Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:22

Naxçıvanda güllə yarası alan əsgər dövlətdən pensiya ala bilmir...


Sərxan Əhmədov
Sərxan Əhmədov
-
«Güllə arxadan, çanaq sümüyündən girib, qarnından çıxmışdı. Hospitalda əməliyyat olundu, 6 gün reanimasiyada qaldı. 2 ay hospitalda yatandan sonra ordudan tərxis eləmək yerinə, oğlumu göndərdilər təkrar xidmətə».

Naxçıvan sakini Səkinə Əhmədova hərbi xidmətdə yaralanan oğluna dövlət qayğısının olmamağından şikayətlənir. O deyir ki, oğlu Sərxan Əhmədov 2011-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Onun sözlərinə görə, döyüş bölgəsində ağır yaralandıqdan sonra Naxçıvan Hərbi Hospitalına yerləşdirilib. Səkinə Əhmədova deyir ki, çanaq sümüyü zədələnməsinə baxmayaraq, oğlunu təkrar hərbi xidmətə qaytarıblar.

«ADAMIMIZ YOXDUR DEYƏ...»

O, deyir ki, oğlu təkrar hərbi xidmətə qaytarıldığından indi ona əlillik dərəcəsi ala bilmir:

«Oğlum qayıtdı xidmətə, xəbər gəldi ki, vəziyyəti ağırlaşıb. Yarası sağalmamış göndərmişdilər xidmətə. Bizdən nə isə umurdular. Biz də kasıb adamlarıq. Xidməti başa vurandan sonra yenə getdim hospitala, sənədlərini aldım uşağın. Mənə bir kağız verdilər. Apardım Şərur rayon DSMF-na, dedilər ki, bu sənəd elə yazılıb ki, buna pensiya kəsilməz. İndi baxıram, adamı olanların əsgərlikdə barmağı yaralanır, 250-300 manat pensiya kəsirlər. Mənim uşağımın çanağı deşilib, heç nə vermirlər. Heç təşəkkür də eləyən yoxdur ki, vətən uğrunda qanını tökübsən. Bizim adamımız yoxdur deyə, belə edirlər. Təkrar getdim hospitala, dedilər ki, xəstəxanadan xidmətə göndərilibsə, əlil sayıla bilməz».

«DÖVLƏT OĞLUMUN HAQQINI YEDİ»

Səkinə Əhmədova deyir ki, məsələ ilə bağlı ovaxtkı müdafiə naziri Səfər Əbiyevə şikayət yazsa da, heç bir cavab almayıb:

«Uşağım əlildir indi. 10 kilodan artıq yük götürə bilmir. Dövlət bizimlə heç maraqlanmadı ki, bu cür adam var, ya yox? Axı o qan töküb vətəni qoruyarkən. Mənim uşağımın qanı itdi batdı. Bir təşəkkür də etmədilər ki, qanını axıtmısan. Uşaq əsgər gedəndə top kimi idi, indi əldən düşüb, psixologiyası pozulub. Dövlət oğlumun haqqını yedi. Mən uşağımın haqqını, onun itirdiyi qanı istəyirəm».

«SAĞALIB Kİ, QAYTARIBLAR HƏRBİ XİDMƏTƏ»

Şərur rayon DSMF-nun əməkdaşı Firuz Əhmədov isə deyir ki, onlar yalnız əlillik dərəcəsi olan vətəndaşlara təqaüd kəsirlər. Firuz Əhmədovun sözlərinə görə, Sərxan Əhmədov hospitaldan təkrar xidmətə qaytarılıbsa, deməli, ona əlillik dərəcəsi müəyyənləşdirilməyib:
Üzeyir Cəfərli
Üzeyir Cəfərli

«Yaralanıbsa, bu haqda həkim ekspert qrupundan rəy almalıdır, əlillik dərəcəsi müəyyənləşməlidir, sonra bizə müraciət etməlidir. Əlillik dərəcəsi alıbsa, müraciət etsin həll edək. Sağalıb ki, qaytarıblar hərbi xidmətə. Sonradan xəsarət alarsa, bundan sonra həkim ekspert qrupu rəy yazarsa, biz lazım olanı edərik».

«ONUN ƏLİNDƏ DAŞDAN KEÇƏN SƏNƏDLƏR VAR»

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, əgər güllə yarası alıbsa və bunu sübut edən sənədlər varsa, həmin hərbi qulluqçuya təqaüd verilməsi mütləqdir:

«Həkim komissiyasından keçirmək mütləq lazımdır ki, hazırkı vəziyyətlə bağlı rəy alınsın. Onların əlində olan epikrizlərə baxmaq lazımdır. Xidmət müddətində güllə yarası alıbsa, çox güman ki, bununla bağlı cinayət işi də açılıb. Ortada güllə faktoru varsa, çanaq sümüyünə dəyibsə, əlillik də ala bilər, hətta kompensasiya da tələb edə bilər. Hərbi qulluqçu xəsarət alırsa və üç il müddətində əlillik dərəcəsi müəyyən olunursa, həmin şəxsə hərbi qulluqçu kimi təqaüd kəsirlər. Bu onun haqqıdır və bu haqqı onun əlindən heç kim ala bilməz. Onun əlində daşdan keçən sənədlər var. Məhkəməyə müraciət edib istədiyinə nail ola bilər».
XS
SM
MD
LG