Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

Qurban Məmmədova 3 il həbs cəzası kəsildi


Qurban Məmmədova 3 il həbs cəzası kəsildi
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Qurban Məmmədova 3 il həbs cəzası kəsildi

-
Bu gün Bakının Nəsimi rayon Məhkəməsində Qurban Məmmədov yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcburetmə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bir vaxtlar fəal siyasətlə məşğul olan tanınmış vəkil Qurban Məmmədovun özü həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu iddia edir. O, son sözündə bildirib ki, dövlət ittihamçısı ona ən ağır cəza istəyib.

Müttəhimin vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyir ki, 6 aylıq istintaq-məhkəmə prosesi ittihamların yetərincə sübut olunmadığını ortaya qoysa da, hakim bu sübutları dəyərləndirmədi.

Rəsmi ittihamda göstərilir ki, yol qəzası 2012-ci ilin sentyabrın 27-də Bakıda baş verib. Qurban Məmmədov yol qırağında saxladığı maşınını geriyə verərkən parketmə işini həyata keçirən Pərviz Abbasovun ayağı əzilib. Vəkil Xalid Bağırovun sözlərinə görə, Pərviz Abbasova həmin vaxt ərazidə olan başqa maşın xəsarət yetirib. Vəkil deyir ki, Pərviz Abbasov xəsarət alan zaman avtomobilə də zərər dəyməlidir, amma Qurban Məmmədovun maşınında zədələnmə tapılmayıb. Beləcə, Pərviz Abbasovun maşının təkəri altında qalması nəticəsinə gəlinib:

«Bütün məhkəmə təbabəti, ekspertiza kitabları birmənalı göstərir ki, piyada təkər altında qalmazdan öncə maşının qabarıq hissələri ilə toqquşmalıdır. Maşının üstündən keçməsi üçün zərərçəkən təkərin altına düşməlidir. Maşının qabarıq hissələri ilə yalnız o vaxt toqquşma ola bilməz ki, piyada uzanıqlı vəziyyətdə olsun və maşın da onun üstündən keçsin. Belə çıxır ki, zərərçəkən uzanıbmış, maşın da üstündən keçib».

MAŞINI ARXAYA VERƏRKƏN...

Xalid Bağırov rəsmi ittihamın təqdim etdiyi sübutları bir-bir puça çıxardıqlarını söyləyir:
Qurban Məmmədov
Qurban Məmmədov

«Məsələn, şahid deyir ki, günorta saat 1-də Bakının Zığ qəsəbəsində evdən çıxıb, iki marşrut dəyişib və Nəsimi rayonunda hadisə baş verən əraziyə gəlib və təsadüfən hadisənin şahidi olub. İstintaqda elə təsəvvür vardı ki, hadisə saat 14.30-da olub, amma əslində hadisə saat 12.40-da olub. Zərərçəkən Pərviz Abbasov 13.40-da xəsarətlə Travmotologiya İnstitutuna qəbul olunub».

Vəkilin sözlərinə görə, şahidlərin ziddiyyətli ifadələri, o cümlədən zərərçəkənin əvvəlki izahatında başqa maşın tərəfindən vurulduğunu söyləməsi və daha sonra ifadəsini dəyişməsi ziddiyyətlərə yol açır. Rəsmi ittiham bunu onunla izah edir ki, zərərçəkən pulla ələ alınıb, çünki Qurban Məmmədov ona 3 ay müddətinə 1800 manat pul verib, müalicə xərclərini də öhdəsinə götürüb.

Xalid Bağırov Qurban Məmmədovun zərərçəkənə vəsait ödədiyini təsdiqləyir, amma deyir ki, o, maşını arxaya verdiyindən zərərçəkəni kimin – onun, yoxsa o biri maşının sürücüsünün vurduğunu bilmədiyi üçün belə davranıb:

«O biri sürücü maşını sürüb getdiyindən Qurban Məmmədov zərərçəkənə yardım edib, sonra da deyib ki, Pərviz Abbasovun hər günkü qazancını o, sağalana qədər ödəyəcək».

Vəkil müdafiə etdiyi şəxsin – Qurban Məmmədovun olayın obyektiv araşdırılacağına və suçu olan o biri sürücünün daha sonra bu məbləği ona ödəyəcəyinə ümid bəslədiyini söyləyir.

Məhkəməni işıqlandıran media əməkdaşları zərərçəkən Pərviz Abbasovun proseslərə çəliklə gəldiyinə diqqət yetirib və sonra onu iş başında görüntüləyiblər. Həmin videogörüntülərdə Pərviz Abbasovun çəliksiz və sərbəst yeriməsi diqqət çəkir.

«2-3 AY PUL VERDİ, SONRA VERMƏDİ»

Pərviz Abbasovun özü AzadlıqlıqRadiosuna deyir ki, o, həqiqətən də bəzən çəliksiz gəzir:

«Amma çox gəzə bilmirəm, ayağım ağrıyır».

O, Qurban Məmmədova 3 il həbs cəzası verilməsini ədalətli sayır və «bir il mən əziyyət çəkdim, 3 il də o çəksin» – deyir. Müttəhimə qəzəbini də onunla əsaslandırır ki, ailənin tək gəlirgətirəni olsa da, qəzadan sonra bir müddət işsiz qalıb:
Xalid Bağırov
Xalid Bağırov

«Bəs mənim balalarım yazıq deyildi? Mənə 2-3 ay pul verdi, sonra vermədi. 6 aydan çox xəstə yatdım».

O, ilkin ifadəsini sonradan dəyişməsini Qurban Məmmədovun ona verdiyi vədi tutmamasını səbəb göstərir.

Vəkil Xalid Bağırov isə bir il öncə baş vermiş bir hadisə ilə bağlı istintaqın təzələnməsini, zərərçəkənin ağır xəsarət almasının vurğulanmasını və ifadəsinin dəyişdirilməsini Qurban Məmmədovun siyasi fəallığı ilə əlaqələndirib.

Qurban Məmmədovun özü də son sözündə həbsini siyasi motivlərə bağlayaraq deyib ki, əks halda istintaq «qondarma» şahidlərə söykənməz, onun cəza alması üçün məhkəməyə bu qədər saxta sübut təqdim etməzdi.

1959-cu ildə Naxçıvan Muxtar Respublikasında doğulan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, milli-azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb.

Vəkil Xalid Bağırov hökmdən apellyasiya verəcəklərini, Avropa Məhkəməsinədək gedəcəklərini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG