Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

Azərbaycan internetə görə qismən azad ölkələr arasındadır


Rəşid şerifin karikaturası
Rəşid şerifin karikaturası
-

«Freedom House» təşkilatının «İnternet Azadlığı 2013: İnternet və Rəqəmsal Medianın Qlobal Vəziyyəti» adlı yeni hesabatı 60 ölkəni əhatə edir.

Hesabatda deyilir ki, bu il üçün qiymətləndirilməsi aparılmış ölkələrdən 29-u internetdə müəyyən siyasi və sosial məzmunları bloklayıb.

Çin, İran və Səudiyyə Ərəbistanı kimi ölkələr interneti bloklamaq və filtrləmək üçün ən müasir vasitələrə malikdirlər. Bu ölkələrdə minlərlə internet saytına giriş qapalıdır.

Lakin hətta Hindistan və Cənubi Koreya kimi demokratik ölkələrdə də bəzən müəyyən vaxtlarda siyasi məzmunlu saytları bağlayıblar.

İnternet saytlarını əvvəllər ara-sıra bağlayan Rusiya və İordaniya isə indi bu prosesi daha da intensivləşdirib.

Hesabatda sosial şəbəkələrdə və bütövlükdə internetdə siyasi fəallığa və postlarına görə istifadəçilərin özünü hədəfləyən ölkələrdən də söz açılır.

Belə ölkələrə misal kimi Türkiyə, Banqladeş və Azərbaycan göstərilir.

Sənəddə deyilir ki, Belarus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Ukrayna İnformasiya və Kommunikasiya Texnologiyalarına nəzarət sistemini tətbiq etməyə başlayıblar. Onlar belə bir təcrübəni SORM kimi tanınan Rusiya sistemindən götürüblər.

Adları çəkilən ölkələr internetin və istifadəçilərin güdülməsini genişləndirən qanunvericilik aktları da qəbul ediblər.

Hesabatda qeyd olunur ki, son vaxtlar ABŞ-da müşahidə və izləmə fəallığı diqqət mərkəzinə gəlsə də, ötən il dünya ölkələrinin əksəriyyətində bu cür fəaliyyətlər genişlənib.

60 ölkədən 35-ində hökumətlər internetin güdülməsi üçün təkmil texnologiyalar almış, bununla da internet fəaliyyəti izlənilənlərin dairəsini genişləndirmiş və onlara daha səmərəli izləmə imkanları verən qanunlar qəbul etmişlər.

Bu da qeyd olunur ki, yerdə qalan 25 ölkədə də izləmə sistemlərinin yaxşılaşdırıldığını güman etmək olar. Ola bilsin, bu ölkələr sadəcə olaraq güdmə fəaliyyətlərini daha bacarıqla gizlədə biliblər.

GÜRCÜSTAN VƏ ERMƏNİSTAN AZAD, AZƏRBAYCAN QİSMƏN AZADDIR

«Freedom House» qiymətləndirmə üçün bu dəfə də özünün ənənəvi bal sistemindən istifadə edib və ölkələri «azad», «qismən-azad» və «azad olmayan» adlı 3 kateqoriyaya bölüb.

Qiymətləndirmə 0-dan 100-dək bal sistemi ilə keçirilib. Burada 0 ən yüksək, 100 isə ən aşağı qiymətdir.

Hesabatda, «azad» ölkələr kateqoriyasında (0-30) ABŞ, Britaniya, Fransa kimi ölkələrlə yanaşı, Gürcüstan (26), Ukrayna (28) və Ermənistan (29) da var.

Azərbaycan (52) 31-60 bal arasında qiymətləndirilmiş «qismən azad» ölkələrin sırasındadır. Keçmiş sovet respublikalarından bəziləri də bu kateqoriyadadır: Qırğızıstan(35), Rusiya(54), Qazaxıstan (59).

Keçmiş sovet ölkələrindən ikisi –Belarus (67) və Özbəkistan (78), Pakistan(67) və İranla (91) birlikdə «azad olmayan» ölkələrin kateqoriyasına düşüb.

5 QƏPİK VƏ 10 MANAT

Freedom House təşkilatının hesabatında bildirilir ki, hakimiyyət tərəfindən təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycanın gənc fəalları öz mübarizələrində internetdən geniş istifadə edirlər.

Qeyd edilir ki, siyasi fəallar hökumətin avrtoritar üsul-idarəsinə qarşı etiraz aksiyalarının təşkili üçün sosial şəbəkələrdən faydalanırlar.

Məsələn, 2013-cü ilin yanvarında “Əsgər ölümlərinə SON” etiraz aksiyasına çağırışlar Facebook vasitəsilə edilib.

Bildirilir ki, polis aksiya iştirakçıları arasında həbslər aparmasa da, onları cərimələyib.

Facebook vasitəsilə buna cavab olaraq keçirilən “5 qəpik” kampaniyasında yüksək cərimələrin ödənməsi üçün fəallar tərəfindən pul toplanıb.

Hesabat müəlliflərinin fikrincə, məhz buna görə də hakimiyyət, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edib. Bu maddəyə əsasən siyasi partiyalara, vətəndaş cəmiyyəti təşkilatlarına və beynəlxalq QHT-lərə 200 manatdan artıq vəsait ianə edənlər bunu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidirlər.

Bunu etməyənlər daha ağır məbləğlərdə (250-700 manat civarında) cərimə edilə bilərlər.

Bu ianələri qəbul edən təsisatlar üçün isə 1000 manatdan 10 min manatadək cərimələr nəzərdə tutulub.

ŞƏXSİ KOMMUNİKASİYALAR GÜDÜLÜR

Hesabatda vurğulanır ki, Avropa Şurasının, ATƏT-in və BMT-nin üzvü olmasına baxmayaraq Azərbaycan təməl insan haqlarına dair beynəlxalq öhdəliklərinə əməl etməkdənsə, bu hüquqları müxtəlif qanunvericilik aktları ilə əzməyə çalışır.

Sənəddə deyilir ki, internetdə ifadə azadlığını kriminallaşdıran qanunlar olmasa da, Azərbaycan hakimiyyəti jurnalistləri və vətəndaşları cəzalandırmaq üçün artıq mövcud olan qanunvericiliyi tətbiq edir.

Bu da bildirilir ki, internetdə fəal olanlara qarşı standart “böhtan” ittihamından başqa, narkotiklər və qanunsuz silah saxlanması kimi qondarma ittihamlar irəli sürülür.

Hesabatda həmçinin şəxsi kompüterlərin güdülməsi məsələsinə də toxunulur və bildirilir ki, şəxsi kommunikasiyalara müdaxilə qanunla qadağan edilsə də, “operativ axtarış fəaliyyəti haqqında qanun” hüquq-mühafizə orqanlarına və təhlükəsizlik xidmətlərinə “şəxsiyyətə və dövlətə qarşı ciddi cinayətlərin qarşısının alınması” məqsədilə məhkəmə qərarı olmadan izləmə əməliyyatları aparmaq imkanı verir.

Belə bir məqama diqqət yetirilir ki, şəxsi kommunikasiyaların izlənməsini etiraz aksiyalarına və internetdəki fəallıqlarına görə həbs edilənlər də təsdiq edirlər.

Məsələn, Xalq Cəbhəsi Partiyasının gənclər qolunun fəalı Türkel Əlisoy 2013-cü ilin fevralında həbs olunaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirliləndə, dindirmə zamanı ona Facebook səhifəsinin və mesajlarının surətləri göstərilib.

Sənəddə həmçinin qeyd olunur ki, bu cür güdmə əməliyyatları istifadəçilərin şəxsi mobil telefonlarına qarşı da tətbiq edilir.

Freedom House təşkilatının hesabatında qeyd olunur ki, bir çox hallarda hakimiyyət orqanlarının güdmə əməliyyatları nəticəsində əldə edilmiş materiallardan siyasi fəalların, jurnalistlərin və müxalifətin şantajı və təqibi üçün istifadə edilir.
XS
SM
MD
LG