Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Hilal Məmmədovun gözləntiləri və... cəzası


Hilal Məmmədov
Hilal Məmmədov
-
Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova hökm oxunub. O, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

HÖKMDƏN 3 SAAT ƏVVƏL

Saat 12-yə təyin olunmuş məhkəmə iclası nahar fasiləsinə 5-10 dəqiqə qalmış başladı. Təxminən 10 dəqiqə sürən son sözündə Hilal Məmmədov bu məqamları vurğuladı:

«Bir il 3 ay 6 gündür ki, həbsdəyəm. 9 aydır ki, məhkəməm gedir. Məni bura gətirib aparmaqda zəhmət çəkən nəzarətçilərə, əsəbi, gərgin vaxtlarımda mənə tab gətirən hakimlərə, mənə görə 9 aydır bura ayaq döyən qohumlara, dostlara təşəkkürümü bildirirəm. Cibimə, evimə narkotik maddə atanların, flaşkartıma saxta material yerləşdirənlərin isə günahlarını bağışlayıram. İstintaq vaxtı da, məhkəmə vaxtı da mənimlə görüşən polis, prokurorluq, ədliyyə işçiləri özləri etiraf ediblər ki, başıma gələnlər quramadır, ittihamlar saxtadır. İndi iki yol var – ya ədalətli hökm çıxarıb mənə bəraət verəcəksiniz, ya da həbsdə saxlamaqla bu dırnaqarası cinayət işinin bu məhkəməyə nə qədər utanc gətirəcəyini görəcəksiniz».

«DEYİRLƏR SİZ ÇOX ƏDALƏTLİ HAKİMSİNİZ»

Hilal Məmmədov son söz deyərkən, optimist ovqatda görünürdü. Hətta hakimə tərif də söylədi:

«Azər Orucov, sizin çox ədalətli hakim olduğunuzu deyirlər. Mən inanıram ki, bu, belədir. Sizdən ədalətli qərar gözləyirəm».

Son söz bitincə hakim fasilə elan etdi. Təxminən 3 saat sonra hamı məhkəmə salonuna hökmü dinləməyə toplaşdı.
Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib.
Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib.

Hakim 28 vərəqdən ibarət hökmün qısa variantını oxudu. O, Hilal Məmmədovun İran xüsusi xidmət orqanları ilə gizli əməkdaşlığının, evindən və cibindən narlotik vasitə tapılmasının məhkəmədə şahid ifadələri ilə təsdiqləndiyini bildirdi. Hakim daha sonra təqsirləndirilən şəxsin müsbət xarakterizə edilməsini, elmlər doktoru olmasını, ilk dəfə məhkəməyə çəkilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirərək hökmün nəticə hissəsini elan etdi:

«Bu hallar Hilal Məmmədova əməllərinə görə nəzərdə tutulan cəzanın aşağısından da aşağı cəza təyin etməyə yol verir. Hilal Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilsin. Hökmdən 20 gün müddətinə apellyasiya şikayəti verilə bilər».

VƏ... HİLAL MƏMMƏDOVDAN QARĞIŞ YAĞIŞI

Məhkəmə salonunu 3 saat əvvəlki optimistliyindən bircə anda əsər-əlamət qalmayan Hilal Məmmədovun qarğış sədaları götürdü:

«Çox ədalətsiz hökm çıxartdınız. Allah bu hakimiyyətin bəlasını versin. Allah sizə qənim olsun».

Daha sonra hakim kürsüdən çəkildi, amma nəzarətçilər imkan vermədiklərindən Hilal Məmmədovun məhkəməsi ilə bağlı son görüntülər də telekamera obyektivlərində əksini tapmadı.

Hilal Məmmədovun beş vəkilindən hökm oxunan iclasa yalnız Xalid Bağırov qatılmışdı.
Xalid Bağırov
Xalid Bağırov

PREZİDENTƏ MÜRACİƏT NƏYİ DƏYİŞDİ?

Ötən həftə Hilal Məmmədov prezident İlham Əliyevə üz tutaraq onun siyasətini dəstəklədiyini bildirmişdi. Bu müraciətdən sonra dövlət ittihamçısı məhkəmədən Hilal Məmmədova 6 il cəza istəmişdi. Hilal Məmmədovun gözləntiləri başqa idi. O, həmin müraciətdən sonra azadlığa çıxacağına ümidlənmişdi.

Vəkil Xalid Bağırov:

«Görünür, o müraciətdən sonra ən aşağı bildikləri cəza elə bu imiş».

Vəkil hökmlə razılaşmır və apellyasiya şikayəti verəcəklərini deyir.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib. O, ilk gündən ittihamları saxta adlandırıb və həbsini fəaliyyəti ilə əlaqələndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG