Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:36

İsveç Akademiyası Umberto Eco-nu "iqnor"a qoyub?


Umberto Eco
Umberto Eco
-

Əlahəzrət Umberto Eco...

Bu adın yiyəsi elə məşhuri-cahandır ki, hətta özünü ona oxşatmaq da şərəf sayılır. məsələn. "Azərbaycanın Umberto Ekosu"...

Di gəl hələ 1980-ci ildə "Qızılgülün adı" romanı ilə dünya şöhrətinə qovuşan italyan yazıçısının adı uzun illər Nobel mükafatını almağa ən şanslı yazarlardan biri kimi hallandırılsa da, hələ də bu, gerçəyə çevrilməyib.

Bəzən adamda elə təsəvvür yaranır ki, bir çoxlarının dünya ədəbiyyatının canlı klassiki saydığı Eco-nu sanki Nobel mükafatının qalibini seçən İsveç Akademiyasında sözün əsl mənasında "iqnor"a qoyublar.

"Lolita"nın müəllifi Nabokov kimi...

Əlbəttə, bunu rəsmən kimsə dilə gətirməyib. Amma 80 yaşını haqlamış Eco-ya bu ali mükafat qismət olmaya da bilər (mükafat yalnız həyatda olan yazarlara verilir).

Eco-nu hətta Nobel mükafatçıları da özünə ustad sayır. Elə bu yaxınlarda türk yazıçısı Orxan Pamuk Eco-nun özünə etiraf etmişdi ki, ondan çox şey öyrənib.

Əgər bu ədəbi mükafatın verilməsində yazarın ictimai fəaliyyəti nəzərə alınırsa, Eco burda da "axsamır". İtaliyanın keçmiş baş naziri, hakimiyyətdən beşəlli yapışmaqla "ad çıxarmış" Silvio Berluskoninin istefasını tələb edənlərdən biri də o idi, etirazların önündə gedir, hətta Berluskonini Hitlerlə müqayisə edirdi.

Bəs Eco-nun "suçu" nə?

Bəziləri güman edir ki, hədsiz populyarlığı Eco-nun həm də əleyhinə işləyir. İsveç Akademiyasında kütlənin sevimlisi olan yazarlara qarşı qıcığın olması sirr deyil. Bir neçə ay əvvəl akademiyanın daimi katibi Peter Englund Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi zamanı "Siz “yüksək bədii söz sənət”ini təmsil edənləri seçirsiz. “Şərti Coelho” Nobel mükafatını ala bilmir. Hərçənd o, 2003-cü ilin laureatı Kutzeedən daha populyar müəllif olaraq qalır. Bunu nəzərə alıb “planka”nı salmaq fikriniz yoxdur ki?" sualının cavabında belə demişdi:

"Məqsədi oxucunu əyləndirmək olan müəlliflər həmişə olub. Burda pis bir şey yoxdur. Amma bizim mükafatımız belə ədəbiyyat üçün nəzərdə tutulmayıb. Biz yazıçıları müstəsna xidmətlərinə görə mükafatlandırırıq, “müstəsna əyləncələrə görə” yox".

Eco-nun milyonlarla tirajla satılmış romanlarının strukturu əsasən kriminal, detektiv süjetlərə əsaslanır. Romanlar ya orta əsrlərdə baş verir, ya da o dövr kitab üçün "dekorasiya" olur.

Bolonya Universitetinin professoru olan Eco orta əsr Avropasını "beş barmağı kimi" bilir, onun romanları qədim cəngavər ordenlərindən tutmuş monastır inventarına qədər ən maraqlı detallarla bəzədilib. Süjet bir yana, əsəri həm də bunları öyrənmək, bilmək üçün oxuyursan.

Eco oxucusunu HƏM DƏ əyləndirdiyini inkar etmir:

"Mən oxucunu əyləndirmək istərdim. Oxucuya ən azından özümün əyləndiyim qədər əyləncə bəxş edərdim. Bu çox mühüm məsələdir və bizim roman haqqında əvvəlki təsəvvürlərimizin hamısını yerlə-bir edir".

Amma onun fikrincə, əylənmək, əsas mətləbdən yayınmaq, problemə arxa çevirmək anlamına gəlməz.

Görəsən, İsveç Akademiyasında doğrudanmı Eco-ya intellektual qiyafəli belletrist kimi yanaşırlar? Doğrudanmı Eco mifdir?

Yoxsa İsveç Akademiyasının ciddi ədəbiyyat təəssübkeşliyi ifrat həddədir?

Kriminal süjetlər və tarixi bilgilər, bütün bu bəzək-düzək post-modernist Eco üçün yalnız priyomdur. Əsərlər əslində, çox ciddi mövzularda yazılıb. Məsələn, "Qızılgülün adı" xirtdəyəcən çirkaba batmış katolik kilsəsindən, əxlaq mübəlliği olduqları halda ən pozğun işlərlə məşğul olan keşişlərin gizli həyatından, cinayətlərindən bəhs edir. "Fukonun kəfgiri"ndə insanların beynini zəhərləyən, cəmiyyəti yanlış səmtə yönəldən, hətta faşizmə, dünya müharibəsinə, dəhşətli faciələrə yol açmış "komplo" nəzəriyyələri hədəfə alınır...

Axır illərdə mərc saytarında Eco heç "Nobel"ə ən şanslılar sırasında da düşmür. Məsələn, bu il 20-likdə də yoxdur.

Bəlkə əsas səbəb heç sadaladıqlarımız da deyil.

"Fukonun kəfgiri"ndə (1988) Eco-nun baş qəhrəmanları Belbo və Kazabon arasında dialoqdan bir parçaya diqqət edək. Dialoqun əsas mövzusuna aid olmadığı halda birdən-birə Nobel mükafatının adı çəkilir:

"– Bu, axmaqlıqdı, yoxsa yox?
– Baxır da. Mənim də dediyim odur ki, adamın axmaq olub-olmadığını bilmək çətindir. Axmaq adam asanlıqla Nobel də qapazlaya bilər..."


Yenə də gözləməyə dəyərmi?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG