Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:28

Burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz!..


-

Əlləri donsa da, kulyoku atmamışdı. Dili ağzında çönmürdü yazıq kişinin. Odur ki, heç kimə heç nə deyə bilmədi. Həkimlər sakitləşdirici iynə vurub onu rahat buraxmamızı tövsiyə etdilər...


Yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Xanım T.” kitabındın bir hekayəni təqdim edirik.


Şərif Ağayar


KÖÇƏRİ DAYI


Qaldığımız yataqxanada Köçəri adlı bir kişi yaşayır. Zəngilanlıdır. Yaşı 80-i aşıb mən bilən. Saçları və bığları ağappaqdır. Bığlarının ortası siqaret çəkməkdən sapsarıdır. Başının ortası isə keçəl... İri və ümidsiz gözlərinə qəfil yaxalansan, ildırım vurar səni.

Köçəri dayını on ildən artıqdır ki, tanıyıram, ancaq bu on ildə ondan eşitdiyim sözləri yazası olsam, bir köşənin materialı eləməz.

Tütün sarısı bığları elə bil ağzını da əbədi olaraq qapayıb. İsti havalarda stulunu yataqxananın qarşısında əyləşib laqqırtı vura-vura əcəlini gözləyən qoca qaçqınlara yaxın qoyur və yalnız siqaret tüstülədir. Bir də hərdənbir boğazını arıtlayır. Elə ürəkdən arıtlayır ki, deyirsən bu dəqiqə bir “Segah” qaldıracaq. Amma oxumur da! Eləcə iri gözlərini söhbət edənlərin sifətinə dikib dayanır. Heç deyəsən adamlara da qulaq asmır.

Bəzən siqaret istəyirsən. Elə hövsələ ilə əlini cibinə aparır ki, lap zəhrin yarılır. Onda zaman çox gec irəliləyir – bu, uzun müşahidələrdən sonra gəldiyim qənaətdir. Amma son vaxtlar xeyli düşüb Köçəri dayı... Gözləri balacalaşmasa da bir az geri çəkilib, işığı öləziyib.

Ömrüm boyu cəmi bircə dəfə danışdırmaq istəmişəm bu kişini:

“Əşşi, de görüm Həkərinin qızıl balığından doyunca yeyə bildin?”

“Hı!” – eləyib qəribə tərzdə gülümsədi. Bığları dartındı. Sifətində inanılmaz sevinc peyda oldu və uzun müddət donub qaldı. Bilmədim bu səslə dediyimi təsdiq edir, yoxsa inkar.

Hər halda bu gözlənilməz jest Köçəri dayı barədə məni daha dərin qüssəyə saldı.

Son aylar yaddaşını tamam itirib. O günü çörək almağa gedəndə azıb, geri qayıda bilməyib. Kiməsə yaxınlaşıb qaldığı binanı soruşmağa ar eləyib. Bəlkə heç soruşa bilməyib. Yataqxananın nömrəsi də, adamların adı da yadından çıxıb. Küçədəki təsadüfi cavan uşaqlar kömək ediblər, əlindən tutub məhəllə sakinlərinə göstəriblər: “Bu kişini tanıyırsız?” Təsadüfən yataqxanamızda qalan bir müəllimə rast gəlib onlara və əlindən tutub evə gətirib.

Bundan sonra bir dəfə də itdi Köçəri dayı. Bu dəfə də binanın qabağında dayanan taksiçilərdən biri tapıb gətirdi. Dedi, saat 9 radələri, əlində bir sellofan kulyok Qurd qapısına tərəf gedirdi. Bildim ki, azıb. Maşına oturdub gətirdim.

Köçəri dayı sonuncu qar yağanda da itdi! Bütün yataqxana əhli töküldü küçələrə. Polisə xəbər verdik, taksi sürücülərinə hay saldıq, tanış-bilişə zəng vurduq... Saat 12-dək bir nəticə hasil olmadı. Binanın ağsaqqalları qərara gəldilər ki, hardasa yıxılıb ölüb! Sonra Köçəri dayının qohumlarını qınamağa başladılar: “Bilirsiz belədi, dükana niyə göndərirsiz?”

Xəstə qadını xırıltılı səslə ağladı:

“Təpəsinə daş düşsün, eşidir ki, adamı! Deyir evdə qala bilmirəm, ürəyim sıxılır!”

Təxminən bir saat sonra həyətdən ambulans vıyıltısı eşidildi. Bəli, gələn, daha doğrusu, gətirilən Köçəri kişiydi. Ölməmişdi. Amma doğrudan da haradasa yıxılmışdı. Üst-başı palçıq idi. Əlində, həmişəki kimi sellofan kulyok, kulyokun içində bir çörək, yüz qıram pendir, üç-dörd dəst dovğa pencəri vardı. Əlləri donsa da, kulyoku atmamışdı. Dili ağzında çönmürdü yazıq kişinin. Odur ki, heç kimə heç nə deyə bilmədi. Həkimlər sakitləşdirici iynə vurub onu rahat buraxmamızı tövsiyə etdilər. Dağılışdıq.

İki gün sonra səhər işə gələndə Köçəri dayını koridordakı cırıq kresloda oturub siqaret çəkən gördüm.

“Sabahın xeyir, Köçəri dayı, həmişə ayaq üstə!”

Yaddaşını tamamən itirdiyini düşündüyümüz bu balacaboy kişi qəflətən ayağa qalxdı və ümidsiz gözlərini üzümə zilləyib sayıqlayırmış kimi danışmağa başladı:

“Hamı Zəngilana qayıdacaq, məni burda atacaqlar. Orda mənim dörd gözlü evim var, həyətində ərik ağacları...”

Darmadağın oldum.

Onu sinəmə sıxıb dedim:

“Köçəri dayı, nə qədər ki, mən sağam, burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz! Ürəyini buz kimi saxla!”

Dedim və tütün iyi verən bığlarının saralan yerindən öpdüm...

Şərif Ağayar
Şərif Ağayar

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG