Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:45

Seçki utancları


Namizədlərin teledebatı
Namizədlərin teledebatı
-
«Ayna» qəzeti seçki utanclarından yazır.

Qəzet seçki təbliğatına ayrılan müddətin 21 günə salınmasından tutmuş TV-nin pullu təşviqatdan yayınması, fikrini söyüşlə ifadə edən prezidentliyə namizədlərin çıxışlarına qədər bir sıra məsələləri sadalayır:

«Cəmiyyətdə heç bir nüfuzu olmayan, fikrini söyüş və həqarətsiz ifadə etməyi bacarmayan insanlardan namizəd düzəldib auditoriyanın qabağına çıxarmaq kütləni seçkilərdən iyrəndirməkdən başqa hansı niyyətin göstəricisi ola bilər ki?».

«BEYNƏLXALQ TƏŞKİLAT NƏ QƏDƏR İSTƏYİR HESABAT YAZSIN...»

«Beynəlxalq təşkilat nə qədər istəyir hesabat yazsın, bizim gizlədiləsi və qorxacağımız bir məqam yoxdur». Bunu «Yeni Müsavat» qəzetinə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Komitə sədri seçkilərə də toxunub:

«Biz demokratik seçki keçiririk və hər kəsi də ölkəmizə dəvət edirik. Gəlmək istəməyənlərə də dedik ki, gəlin, görün ki Azərbaycanda seçkilər necə keçirilir».

«AXCP İLƏ MÜSAVAT NÜMAYƏNDƏLƏRİ BİR-BİRİNƏ ATMACA ATIR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Milli Şuranın mitinqləri dağıdıcı düşərgənin acınacaqlı durumundan xəbər verir».

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi
​Qəzet Şuranın Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksində keçirdiyi mitinqlərə toxunur:

«Məsələn, mitinq boyu AXCP ilə Müsavat partiyasının nümayəndələri bir-birinə atmaca atdı, biri digərinin liderinin ünvanına nalayiq sözlər deməkdən belə çəkinmədi».

KORRUPSİYAYA ŞƏRAİT YARADAN 70 HAKİM

«Kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 70 hakim məhkəmə sistemindən uzaqlaşdırılıb».

AzərTAc-ın yazdığına görə, bunu Məhkəmə-Hüquq Şurasının oktyabrın 4-də keçirilən iclasında ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir şəffaf qaydalarla seçilmiş 235 hüquqşünasın hakim vəzifələrinə təyin olunduğunu söyləyib:

«Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir».

«BU, KRALLIQ DÖVRÜNÜ XATIRLADAN BİR QƏRARDIR»

«Prezidentin şərəf və ləyaqətinin ayrıca qorunması qaydasını müəyyənləşdirmək krallıq dövrünü xatırladan bir qərardır».

Rəşid Hacılı
Rəşid Hacılı
Bunu «Azadlıq» qəzetinə müsahibəsində hüquqşünas Rəşid Hacılı deyib.

Milli Məclisin payız sessiyasının ilk iclasında vitse-spiker Ziyafət Əsgərov belə bir məsələ ilə bağlı çıxış edib. Qəzet bunu prezidentliyə namizədlər arasında ictimai televiziyada keçirilən dəyirmi masada prezidentliyə namizəd Cəmil Həsənlinin İlham Əliyevə məxsus əmlak və bank hesabları ilə bağlı açıqladığı məlumatlarla izah edir. Yazıda belə bir qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılacağı qeyd olunur.

Hüquqşünas isə hesab edir ki, «Bu qanundan istifadə etmək və ondan çıxış edərək kimlərisə hədələmək normal düşüncənin məhsulu deyil».

«BİZƏ QALSAYDI, HƏR DƏFƏ İLHAMA ƏLA QİYMƏTLƏR YAZARDIQ»

Bunu «Media forum» saytına müsahibəsində 70-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə İlham Əliyevə dərs demiş Emma Kazımova söyləyib:

«Mən ona 4 yaza bilmirdim, oxuyurdu axı. Fizika müəllimi Nikolay Şişkin vardı. Deyirdi şagird kitabı öyrənib gəlməsin, mənim yanımda nasaz ütünü, zəngi açıb düzəltsin, qiymət verim. İlhama da 4 yazdı, dedi o, fizikanı 5-ə bilmir. Attestata da qiymət belə getdi. Ona görə də İlham qızıl medal ala bilmədi. O vaxt Heydər Əliyev bu məsələyə qarşı çıxmadı. Heydər Əliyev deyib ki, düzəliş lazım deyil, bu qiyməti alıb. İndi valideynlər tamam başqa cür hərəkət edir, müəllim tuturlar. Amma o vaxt valideynlər, o cümlədən İlham Əliyevin valideynləri – Heydər Əliyev və Zərifə xanım deyirdi hamı necə, bizim uşaq da elə. Bütün mənada baxışları belə idi».

S-300
S-300
DEPUTAT VƏ JURNALİSTLƏR «S-300»Ə BAXIBLAR

«Trend» agentliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində Milli Məclisin üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə «S-300» zenit raket kompleksinə ictimai baxış keçirildiyini yazır.

Hərbi hissənin komandiri Cəlil Seyfullayev bildirib ki, bu sistem 27 km hündürlüyə qədər, 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər:

«Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 km radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 km məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur».

Azərbaycan bu kompleksi 2010-cu ildə Rusiyadan alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG