Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:20

Tolstoy bütün ömrü boyu şəhvətlə mübarizə aparırdı


Lev Tolstoy
Lev Tolstoy
-

«Mən mütləq qadınla olmalıyam. Şəhvət bir dəqiqə də olsun mənə dinclik vermir».


Anna Veliqjanina


TOLSTOY BÜTÜN ÖMRÜ BOYU ŞƏHVƏTLƏ MÜBARİZƏ APARIRDI

(Günel Mövludun tərcüməsi)


(Komsomolskaya pravda)


Hamıya məlumdur ki, Lev Tolstoy qadınları çox sevirdi

Hər bir kişi üçün təbii bir şey hesab olunan qadın sevgisi «rus inqilabının güzgüsü» üçün həddən artıq ağır bir yük idi və o, ömrü boyu bu yüklə savaşırdı.

Bu tarixi savaşın qalmaqallı xırdalıqları haqda siz yeni, yazarın gündəliklərindən, dostlarının və yaxınlarının xatirələrindən ibarət kitabdan öyrənə bilərsiniz.

«ZAXAROV» nəşriyyatının icazəsi ilə biz yeni kitabdan bəzi yerləri yayınlayırıq.

O, fahişəxanada ağlamışdı

«...Gənc Tolstoyun tabe olduğu iki əsas hiss vardı – ailə arzusu və qadınlara münasibətdə zəiflik. ...Həyatın qadına meyl tərəfi kimi bir yeniliklə Tolstoy qulluqçu qadına münasibətinin dəyişdiyini görəndə tanış olmuşdu:

«13-14 yaşım olanda mən sevgiyə oxşayan güclü bir şey hiss eləyirdim, amma bunun sevgi olduğuna inanmaq istəmirdim; axı bu sevginin ünvanı gombul qulluqçu qadın idi (düzdü, üzdən çox göyçək idi), həm də ki, 13-15 yaş arası oğlanlar üçün ən təhlükəli vaxtı – bu yaşda oğlan uşağı kimə, nəyə cumacağını bilmir. Bu yaşlarda şəhvət qeyri-adi dərəcədə güclü olur».
Lev Tolstoy 28 yaşında
Lev Tolstoy 28 yaşında

...Tolstoy «Dirilmə»ni yazanda Sofiya Andreyevna qəfildən otağa girir və onun Katyuşanın cazibəsini təsvir elədiyini görür.

- Qoca kişisən, belə iyrənc şeyləri yazmağa utanmırsan? – deyə o, ərindən soruşur.

...Arvadı otaqdan çıxanda, yazıçı bu səhnənin şahidi olan M.A.Şmidtə tutaraq, boğazında düyünlənən qəhəri udaraq, özünü ağlamaqdan güclə saxlayıb deyir:

- O mənə ağzına gələni deyir, amma bilmir ki, qardaşlarım məni birinci dəfə fahişəxanaya aparanda, bu işi görəndən sonra qadının çarpayısının başında dayanıb, ağlamışdım!

Qadın olmaz!

...Kazanı tərk etmək ərəfəsində artıq 19 yaşı tamam olan gəncin qarşısında həyatını dəyişmək kimi vacib bir məsələ durmuşdu. Gənc qraf knyaginya Yekaterina Trubetskayaya bərk vurulmuşdu.

O xəstələnir (bəlkə də bu xəstəliyin səbəbi yaşadığı, yumşaq dillə desək, «nizamsız» həyat idi), xəstəxanada yatası olur və burada gündəliyinə ilk qeydləri eləyir:

«Budur, düz altı gündür ki, xəstəxanadayam və altı gündür demək olar ki, özümdən razıyam...Əsas məsələ budu ki, mən düz başa düşmüşəm, nizamsız həyat tərzi insan ruhunun vaxtından əvvəl korlanmasından başqa bir şey deyil».

Yasnaya Polyanaya gedəndə, bu ovqat ona hakim kəsilmişdi, indi onun sərt bir «qanun»u vardı:

«Qadınlara ancaq ictimai həyatın zəruri, xoşagəlməz tərəfi kimi bax və mümkün qədər onlardan uzaq dur…».

Gənc Tolstoyun bütün həyatı sərt davranış qaydaları işləyib hazırlamaq, kortəbii olaraq bu qaydaları pozmaq və şəxsi çatışmazlıqları ilə mübarizə aparmaqla keçirdi.

«Dünənki gün kifayət qədər yaxşı keçdi, demək olar ki, hər şeyə əməl elədim, təkcə bir şeydən narazıyam: mən şəhvətlə mübarizə apara bilmirəm, özü də bu ehtiras məndə bir növ vərdişə çevrilib».
Yekaterina Tütçevanın portreti, 1850-ci illərin ortaları. Rəssam İvan Makarov
Yekaterina Tütçevanın portreti, 1850-ci illərin ortaları. Rəssam İvan Makarov

«Hər gün bu qaydaya əməl elə. Dinin qanunlarına itaət elə: qadın olmaz!».

...«Marya pasportun dalınca gəlmişdi... Yenə şəhvət». «Nahardan sonra bütün axşamı veyillənmişəm, ağlımdan şəhvətli şeylər keçir». «Yenə şəhvət mənə əzab verir, əslində şəhvətdən çox vərdişin bu qədər güclü olmağıdı mənə əzab verən».

Sevgi barədə

...Zinaida Modestovna Molostvova ilə tanış olanda Lev Nikolayeviç hələ Kazanda tələbə idi... Qızın 21-22 yaşı vardı, o demək olar ki, başqa adamın nişanlısı idi. Buna baxmayaraq, bütün mazurkaları Lev Nikolayeviçlə oynayır və onunla açıq-aşkar maraqlanırdı.

«...Mən ona sevgi barədə bir kəlmə də deməmişəm, amma əminəm ki, o hisslərimdən xəbərdardı...»

...Tolstoyun ən əziz xatirələri Qafqazla bağlı idi... Amma... insanın o alçaq ehtiraslarla mübarizəsi hələ də davam edirdi...

«Yenə içimdə qüvvətli bir şəhvət baş qaldırıb – ehtiyatlı olmaq lazımdı». «...İlahi, biabırçılıq! K.K.-nın pəncərəsinin altına gedib, döydüm, yaxşı ki, məni içəri buraxmadı». «Yenə gedib, K.-nın pəncərəsini döyəcəkdim, amma xoşbəxtlikdən yoldan ötən adamı görüb, fikrimi dəyişdim». «Bu gün özümü daha yaxşı hiss eləyirdiim, amma əsəblərim zəifləyib, həm də güclü şəhvət hiss eləyirəm» (1852-ci il).

«Mən mütləq qadınla olmalıyam. Şəhvət bir dəqiqə də olsun mənə dinclik vermir». «Yatmadığım qızlara, almayacağım medala görə ömrümün ən gözəll illərini burada bada verirəm».

...«Bu zorakı «qadın pəhrizi» deyəsən, mənə dinclik vermir və nəyləsə məşğul olmağa mane olur...» (1853-cü il).

«İki dəfə Kas ilə yatdım. Çox pis. Özümü çox alçaltmışam». «K.-nın yanına getmişdim, yaxşı ki, məni içəri buraxmadı»...
Tolstoy 34 yaşında
Tolstoy 34 yaşında

...1855-ci ildə, Peterburqda Lev Nikolayeviç dostunun bacısı Aleksandra Alekseyevna Dyakova ilə görüşür. O bu qıza hələ yeniyetməlik illərindən vurulmuşdu... Artıq üç ildir ki, Aleksandra Alekseyevna A.V.Obolenskinin arvadıdır, amma onunla görüşəndə Lev Tolstoyun az qala nəfəsi kəsilir.

«...Mən onu görəcəyimi düşünmürdüm, buna görə də onun içimdə yaratdığı hiss belə güclü idi...

...Sonra o məni qapıya qədər ötürdü. Deyəsən, Soneçkadan (Sofya Pavlovna Koloşina - L. N. Tolstoyun uşaqlıq məhəbbəti) bəri hələ belə güclü hisslər yaşamamışdım».

...Tolstoy Obolenskayanı unutmadı. Yeni görüşlər gecikmiş olsa da, onu bərk həyəcanlandırırdı. Lev Tostoy 6 noyabr, 1857-ci ildə gündəliyinə qeyd edir:

«A. gözəldir. İndiyə qədər xoşuma gələn qadınların arasında məni ən çox həyəcanlındıran odur. Onunla evlilik barədə danışdıq. Axı niyə ona hər şeyi demədim?». «A. məni öz təsirində saxlayır, mən də buna görə ona minətdaram. Amma gecələr mən evə sevgi, ehtiras dolu bir adam kimi qayıdıram, içimdəki o güclü hissin kədər, yoxsa xoşbəxtlik olduğunu müəyyən edə bilmirəm».

Evlilik cəhdi

1856-cı il mayın 28-də Lev Nikolayeviç Yasnaya Polyanaya qaydıır. Kənddə o, Arsenyevlər ailəsi lə tanışlığını təzələyir... Lev Nikolayeviç öz qarşısına təxirəsalınmaz bir tapşırıq qoyur – evlənmək. Evlilik üçün isə Valeriya Arsenyevanı seçir.

«25 iyul. İlk dəfədi ki, onu cəmiyyət içinə çıxanda geydiyi geyimlərsiz gördüm. Belə o, on qat daha gözəl və təbiidir...

30 iyul. V. heç xoşuma gəlmədi.

31 iyul. V. deyəsən, səfehdi.

10 avqust. V.ilə evlilik barədə danışdıq, o heç də səfeh deyil, özü də qeyri-adi dərəcədə xeyirxah qızdı».


...Aylar uzunu Tolstoy demək olar ki, hər gün Arsenyeva ilə görüşür və gündəliklərinə qeydlər edirdi:

«Məni şəhvətli arzular bürümüşdü, bir az at sürdüm bu ovqatla –xeyri olmadı». «Qəşəng bir arvad görən kimi ağlım başımdan çıxır».
Tolstoyun xanımı Sofya Tolstaya (solda) və T.A.Bers
Tolstoyun xanımı Sofya Tolstaya (solda) və T.A.Bers

... Tolstoy Sevastopoldan ehtiraslı istəklərlə qayıtmışdı. «Bu, artıq ehtiras deyil, əxlaqsızlıq vərdişidi», - qayıdanda o gündəliyinə belə yazırdı. «Dəhşətli dərəcədə, fiziki ağrı həddində ehtiras hiss eləyirəm». «Kolda-kosda bir qadın tapmaq ümidi ilə, şirin, qarışıq ehtirasla bağçada veyilləndim. Heç nə mənə işləməyə bu qədər mane olmur. Buna görə qərara gəldim ki, bu iki ay müddətində özümə məşuqə tapım». ...«Dəhşətli dərəcədə qadın istəyirəm. Özü də yaxşısını».

Uğursuz evlilik cəhdindən sonra Tolstoy yenə də özünü kübar əyləncələrin qoynuna atır. «Tütçeva, Sverbeyeva, Şerbatova, Çiçerina, Olsufyeva, Rebinder – mən bu qadınların hamısına vurulmuşdum», - Lev Nikolaeviç qeyd edir... Hələ bu siyahıya... Lvova bacılarını da əlavə eləmək lazımdır.

Knyaginya Yekaterina Lvova ilə Tolstoy Drezdendə tanış olmuşdu. O, gündəliklərində yazır: «O mənim çox xoşuma gəlir. Yəqin mən axmağam ki, ona evlənmək təklifi eləmirəm»... «Dünən Lvovlargilə getmişdim, o axşamı yada salanda az qalıram ulayım. Mən az qala qərar verəcəkdim, bu axırıncı evlənmək cəhdi olsun, amma deyəsən, bu, uşaqlıqdı».

...Gündəlikdə biz yeni adlara rast gəlirik, məsələn, knyajna Yekaterina Trubetskayanın adına... Yekaterina Fyodorovna Tütçeva ilə (şair Tütçevin qızı) Tolstoyun bir neçə aylıq münasibəti olub.

«7 yanvar. Tütçeva boş söhbətdi!

8 yanvar. Yox, boş söhbət deyil. Yavaş-yavaş ciddi şəkildə, özü də tam olaraq mənə hakim olur...

26 yanvar. Sevgimi də götürüb, Tütçevanın yanına getmişdim. Soyuqdu, xırdaçıdı, aristokratdı. Boş söhbətdi!»

