Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:37

Neftsiz Azərbaycan [Video]


-


«İşdən sonra» verilişində neftsiz Azərbaycan perspektivi müzakirə edilib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyri-neft sektorunun inkişafı ilə bağlı statistik rəqəmlərin reallığı əks etdirmədiyini deyir:

«Hökumət çoxdandır iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı barədə danışır. Ancaq real Azərbaycan və statistik Azərbaycan mənzərəsi var. Məmurlar müxtəlif hesabatlarda göstərdikləri rəqəmlərlə hər şeyin pozitiv, yaxşı olduğuna inandırmaq istəyir. Reallıqda isə bu mənzərəni görmürük. Hökumət büdcəni doldura bilmir. Nəticədə büdcədə kəsr yaranır. Statistik rəqəmlərə görə, kənd təsərrüfatı, rabitə sahəsində gəlirlərdə sıçrayışlar var. Bəs bu qədər inkişaf varsa, niyə büdcəyə vəsait daxil olmur? Maraqlı məqam odur ki, hökumət Neft Fondundan büdcəyə olan transferlərə neftdən gələn gəlir kimi baxmır…».

İqtisadçı-ekspert Azər Mehdiyev ARDNF-nin daha çox prezidentdən asılı olduğunu düşünür:

«Dövlət Neft Fondunun fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur. Onun fəaliyyəti prezidentin fərmanı və bu fərmandan doğan qərarlar ilə tənzimlənir. Fond prezidentə hesabat verir. Bu baxımdan vəsaitin necə xərclənməsində qərar qəbul etmək Neft Fondunun səlahiyyətində deyil. Bu məsələdə əsas söz sahibi prezidentdir. Prezidentin fərmanı ilə təsdiq edilmiş «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya»ya görə, neft gəlirlərində daxilolmalar pik nöqtəyə çatanda, Neft Fonduna daxil olan vəsaitin 75 faizindən çoxu xərclənməyəcək. Ancaq araşdırmalar göstərir ki, bu il göstərilmiş normativə əməl olunmur, daha çox vəsait xərclənir. Daxil olan vəsaitlə xərclənən vəsait arasında nisbət strategiyada göstərilən həddən fərqlidir…».

ARDNF-nin mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva Neft Fondunun xərclərinin şəffaf olduğunu deyir:

«Son günlər bir sıra KİV-lərdə məlumat gedir ki, fond 2014-cü ilin xərclərini indidən xərcləyir. ARDNF-nin gəlirləri, xərcləri şəffaf idarə olunur. Fondun büdcəsi icmal büdcənin tərkib hissəsidir. Neft Fondunun büdcəsi tərtibi edilərkən Dövlət Büdcə Komissiyasında müvafiq qurumların iştirakı ilə müzakirələr edilir. Daha sonra isə Milli Məclisdə millət vəkilləri tərəfindən müzakirə olunur…».

Cəmalə Əliyeva fondun törəmə şirkətlərə sahibliyini belə izah edir:

«ARDNF-nin törəmə şirkətləri haqqında məlumatlar saytımızda var. Lakin bu məlumatlar ictimaiyyətə doğru çatdırılmayıb. Fond 2012-ci ildən daha gəlirli sahələrə investisiya qoymağa başladı. Törəmə şirkətlərin yaranmasında məqsəd daşınmaz əmlak investisiyaları ilə bağlı idi. Təsis edilən şirkətlər Neft Fonduna aiddir. Şirkətlərin də bir aktivi vardır. Törəmə şirkətlər də daşınmaz əmlakın alınması sahəsindədir. Məqsəd vergilərin azaldılması və məsuliyyətin məhdudlaşdırılmasıdır. Bu şirkətlər də hər il audit olunur…».
XS
SM
MD
LG