Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:07

Sevgilimin sevgilisi


NARINGÜL
NARINGÜL
-

Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim etməyə başlayırıq. Çap sırası şərtidir.


NARINGÜL


Sevgilimin sevgilisi


- Taksi sürücüsünü deyirəm...

Maraqla üzümə baxır.

- Nə sürücü?

Dodaqlarına ani təbəssüm qonur. Mənim çox bəyəndyim təbəssümdü. Sonra çəkilib gedir öz-özünə. Guya indi xatırlayırammış kimi gülürəm:

- Sən dönə-dönə tapşırdın, dedin muğayat ol, onu da maraq çəkdi.

Bu dəfə əlimi ehmalca sıxaraq gülümsünür. Xatırlayandan daha çox, xətrimi xoş etmək üçün yalandan gülümsəyənə bənzəyir. Amma mən istəyirəm xatırlasın. Bütün detallarını xatırlamağını istəyirəm. Heç olmasa bəzilərini!

Əlini maşının rulundan çəkib, aynanı aşağı endirir.Yolboyu ard-arda düzülən maşınlara işarə edir:

- Belə getsə, bu gün yoldayıq. Belə də tıxac olar?!

Yalnız indi fərqinə varıram ki, yarım saatdır burdayıq. Dayandığımız yerdən cəmi bir neçə addım irəliləyə bilmişik.

Maşınlar bir-birinin bəhsinə girmiş kimi siqnal verməyə başlayıblar. Amma mən neçə olsa xatırlamağını gözləyirəm.

- Yaman şən idin. Nə isə kefin yaxşıydı. Ofisiant qadına da kompliment dedin.
Gözlərini qıyaraq güzgüdən gözlərimin içinə baxır:

- Qısqanırsan?

- Yox. Eləcə xatırladım nədənsə.

- Yadımda heç nə qalmayıb.

Elə beləcə deyir. Bircə bunu eşitmək istəmirdim. Amma eşidirəm. Daha təkrar etməsin deyə, söhbəti dəyişirəm. Yalandan əsnəyərək dəxli olmayan bir adamdan söhbət açıram. O adam heç birimizin maraq dairəsində deyil. Xətrimə dəyməmək üçün bir-iki kəlmə nəzakət xətrinə danışır. Sonra susub maşını qurdalamağa başlayır.
Maşın silkələndikcə damalı köynəyinin milləri o tərəf–bu tərəfə dağılır. Mən elə bilirdim o da məni düşünür. Tamam laqeyd imiş.Yadında heç nə qalmayıbmış.

Bir həftədir xəyal etmişdim. Gözləyirdim vaxt çatsın görüşək. Hərdənbir dəhlizdə üzümə gülümsünürdü, adamların arasında. “Yəqin nəyisə xatırlayır. Məqam gözləyir, hamısını söyləyəcək mənə”, - deyirdim. Ürəyimdə qanadlanıb uçurdum. Düşünürdüm ki, gəlib təəssüratlarını bölüşəcək. Xatırlamamaq olardımı heç o boyda yaşantını.Tam bir həyat vardı. Amma heç taksi sürücüsünü də xatırlamadı. Sürücüyə dönə-dönə tapşırmışdı ki, bunu mənzil başında salarsan, zəng edib soruşacağam.

Taksi sürücüsü yolboyu dinmədi. Hərdənbir güzgüdən süzürdü. Gözüm sataşan kimi gözlərini çəkirdi. Onunçün bir az fərqli idim yəqin. Hiss edirdim fikri məndəydi. Mən isə bir az əvvəl baş verənləri və onu düşünürdüm. Deyəsən hərdən gülümsünürdüm.
Yol yormuşdu deyəsən sürücünü. Telefon açıb kiməsə, bəlkə də, başqa sürücü yoldaşına dedi ki, bir azdan qayıdıram. Gedək pivə içək, bəsdir daha işlədik, bir az da kef çəkmək lazımdır. Biz də adamıq! Dərhal da düşündüm: “Yəqin pivə içərkən yoldaşına məndən söz açacaq. Ola bilsin ki, hansı restoranın qarşısından götürdüyünü deyəcək. Bəlkə də əlavə edəcək ki, çamaat yaşayır e...”

Gözlərimi onun kürəyinə zilləmişəm. Dama-dama köynəyi çox yaraşır buna. İndi dəbdədir. Deyəsən, ilk dəfə görəndə də bu köynəkdə idi. Qələbəlik bir yerdə idik. Ziyafət təşkil etmişdi. Onun bizim şöbəyə gəlişini qeyd edirik. Tərslikdən zəhləmgetmiş Süsənlə bir masaya düşüblər. Gombul Güllü yanımda əyləşib.

Nimçəsindəki əti ağzına ötürə-ötürə pıçıldayır ki, sən bir Süsənə fikir ver, necə girişib. Ötəri baxıb gülümsünürəm. O, hərdən bizim tərəfə də nəzər salır, hamını idarə etməyə çalışır. Amma hamıya necə baxırsa, mənə də eləcə ötəri diqqət ayırır. Bəlkə də, heç görmür burdakıları. Axı biz çoxuq, o isə təkdir. Həm də, diqqət mərkəzindədir. Gombul Güllü gözlərini zilləyib onlara. Özü bildiyi şəkildə məlumat toplayır.

Güllünün kiprikləri dən–dən dayanıb, ətli sifətinə kölgə salır. Gözlərinin içi məkrlidir. Süsən əməlli-başlı əzilib- büzülür. Özlüyümdə əsəbiləşirəm. Gombul Güllüylə ağız-ağıza vermək səviyəsizlik olsa da, sözünə qüvvət verirəm: “Sırtığın biridir ”.

O isə Süsənə fikir vermir, hamıyla eyni qaydada danışır, söhbətini tanışlıq mövzusunda aparır. Nəzakətlə cavab verir hər kəsə. Yəni hamınız kollektivik, artıq bir ailəyik. Bəlkə də, Süsənə, eləcə də digər qadınlara ehmalca anladır ki, başqa söhbət ola bilməz. Ailəyiksə, bacı- qardaş kimiyik. Güllü deyir ki, Süsən bu gün məxsusi olaraq onun üçün bəzənib gəlib bura.

Kollektiv şəkildə düşüb ortaya rəqs edirik. Yenə də o, diqqət mərkəzindədir. Gözlərinin içinə baxıram. İstəyirəm məni görsün.

Damalı köynəyinin şaquli xətləri bir birinə qarışıb, zebranı xatırladır.

- Sən ağıllısan, bəlkə maşını çəkək kənara, düşüb piyada gedək, o biri küçədən başqa maşına minək.

Üzünə baxıram. Əslində heç ağıllı olmaq istəmirəm.

- Təkcə Süsəndən ağıllıyam.

- Elə hamısından.

Heç bilmirəm Süsənin adını niyə çəkdim. Özüm yada salıram, sonra başlayıram acısını çəkməyə.

Dinmirəm. Danışmamağım diqqətini çəkir. Deyəsən, kefsiz olduğumu hiss edir. Əgər bir detalı da xatırlamırsa. Nə etmək olar.

- Gedək sakit bir yerə, səni istəyirəm, - deyir. Razılaşmıram. Bir qədər təkid edir. Amma qırımımı görüb sakitləşir. “Kefim yoxdur” – deyirəm. Razılaşır.

- O biri şöbənin qızları maraqlanır səninlə.

Özünü təəccüblənmiş kimi göstərir. Amma gözlərinin içində qığılcımlar qaynaşır. Hiss edirəm ki, məmnun qalır.

Güllü bu gün deyirdi ki, o biri şöbənin qızları tez-tez yanına gəlirlər. Gərək heç xəbər verməzdi. İşimiz var da... İndi bir-bir bunlarla məşğul ol.

- Nəyimə gərəkdir onlar, – deyir. O qədər problemim var ki, işim başımdan aşır.
İnanımmı görəsən? Bəlkə heç qızlar da maraqlanmır. Elə- belə xətrini istəyirlər. Qadın ki, qadın.

Onları bilmirəm. Amma Süsənin maraqlanması dəqiqdir. Tez-tez soruşur. Özü də bilir, Süsən məsələsini. “Bu məndən əl çəkməyəcək – deyir, - elə hey ilişir “. Belə deyərkən bir az da lovğalanır.

Allah vurub Süsəni! Ürəyimdə düşünürəm. Öyrənib bütün kişiləri bir–bir dişinə vurmağa. Amma bu dəfə daş qayaya rast gəlib, deyəsən. İmkan verməyəcəyəm!
Əslində, məni Süsənin eqoistliyi qıcıqlandırıb. Qələbə qazanmaq istəyim vardı ona yaxınlaşmağımda. Sırf qadın eqoistliyi. Özüm bilirdim bunu . O, bilmirdi. Mən Süsənin aşıb-daşan arzusunun qarşısında sədd idim.

“Görəsən, Süsən geri çəkilsə, mən də çəkilərəmmi?” – düşünürəm. Özü də hiss edib aramızdakı münasibəti. Amma tam təsdiqiylə bilmir. Qalıb iki yolun arasında. Amma kənara da çəkilmir.

Süsənin acığına başlamışam. Geriyə də yol yoxdur. Yəni itirmək istəmirəm.
Ancaq xatırlamalıydı hər şeyi. Heç olmasa bircə detalı xatırlayıb, gülümsəməliydi.
Gözlərimi damalı köynəyinin xətlərinə zilləmişəm. Unutsam, bəlkə o da unudacaq. ona nə var ki, mən olmayım, başqası olsun. Amma kişi kimi söz verib, sənin tanışlarınla olmaz. Yəni münasibət qurmayacaq.

Nənəm deyərdi ki, bir ad dünya dövlətinə bərabərdir. Dövləti qazana bilərsən, amma adı yox! İtdi, qurtardın! Həmişə də qəsdən bizim yanımızda deyərdi. Bacılarımla birlikdə olanda. Ünvanlı deməzdi heç vaxt. Bizə eşitdirirdi. Söhbət arası söz atıb sonra sözünü dəyişərdi.

Onda başqa idi hər şey. Oturub baş verənləri gözləyirdilər. İndi siyasiləşmişik. Irəlidə gördüklərimizin dalınca gedirik. Hər addımda dönüb yeni adam oluruq. Yəni həyatın hər dönüşündə dəyişirik. Amma stabil adamlar da var. Mənim həsəd apardığım adamlar!

Damalı köynəyindən gözümü çəkmirəm. Köynəyinin rəngləri həyatın şən və rəngbərəng olduğundan xəbər verir. Eyhamla anladır ki, həyat yekrəng deyil.
Tıxaca düşmüş sürücülərdən biri dözməyib maşını səkinin üstünə dırmaşdırır. Az qalır bizim maşının qapısını cızsın. O, özünə yaraşmayan şəkildə kobud bir ifadə işlədir. Özümü eşitmirmiş kimi göstərirəm. Dərhal üzr istəyir.

Kənardan baxanlar üçün o, həmişə şöhrətli görünüb. Mən bilirəm ki, belə deyil. Depressiyaya düşdüyü günlərin və saatlarla şikayətləndiyinin şahidi olmuşam. Mənə ərk edir.

Həm də şəxsiyyətli birisidir. Süsən üçün fərqi yoxdur. Şəxsiyyəti var, ya yox. Mənim üçün isə çox önəmlidir. Amma toplumun içində dəyişir. Ətrafında bir dəstə qadın var. Qəribə orasındadır ki, onunla bərabər o qadınlar da eyni məsafəni qət edirlər. Birlikdə yaxına gəlir, o, gözdən itəndə uzaqlaşırlar.

O , Süsənin ümid yeri deyil. Heç mənim də deyil.

Nəhayət rahat yola çıxırıq. Üzündəki təbəssüm harasa çəkilib. Fikirli görünür. Gözlərini yola zilləyib.

Mən gözlərimi onun kürəyinə dikmişəm. Köynəyin damalarını sayıram.

Maşını evimin tinində saxlayır. Həmişə bu yerə çatanda təkrar edir ki, sən lap dənizin içində yaşayırsan. Dərhal da dillənirəm: “Dənizi heç sevmirəm”. Bu dəfə xatırlatmır. Mən də fərqinə varmıram. Öpmək istəyir. Maşından sürüşüb düşürəm. Düşüb açıq pəncərədən əl edirəm. Dönüb gedərkən dodaqaltı pıçıldayıram: “Dənizə daş atacağam”.

Uzun–uzadı arxamca zillənən təəccüblü baxışlarını hiss edirəm.
XS
SM
MD
LG