Sofya Tolstaya qızı Aleksandra ilə
Sofya Tolstaya qızı Aleksandra ilə

«K.Tütçeva yaxşı qız ola bilərdi, əgər üzərində o mənhus bozluq, o quruluq, ağlındakı və hisslərindəki həvəssizlik olmasaydı...»

Geriyə yol yoxdu

...Lev Nikolayeviç artıq 34 yaşına çatıb, Sofya Andreyevna Bersin isə cəmi 18 yaşı var. Qraf artıq çirkin, «yöndəmsiz»di, qız isə - «bütün məsələlərdə qeyri-adi dərəcədə gözəldi». Yaş fərqi qrafa əzab verir, hərdən fikriləşir ki, şəxsi səadət ona qismət deyil...

... Sofya Andreyevnaya sevgisini etiraf eləyəndən sonra Lev Nikolayeviç təkid elədi ki, toy bir həftəyə baş tutsun... Toyu sentyabrın 23-nə saldılar...Son dəqiqədə o, qaçmaq istəyirdi, amma artıq gec idi.

...Toyqabağı Sofya Andreyevna gələcək ərinin gündəliyi ilə tanış oldu. Əri bütün intim yaşantılarını səmimi şəkildə bu dəftərə qeyd eləmişdi.

Lev Tolstoyun arvadının gündəliyindən: «...Onun (söhbət ərindən gedir) keçmişi mənə elə dəhşətli gəlir ki, elə bilirəm, bununla heç vaxt barışa bilməyəcəm. ...O məni öpəndə fikirləşirəm ki: «Onun birinci dəfəsi deyil». Mən də bəzi şeylər yaşamışam, amma xəyalən, o isə canlı, qəşəng qadınlarla yaşayıb hər şeyi...»

Ərinin keçmişi ilə bağlı xəyalətlərdən başqa, Sofya Andreyevnanın həyatını qaraldan şeylərdən biri də qısqanclıq idi... O, ərini bütün qadınlara, ən çox da sevimli kiçik bacısına qısqanırdı.

...Tolstoyun Yasnaya Polyanadakı subay vaxtlarının axırıncı illərində yazıçı bu kənddən olan bir ərli, kəndli qadınla münasibətdə olmuşdu – onun adı Aksinya idi və ehtimallara görə Tolstoyun həmin qadından oğlu da varmış...

Yazıçının gündəliyindən: «Aksinyanı ötəri gördüm. Çox qəşəngdi. ...Həyatımda heç vaxt vurulmadığım kimi vurulmuşam. Başqa heç nə barədə düşünə bilmirəm. Əzab çəkirəm».

...Yarım ildən sonra: «Onu görə bilmədim. Amma dünən... Onun mənə necə yaxın olduğunu düşünəndə əməlli-başlı qorxuram». «Onu axtardım – heç yerdə tapa bilmədim. Bu daha erkək maral ehtirası deyil, ərin arvadına qarşı yaşadığı bağlılıqdı»...

Toydan əvvəl bu əlaqə birdəfəlik bitdi...

Toydan bir neçə ay sonra həmin qadını başqa bir kəndli qadınla birlikdə onların evinə döşəmələri yumağa göndərirlər. Onu Sofya Andreyevnaya göstərirlər. Lev Nikolayeviçin arvadı qısqanclıq əzabında qovrulur...

1862-ci il, dekabrın 16-sı tarixində Sofya Andreyevnanın gündəliyində belə bir qeyd var: «Mənə elə gəlir ki, qıçqanclıqdan çiyinlərimi gəmirəcəm. «Heç vaxt olmadığım kimi aşiq olmuşam» İlahi, özü də bunu kök, cantaraq kənd arvadına yazıb. İndi silahlara, xəncərlərə elə həvəslə baxıram ki. Bircə zərbə - vəssəlam. İlahi, mən dəli olmuşam»...

...Yazıçının ailə münasibətləri çətin alınırdı. ...Tolstoy öz arvadını ancaq bir insan kimi görmək istəyirdi – kişi maraqları artıq azalmışdı.

Amma... lap qocalanda, tale onu təzədən kişinin qadına, ərin arvadına qarşı hiss elədiyini yaşamağa məcbur elədi. ...70 yaşlı Lev Nikolayeviç hərdən arvadını görəndə əməlli-başlı sevinir və həyəcanlanırdı».

http://www.kp.ru/daily/23686.3/51665/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG