Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:12

İlk «Facebook» cəzası


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda sosial şəbəkədə yayılan informasiyaya görə ilk dəfə cəza tətbiq olunub. Media Hüququ İnstitutu bildirir ki, Astara rayon Məhkəməsi «Facebook» sosial şəbəkəsində tənqidi bilgilər paylaşan Mikayıl Talıbovu aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Bu cəza Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən 147.1 maddəsi üzrə tətbiq olunub.

«Media Hüququ İnstitutu internetdəki müzakirələr kontekstində işlədilən ifadələrə görə sərt cinayət cəzalarının tətbiqini nəzərdə tutan məhkəmə hökmünü qətiyyətlə pisləyir. Belə hökmləri Azərbaycan Respublikasının demokratik dövlət olduğunu, məlumat və ifadə azadlığının müdafiə olunduğunu bəyan edən Konstitusiyanın mahiyyətinə zidd, zərərli hesab edir».

Azərbaycan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutur. Ölkə parlamenti bu il mayın 14-də həmin maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib. Dəyişikliklərə əsasən, həmin maddələr internetdə yayılan ifadələrə də tətbiq edilir.

«HAQSIZBANK»

Astara Məhkəməsinin hökmü ilə Mikayıl Talıbov internetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olunub. M.Talıbov əvvəllər «AccessBank» Qapalı Səhmdar Cəmiyyətdə çalışıb. «Accessbank»dakı işindən çıxarılmasını qanunsuz hesab edən Talıbov «Facebook»da «Accessbank – Haqsızbank» adlı səhifə yaradaraq bankın işini tənqid edib.

Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb edib. Astara Məhkəməsi xüsusi ittihamı ittihamçının təqdim etdiyi «Facebook»dan çıxarış mətnləri çərçivəsində araşdırıb. Məhkəmə mətnlərdəki «Accessbank-Haqsızbank», «Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı», «Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır», «bankda 50 000 manata 5 000 manat şapka alınır» və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gəlib.

Məhkəmə, həmçinin, M.Talıbovun üzərinə «Facebook»da təkzib vermək vəzifəsi qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG