiz dəhlizinin aşağı həddi 5,75-dən 6-ə,  yuxarı həddi isə 6,75-dən 7  səviyyəsinə yüksəldilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin yüksəltməsi haqqında qərar qəbul edib.

Bu barədə AMB-nin bugün, sentyabrın 17-də yaydığı məlumatında bildirilir.

Qərarla uçot dərəcəsi 6,25 faizdən 6,5 faizə, faiz dəhlizinin aşağı həddi 5,75-dən 6-ə, yuxarı həddi isə 6,75-dən 7 səviyyəsinə yüksəldilib.

Faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar oktyabrın 29-u və dekabrın 17-ə nəzərdə tutulub.

Bəzi müstəqil ekspertlər isə vurğulayırlar ki, Azərbaycanda Mərkəzi Bankın rəqəmləri ilə kommersiya banklarının faizləri arasında bir qayda olaraq böyük fərq olur. Onlar hesab edirlər ki, Mərkəzi Bankın qərarları inzibati xarakter daşıyır.

AMB isə bildirir ki, bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya, xüsusilə ərzaq, xammal qiymətlərinin milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnən daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması və başqa amillərinin proqnozu əsasında qəbul edilib.

Avropa Şurası Nazirlər Komitəsi bəzi keçmiş vəkilləri müdafiə edir

Qurumun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduqları vurğulanır

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Vəkillər Kollegiyasından xaric edilən bəzi şəxslərin üzvlüyə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.

Qərarda keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduqları vurğulanır.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Onun sözlərinə görə, qərar Namazov işi qrupuna daxil olan qərarların icra durumunun müzakirəsinin yekunu kimi qəbul edilib:

"Bu qrup çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarlarının icrasına nəzarət edilir. Hər 3 qərar vəkillərin Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi".

Hüquqşünasın dediyinə görə, Avropa Şurasının Nazirlər Komitəsinin qərarında qeyd edilir ki, Azərbaycan hökuməti Vəkillər Kollegiyasının diqqətini AİHM-in vəkillikdən uzaqlaşdırılanların şikayətləri üzrə qərarlarının icrasına, şikayətçilərin əvvəlki vəziyyətlərinə qaytarılmalı olması öhdəliyinə yönəltməlidir. Hökumətdən hər 3 ərizəçi ilə bağlı işlərə yenidən baxılması, qərar verilməsi istənilir.

Məsələyə, hələlik, Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

Elçin Namazov 2011, Aslan İsmayilov 2013, Xalid Bağırov isə 2015-ci ildə kollegiyadan xaric edilib.

Xatırlatma

Son illər Azərbaycan Vəkillər Kollegiyasında bir çox vəkil xaric edilib. Onlardan bir çoxunun müxalifətçilərin, araşdırmaçı jurnalistlərin vəkili olduğu qeyd edilir və bu qərar siyasi sifariş kimi yozulur.

Amma Azərbaycan Vəkillər Kollegiyası onların xaric edilməsini qanunvericiliyin tələblərini pozmaları ilə izah edib.

40 min tələbəyə kredit veriləcəyi deyilir

Bu ildən təhsil kreditləri verilə bilər: Kimlər ala biləcək?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Bu ilin oktyabrından 40 minə yaxın tələbəyə təhsil kreditinin verilməsinə başlanacağı gözlənir.

Bu barədə bu gün, sentyabrın 17-də "Media və təhsil dialoqu" maarifləndirici təlimdə çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli danışıb. O bildirib ki, bu kredit həm bakalavr, həm də magistr təhsili alan tələbələrə veriləcək.

Şöbə müdirinin vurğulamasına görə, bura həm sosial təhsil tələbə krediti, həm də standart təhsil tələbə krediti aiddir. Onun qeyd etməsinə görə, sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib, artıq kreditin verilmə qaydası da hazırlanıb.

Avropada pulsuz, Azərbaycanda 6 minə. Kasıbın balası necə oxusun?
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Qaydalar...

Təhsil Nazirliyinin açıqlamasına görə, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.

Bildirilir ki, kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.

Fondun verdiyi kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödənilməlidir.

Açıqlamaya görə, kreditlər iki qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olmalıdır: "Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək".

Eyni zamanda, üzrlü səbəb olarsa, möhlət hüququ da veriləcək. Üstəlik, yaxşı oxuyan tələbəyə güzəştlər olunacağı da bildirilir.

Vurğulandığına görə, kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

Sosial təhsil tələbə kreditindən isə yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.

Hərbi qulluqçulardan 1750 nəfərə əlillik verilib

Keçmiş döyüşçülər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində yaralanan hərbi qulluqçulardan 1750 nəfərə əlillik təyinatı aparılıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, sentyabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə Nazirliyi isə həmin müharibədə Azərbaycanın 2 min 907 hərbi qulluqçu itirdiyini, 7 hərbçinin isə itkin sayıldığını açıqlayıb. Amma onda dəqiq neçə hərbçinin yaralandığı vurğulanmamışdı.

Buna qədər bəzi hərbi qulluqçular əlillik təyinatı ala bilmədiklərindən şikayətlər də dilə gətirmişdilər. Rəsmi qurumlar isə belə şikayətlərin araşdırılacağı barədə vəd vermişdilər.

Bir sıra ekspertlər isə vurğulayır ki, qanunvericiliyə son dəyişiklikdən sonra Azərbaycanda əllik təyinatı almağın şərtləri ağırlaşdırılıb.

Xatırlatma

İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda birinci sinif şagirdlərinin sayı azalır

Bu uşaqlar heç vaxt məktəbə getməyiblər. Zibillikdən dəmir yığırlar
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

2021-2022-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində 1 milyon 589 min 829 şagirdin oxuyacağı proqnozlaşdırılır.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

Nazirliyin bildirməsinə görə, hazırda ölkədə 309 ibtidai, 3 min 333 tam orta, 775 ümumi orta, 13 xüsusi tipli ümumi orta və 5 əyani-qiyabi (axşam) tam orta məktəb var: "O cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir".

Bir il əvvəl isə ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağının gözləndiyi açıqlanmışdı.

Rəsmi açıqlamaya görə, ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI-XII-ci sinfində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılırdı.

Mövlam Şixəliyevin istintaqı başa çatıb

MTN

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə bu gün, sentyabrın 15-də Baş Prokurorluq məlumat yayıb.

Söhbət habelə, həmin qurumda sabiq şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovdan gedir.

İddiaya görə, M.Şixəliyevin mütəşəkkil dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə almasına əsaslı şübhələr yaranıb.

M.Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs… tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham verilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib: "Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib".

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hələlik, ittihama sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

2015-ci ilin oktyabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) yaradılıb

Xatırlatma

Bundan əvvəl, 2015-ci ilin oktyabrında bu nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Həmin generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. Onlar qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. Onlar ittihamları, əsasən, qəbul etməyiblər.

Bakının işğalına 103 il öncə son qoyuldu

Qafqaz İslam Ordusu Bakıda, 1918-ci il

Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 103 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi Diktaturası mövcud olub. Cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğu bildirilir.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi. O, azad edildikdən cəmi iki gün sonra -sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçüb.

Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib. "Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb", –tarixçilər bildirirlər.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

Yaqub Zurufçu  vəfat edib 

Yaqub Zurufçu

Koronavirusa yoluxduğu deyilən müğənninin bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanmışdı

Müğənni Yaqub Zurufçu bu gün, sentyabrın 14-də vəfat edib.

Bu barədə “Turan” İnformasiya Agentliyinə "Yeni Klinika" tibb müəssisəsindən bildiriblər.

Koronavirusa yoluxduğu deyilən müğənninin bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanmışdı.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində doğulub . 1979-cu ildə İranda baş verən inqlabdan bir il sonra Almaniyaya köçüb. Orada musiqi təhsili alıb.
1989-cu ildə müğənni Gülağa Məmmədovun təqdimatında “Ayrılıq” mahnısı ilə Azərbaycanda tanınan Yaqub Zurufçu son illər Bakıda yaşayırdı.

Zakir Həsənov Türkiyəyə gedib

Z.Həsənov

Azərbaycan Müdafiə naziri Zakir Həsənov bu gün, sentyabrın 14-də Türkiyəyə gedib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, səfər Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə gerçəkləşib.

Səfərdə onun müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edir.

Açıqlamaya görə, onların Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən "TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimlərində iştirakı planlaşdırılır.

İki ölkənin hərbi hava qüvvələrinin "TurAz Şahini – 2021" birgə taktiki-uçuş təlimi sentyabrın 6-da başlayıb, 17-nə kimi davam etməlidir.

Həbsdəki fəalın təzminatının ödənmədiyi bildirilir

İ.Türksoy və E.Həsənzadə

Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) həbsdə olan fəal Elçin Həsənzadə barəsində qərarını yerinə yetirmədiyi deyilir.

E.Həsənzadənin yaxınlarının verdiyi məlumata görə, AİHM-nin qərarı qəbul etməsindən 3 ay keçib, amma ona hələ də təzminat ödənilməyib.

Bu ilin aprelində AİHM E.Həsənzadənin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin və qeyri-insani rəftarın qadağan olunması) maddəsində zəmanət verilən hüququnun pozulduğunu müəyyən edərək ona 7 min 500 avro təzminat verilməsi barədə qərar çıxarıb. Qərarın üç ay ərzində icra edilməli olduğu bildirilir.

Amma bu qərarın icra edilməməsi ilə bağlı deyilənlərə, hələlik, cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər buna qədər, bir qayda olaraq, AİHM qərarlarının icra edildiyini, yubanmaların aradan qaldırılacağını vurğulayıblar.

2008-ci il dekabrın 14-də E.Həsənzadənin bir etiraz aksiyasını işıqlandırarkən saxlandığı və onun polis bölməsində təzyiqlərə məruz qaldığı bildirilib. Amma Daxili İşlər Nazirliyi də, bir qayda olaraq, polis bölməsində saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri əsaslı saymır.

Bu il martın 2-də isə Şəki Apellyasiya Məhkəməsi E.Həsənzadəni və bloqer İbrahim Türksoyu böhtan, təhqir ittihamı ilə 8 ay azadlıqdan məhrum edib. İddianı Mingəçevirdə yerli məmurlardan biri verib.

Hər iki məhkumu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyırlar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycan rəqəmsal həyat keyfiyyəti indeksində

İllüstrativ foto

İlk onluqda Danimarka, Cənubi Koreya, Finlandiya, İsrail, Birləşmiş Ştatlar, Sinqapur, Fransa, İsveçrə, Almaniya və Böyük Britaniya yer alıb

Sentyabrın 13-də 110 ölkədə, yəni dünya əhalinin 90 faizi üzrə rəqəmsal həyat keyfiyyətilə bağlı qlobal tədqiqat açıqlanıb.

Bu indeks əsas beş göstəricinin təsiri üzrə hesablanır: internet çatımlılığı, internetin keyfiyyəti, e-infrastruktur, e-təhlükəsizlik və e-hökumət.

İlk onluqda Danimarka, Cənubi Koreya, Finlandiya, İsrail, Birləşmiş Ştatlar, Sinqapur, Fransa, İsveçrə, Almaniya və Böyük Britaniya yer alıb.

Azərbaycan 110 ölkə içində 70-cidir. Qonşulardan Rusiya 52, Gürcüstan 63, Ermənistan 81, İran 83-cü olub.

Rəsmilər ölkədə internet təminatında, elektron xidmətlər problem olmadığını deyir, informasiya cəmiyyətinin inkişafını hədəfləyən dövlət proqramına istinad edirlər. Müstəqil ekspertlər isə özəlliklə regionlarda elektron xidmət sahəsində ciddi boşluq olduğunu bildirirlər. Elə elektron xidmətlər üçün də internetin keyfiyyəti əsas gətirilir.

Ramin Bayramlının istefa ərizəsi təsdiqləndi

Operativ Qərargahın koronavirusla bağlı brifinqi- Ramin Bayramlı (sağda)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bunu "Turan"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən deyiblər.

Məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. V.Qurbanov Agentliyin Tibbi iddialar departamentinin rəhbəridir.

TƏBİB sədri vəzifəsindən ayrılmaq istəyir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb. Bu barədə o, özünün Twitter-dəki səhifəsində bildirib.

TƏBİB 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Səhiyyə Nazirliyinin bir sıra səlahiyyətləri bu quruma verilib.

'Üç qardaş - 2021' təlimi ilə bağlı mərasim keçirilib

“Üç qardaş - 2021” təliminin açılış mərasimi, Azərbaycan, Bakı, 12 sentyabr 2021

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan mərasim keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Hikmət Mirzəyev tədbirdə çıxış edib.
Bildirildiyinə görə, O "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə mübadiləsi aparılması və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Məlumata görə, “Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, terrorla mübarizə üçün yeni üsulların tapılmasına və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsinə imkan yaradacaq.

İlk dəfə təşkil edilən "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

ABŞ səfirliyində 11 sentyabr terror hücumlarının qurbanları yad edilib

11 sentyabr memorialı, New York, 11 sentyabr 2015

Bu gün, sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyində 11 sentyabr terror hücumlarının qurbanları yad edilir.

Səfirliyin “Facebook” səhifəsindən paylaşılan xəbərdə qeyd olunur:

“11 sentyabr hadisələri Amerikanı və bütün dünyanı dəyişdirdi.”
Paylaşımda həlak olanlar qəhrəmanlar kimi anılır və onların xatirəsi yad edilir.

Xatırladaq ki, 20 il bundan əvvəl, 2001-ci ilin sentyabrın 11-də 20-ə yaxın intiharçı terrorçu dörd sərnişin təyyarəsini ələ keçirirək terror aktları törədiblər.Bu hücum nəticəsində 3 minədək insan həlak olub.

Qaçırılmış təyyarələrdən ikisi Nyu Yorkdakı o vaxt dünyada ən hündür tikili sayılan Dünya Ticarət Mərkəzinin binalarına çırpılıb.Terrorçular üçüncü təyyarəni Vaşinqtonun ətrafında yerləşən Pentaqona doğru yönəltmişdilər.Qaçırılan dördüncü təyyarənin heyəti və sərnişinləri terrorçulara mane olmağa çalışıb və təyyarə Pensilvaniya yaxınlığında qəzaya uğrayıb.

Rusiya  sülhməramlı qüvvələrinin yeni komandanı  təqdim edilib  

General-mayor Mixail Kosobokov

Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokov Azərbaycan MN-də təqdim olunub

Azərbaycan Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran Rüstəm Muradov ilə görüşüb.

Bu barədə bugün, sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovla görüşüb:

“... Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.”

Açıqlamaya görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

DSK qiymətlərin 5 faiz artdığını deyir...

Yanacağın bahalaşması Bakı bazarlarında da qiymətləri dəyişir
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 4.8 faiz artıb.

Bu məlumatı bu gün, sentyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) yayıb.

DSK-nın məlumatında vurğulanır ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5.4, qeyri-ərzaq məhsulları, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4.2 faiz bahalaşıb.

Qurumun məlumatına görə, avqustda isə inflyasiya cəmi 0.5 faiz olub.

"İnflyasiya ikirəqəmli olub"

Amma bəzi müstəqil iqtisadçılar DSK-nın açıqlamasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, gerçəkdə inflyasiya ikirəqəmli olub.

Onlar xatırladıblar ki, bu il kommunal xidmətlər bəzi sahələrdə 25 faizdən 100 faizə qədər bahalaşıb. Üstəlik, benzinin, dizelin də qiymətləri artıb. İqtisadçılar habelə vurğulayırlar ki, həm yanacağın qiymətinin, həm də kommunal xərclərin artması inflyasiyaya təsir edən ciddi amillərdir.

Cəbhəçinin 'kars'a salındığı deyilir

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində fiziki təzyiqə məruz qalaraq cərimə kamerasına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatından məlumat verilib.

Məlumata görə, Z.Salayevə dünən, sentyabrın 8-də əfv ərizəsinə qol çəkmək təklif edilib: "Verilən məlumata görə, imtina edəndə isə ona deyiblər ki, israr etsə, həbs müddəti bitənədək "kars"da (cərimə kamerası) saxlanılacaq. Sonra isə fiziki təzyiqə məruz qaldığı və cərimə kamerasına salındığı bildirilir".

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bu xidmətdən, bir qayda olaraq, bildirilir ki, məhbuslarla qanun çərçivəsində davranılır.

Xatırlatma

Z.Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan rayon Məhkəməsində çıxarılıb. O, Salyan rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib. Bir müddət öncə Z.Salayev sosial şəbəkədə video yayaraq H.Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra H.Əzizov Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Z.Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.

Davamı

XS
SM
MD
LG