Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

Tənqidçinin ölümündə «kimdir müqəssir?» müəmması


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Anar Niftəliyev:

- Dələduzluq ediblər. Tamah məqsədilə, ehtiyac olmadığı halda məni əməliyyata inandırıblar.

Həkim Fərəculla İdrisov:

- Özləri mənə dedilər ki, «bizə yaxşı onkoloq tapın».



Jurnalist Anar Niftəliyev 3 ay öncə vəfat etmiş həyat yoldaşının ölümüylə bağlı baş prokurora məktub göndərib. O, həmin ölümə görə məsuliyyətin ancaq anestezioloqun üzərinə qoyula biləcəyindən narahatlığını bildirib.

Tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də «Medi Sina» Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatına hazırlıq zamanı vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəbolma maddəsi ilə cinayət işi açılıb.

ANESTEZİYA ƏMƏLİYYATI DÜZGÜN APARILMAYIB

Firuz İbrahimovun düzgün anesteziya əməliyyatı aparmamasını komisyon ekspertiza müəyyənləşdirib. Bu barədə apa dekabrın 18-də məlumat yayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından həyatını itirib. Xəbərdə deyilir ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Anar Niftəliyevin fikrincə, əməliyyata qatılan həkimlər məsuliyyəti anestezioloqun üstünə atmaqla, yaxalarını məsuliyyətdən qurtarmaq istəyirlər. Jurnalistin sözlərinə görə, müayinədən sonra onlara deyilib ki, həyat yoldaşının süd vəzilərindəki səpkilər bir neçə ildən sonra vəziyə çevrilə bilər. Onlar öncə təcili əməliyyata ehtiyac görməsələr də, sonradan əməliyyatın vacibliyinə inandırıblar. Həkimləri səhlənkarlıq və məsuliyyətsizlikdə qınayan jurnalist cinayət işinin həm də dələduzluq maddəsilə açılmalı olduğunu deyir:

«Dələduzluq ediblər. Tamah məqsədilə, ehtiyac olmadığı halda məni əməliyyata inandırıblar. Əməliyyatı məhz o klinikada aparmaqda məqsəd pul qazanmaq olub. Üstəlik, narkoza ehtiyac olmadığı halda narkozdan istifadə ediblər».

Anar Niftəliyev
Anar Niftəliyev
«BU, HƏKİM TERRORUDUR»

Anar Niftəliyev onkoloq Mahir Məmmədov, assistent Fərəculla İdrisov və anestezioloq Firuz İbrahimovun adlarını çəkir. O, əməliyyatın vacibliyinə İdrisovun inandırdığını və bunun min (1000) manata başa gələcəyinin də söyləndiyini deyir. Ancaq sonradan öyrənib ki, klinikaya cəmi 100 manat ödənəcəkmiş:

«Bu adamlar məhz tamah məqsədilə əlbir olub bir ailəni bədbəxt etdilər. Bu, həkim terrorudur. Prokurorluq niyə iddia qaldırmır ki, heç olmasa, istintaq getdiyi müddətdə onların həkimlik fəaliyyətləri məhdudlaşdırılsın? Heç olmasa, bu şəxslər əməliyyata girib başqalarını bədbəxt etməsinlər. Hətta o iddiam da təmin olunmayıb».

«MƏSLƏHƏTLİ HƏKİM DEDİM»

M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutunun həkimi Fərəculla İdrisov AzadlıqRadiosuna deyir ki, xəstəyə diaqnoz Milli Onkologiya Mərkəzində qoyulub və əməliyyatın vacibliyi bildirilib:

«Özləri mənə dedilər ki, «bizə yaxşı onkoloq tapın». Ailəvi dost olduğuma görə bütün Azərbaycanda tanınmış onkoloq Mahir müəllimi məsləhət gördüm. Onları tanış etdim, Mahir müəllim də dedi «əməliyyat həmin klinikada aparılacaq»».

Fərəculla İdrisov pasiyentin ölməsi səbəbindən əməliyyat pulunun ödənmədiyini deyir:

«Ödəniş əməliyyatdan sonra edilməliydi. Bu hadisə baş verdi deyə, heç bir ödəniş aparılmadı».

Adil Qeybulla
Adil Qeybulla
«TƏXİRƏSALINMAZ ƏMƏLİYYAT DEYİLDİ»

Onkoloq Adil Qeybulla açıqlanmış ekspert rəyinin bu işin sona çatdırılması üçün əsaslı sənəd olduğunu söyləyir. O, bundan sonra hüquqi məsuliyyətlə bağlı cəza tədbirlərinin görülməsinin hüquq-mühafizə orqanlarının, ibtidai istintaqın boynuna düşdüyünü deyir. Əməliyyatın təcili aparılmasına gəlincə:

«O tip əməliyyat planlı şəkildə, nə vaxtsa aparıla bilərdi. Təxirəsalınmaz və təcili əməliyyat deyil. Yoldaşını da bu hala gətirən odur ki, belə bir xırda, hətta yerli keyləşmə altında aparıla biləcək bir əməliyyat bu cür nəticələnib. Onun yoldaşının emosiyalarını mən tam başa düşür və qəbul edirəm».

Anar Niftəliyev cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevin hələ də heç bir istintaq hərəkəti aparmadığını deyir:

«Komisyon ekspertizanın bu cür yarımçıq, heç bir halda məni və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunur və bununla da istintaq öz yarımçıq işini bitmiş sayır?».

Nəsimi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayevdən əlavə informasiya almaq, hələlik, mümkün olmayıb.

Anar Niftəliyevin 2 və 8 yaşında iki qızı var.
XS
SM
MD
LG