Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:51

Rusiyanın təklifi Cenevrədə sınağa çəkilir


İsveçrənin Cenevrə şəhərində ABŞ-ın Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqları başlanır. Müzakirələrin azı 2 gün çəkəcəyi gözlənilir.

Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi və bununla da Suriyanın ABŞ-ın hərbi zərbəsindən yayınması planının müzakirəsində ABŞ və Rusiyanın ekspertləri də iştirak edir.

Planı Rusiya təklif edib, Suriya bu planla dərhal razılaşdı.
Plana görə, Suriyanın kimyəvi silahları əvvəlcə beynəlxalq aləmin nəzarətinə götürülür, daha sonra məhv edilir.

ABŞ prezidenti Barack Obama hərbi əməliyyatı yubatmağa və diplomatiyaya meydan verməyə hazır olduğunu bildirdi.

Cenevrədən əvvəl Qazaxıstana səfər edən Lavrov deyib ki, Suriyada sülhə şans var və bu şansı dünya buraxmamalıdır.
Lavrov deyib ki, Cenevrədə Suriya üzrə sülh konfransı məsələsini qaldıracaq.

Lavrov: “Birincisi, biz razılaşdıq ki, Cenevrədə sülh təşəbbüsünü müzakirə edək. Dünyada geniş dayaq qazanan bu təşəbbüs Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsini, əvəzində Suriyaya qarşı hərbi güc işlədilməməsini nəzərdə tutur. “
Kerry Cenevrəyə yola düşməzdən əvvəl Dövlət departamentinin sözçüsü Jen Psaki deyib: “Bizim məqsədimiz bu təklifin ciddiliyini yoxlamaqdır. Bu, necə reallaşacaq? Hansı mexanizmlər müəyyən olunub? Necə yoxlanacaq? Və necə məhv ediləcək? – bütün bunlardan danışılacaq.”

PUTİN XƏBƏRDARLIQ EDİR

Cenevrə danışıqları başlanan ərəfədə Nyu York Times qəzetində Rusiya prezidenti Putinin məqaləsi çıxıb. Putin məqalədə ABŞ-a xəbərdarlıq edir ki, Suriyaya ABŞ-ın istənilən zərbəsi dünya nizamını dağıdacaq və terrorizmin yeni dalğası başlanacaq.

Putin yazır ki, Suriyaya hərbi zərbə İranın nüvə proqramı probleimini , Fələstin-İsrail münaqişəsini həll etməkdə dünyanın səylərini laxladacaq.

ERDOGAN İNANMIR

İstanbulda çıxış edən Türkiyənin baş naziri Erdogan isə Bashar Assadin kimyəvi silahı beynəlxalq nəzarətə tam verəcəyinə şübhə etdiyini bildirib.

Erdogan deyib ki, “kimyəvi silahı olan Assad hökumətinə inam və etibar yoxdur. 7 milyon adam didərgin düşüb, Assad hökuməti isə qırğını davam etdirir.”

Suriya müxalifətinin Suriya Milli Şurası Rusiyanın təklif etdiyi planı rədd edir. Milli Şura hesab edir ki, bu siyasi manevrdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG