Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

YAP funksioneri «ağ-qara adamlar» deyəndə...


Siyavuş Novruzov
Siyavuş Novruzov
-
Siyasətçilər öz nitqlərində kobud səslənən və ya milli, dini və ya irqi ayrıseçkilik kimi qavranan ifadələrə yer verə bilərmi? Onların nitqində belə ifadələrə rast gəlinməsi, sadəcə, dil xətası sayılmalıdır, yoxsa şüuraltı gerçəklərin üzə çıxması? Bilərəkdən və ya bilməyərəkdən çaxnaşma salmaq, qarşılıqlı nifrət və dözümsüzlük toxumları səpmək indiki Azərbaycan cəmiyyətinə nə qazandırır? Bunlar cəmiyyətdə müxtəlifliyin, çoxmədəniyyətliliyin, tolerantlığın oturuşmasına nə dərəcədə əngəl yaradır? Sualların sayını artırmaq da olar.

Ayrı-ayrı vaxtlarda ictimai fiqurların nitqində rast gəlinən və birmənalı qarşılanmayan ifadələr məhz bu yönlərdən medianın gündəminə gəlir. Məsələn, Milli Məclisin üzvü İlham Əliyevin nitqindəki «qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid etməliyik» çağırışı «dini dözümsüzlük» kimi qiymətləndirilməmişdimi?

İndi də YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun publika.az-a son müsahibəsi jurnalistlərin diqqət hədəfindədir. Onun «ağ-qara adamlar» deyimini irqi ayrıseçkilik kimi yozanlar da var. S.Novruzovun dilə gətirdiyi sözlər:

«Hər bir adamın ağılı nəyi kəsirsə, onu da deyir. Bir də görürsən ki, Azərbaycanı xəritədə belə göstərə bilməyən adamlar Azərbaycan haqqında fikirlər söyləyir. Bu cür ağ və qara adamlar elə gülünc fikirlər söyləyirlər ki, adam baxıb gülür».

Ağla ağ-qara həqiqətlər, göy qurşağındakı rəngləri ağ-qara səviyyəsinə düşürmək, gerçəkliyi bəsitləşdirmək fikirləri də gələ bilərdi. Bu halda S.Novruzova haqq qazandırmağa da kimsə təəccüblənməzdi. Amma o, sözügedən ifadəni BMT-nin toplaşma və birləşmə üzrə xüsusi məruzəçisi, qaradərili Maina Kiai-nin «Guardian» qəzetində yazdığı məqaləyə münasibət bildirərkən söyləyib.
Niyazi Mehdi
Niyazi Mehdi
BMT məruzəçisi Azərbaycanda keçirilmiş prezident seçkisinə də toxunaraq bu seçkini Kamboca və Zimbabve ilə müqayisə etmişdi.

AZƏRBAYCANDA NİTQİN KARYERAYA TƏSİRİ AZDIR

Dil bilicisi, prof. Niyazi Mehdinin sözlərinə görə, bənzər nitqlər Avropa tribunasından səslənsəydi, böyük qalmaqal qopardı. Onun fikrincə, siyasətçilərin nitqində rast gəlinən «xoruz»lar onların məsələyə münasibətinin göstəricidir ki, dilə gəlir:

«Adamlar mədəniyyətə öz ləhcələri ilə gəldiyi kimi, adi şüurlarının tərbiyəsi ilə də gəlirlər. Və hiss eləmirlər ki, belə şey demək ayıbdır. Ola bilsin, adamlar var, söyüş xoşuna gəlir. Amma bir qrupun xoşuna gəlmək üçün belə danışanda, unudursan ki, əksəriyyət belə kobud danışığı qəbul etmir».

N.Mehdi vurğulayır ki, siyasətçi, vəkil və müəllimlərin nitqi karyera üçün ayrıca önəm daşımadığı üçün onlar öz nitqlərini gəlişdirmirlər. Ekspertin fikrincə, seçkilər də nitqin məzmununa önəmli dərəcədə təsir göstərmir:

«Seçkilərdə real uduş mümkün olsa, onda siyasətçilər adamların ürəyini ələ almaq üçün nitqləri üzərində gecə-gündüz işləyərlər».

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
«HANSISA QRUPU AŞAĞILAYAN SİYASƏTÇİYƏ İCTİMAİ ETİRAZ YOXDUR»

Harvard məzunu Bəxtiyar Hacıyev düşünür ki, siyasətçinin hər hansı başqa bir insanı aşağılaması, onu ayrıseçkiliyə məruz qoyması siyasi baxımdan təhlükəli olmasa da, mənəvi, etik baxımdan doğru sayılmaz:

«Adətən, inkişaf etmiş ölkələrdə siyasətçilərin belə səhvlərinə dərhal və sərt reaksiya verir, siyasətçini üzr istəməyə məcbur edirlər. Üstəlik, siyasətçi cəmiyyətdəki azsaylı seçici qruplarının da maraqlarını nəzərə almalıdır. Bəzən siyasətçilər daha böyük qrupun səsini qazanmaq üçün say, təsir imkanları və nüfuz baxımından daha kiçik qrupu aşağılayan ifadələri bilərəkdən və məqsədli şəkildə işlədirlər».

Bəxtiyar Hacıyevin fikrincə, Azərbaycan siyasətində işlədilən belə ifadələrə ciddi ictimai reaksiya olmadığından buna yalnız ifadənin ünvanlandığı qruplar etirazı bildirir. Onun sözlərinə görə, millət vəkili, tutalım, müəyyən dini inanclı şəxslər haqqında düzgün ifadələri seçməyəndə, həmin məzhəbə aid dindarlar etiraz edirlər, başqaları yox.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Müsahibimiz əlavə edir ki, ictimai etiraz olmadığına görə, siyasətçilər də nitqlərində işlətdikləri ifadələri daha diqqətlə seçməkdə maraqlı olmur və sözlərə görə cəmiyyətə açıqlama vermirlər.

«HƏR KƏS NİTQİ QARŞISINDA MƏSULİYYƏT DAŞIYIR»

Bəs siyasətçilərin nitqlərində bu tipli ifadələrə yer verməsi onlara hüquqi məsuliyyət doğururmu? Sualı hüquqşünas Ələsgər Məmmədli cavablayır:

«Fərqi yoxdur, o siyasətçidir, ya sadə vətəndaş. Hətta siyasətçilər daha diqqətli yanaşmalıdırlar, çünki onların daha tolerant olmaq məcburiyyəti var, çünki onlar siyasətlə məşğuldurlar».

Ə.Məmmədlinin fikrincə, ifadə azadlığı irqi, milli, etnik ayrıseçkiliyi deyil, tolerantlığı qoruyur.
XS
SM
MD
LG