Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

Musa Əffəndidən yeni hekayə: "Suqsvanq"


Musa Əffəndi
Musa Əffəndi
-

Biz heç bir günah işləmədən qalib olan insanların varlığına inanmırdıq. Amma günahsız məğlubları görmüşdük. Görəcəkdik...


Musa Əffəndi


SUQSVANQ


Sən bu cümləni oxuyub bitirdiyin andaca mən öləcəm.

*

1) Onun adı Şahmar idi. Qatillər həmişə öldürdükləri adam haqqında bir çox şeyi – məsələn, adını bilmək istəyirlər. Buna görə də bildiyim bütün məlumatları qeyd edirəm. Öləndə onun yanında idim. 2) Güldüyünü, ya ağladığını bilmək olmurdu. Mən sevinəndə də, kədərlənəndə də gözlərindən yaş gələn insanlar görmüşəm və heç vaxt sevinən və ağlayan insanların üz cizgilərini, dodaq quruluşunu fərqləndirə bilməmişəm.
3) İkimiz də yazırdıq, oxuyurduq. Oxuduqlarımızı bir-birimizə danışırdıq. Bir dəfə ona bir şeir oxumuşdum;

- Bilmirəm,
ilk dəfə kimin saçlarında məğlub olub
qaralar ağlara.
Gəl, otur.
Sən də bilmədiklərimdən danış.

- Kimin şeridir bu? – deyə soruşmuşdu.

- İlham Əkbərlinin, - demişdim, - cavan şairdir. Yəqin sən tanımırsan.

O gün başqa heç nə demədi, gün keçdi.

Sonra illər keçdi.

Biz bir oyun oynadıq. Oyunu uduzan öz taleyini başqalarının seçiminə buraxacaqdı. Məsələn, mən də uduzsaydım, yəqin onun qurduğu kimi bir cümlə quracaqdım; sən bu cümləni oxuyub bitirdiyin andaca…

*

Qalib isə hekayə danışır. Şərtimiz belə idi. 4) O ölməsəydi, hekayəni o danışacaqdı. Qalib mənəm, bizim hekayəmiz isə;

- E2-e4! – sözləri ilə başlayırdı.

Dama-dama olan hər yer bizim üçün oyun meydanı idi. Kiminsə şalvarı, ya da yerə düzülmüş daş örtük - fərq etməz. Belə bir səth görən kimi o dəqiqə şaquli istiqamətdə 1-2-3-4-5-6-7-8, üfüqi istiqamətdə isə a-b-c-d-e-f-g-h yazırdıq. Bir az püxtələşəndən sonra heç yazmağa da ehtiyac qalmadı. Bu şaquli və üfüqi yazılar bizim xəyalımızda cızılmışdı.

Hər dəfə şahmat məktəbindən çıxıb məktəbin qabağındakı dayanacaqda şəhərdən uzaqlaşan avtobusa minib gedirdik. O vaxt dəb idi, hamı dama-dama köynək geyinirdi. Biz də həmişə bu cür geyinən insanın qabağına keçib otururduq.

- E2-e4! – deyib başlayırdıq.

Sonra həyatın dama-dama olduğunu gördük. Başladıq həyatla oynamağa. E2-e4!

*

Onunla getdiyimiz ilk dərsləri xatırladım. Biz səkkiz nəfər idik. Dörd qrupa bölünüb oynayırdıq. Bir neçə dəfə onunla eyni qrupa düşdük. Ondan sonra həmişə onunla oynadım. Hər şey indiki kimi yadımdadı. Daşları düzmüşdük, müəllimi gözləyirdik. Müəllimimizin adı İsa idi, İsa Xuduoğlu. Arıq, çəlimsiz biri idi. Bilmirəm hardansa da öyrənmişdik ki, müəllimimiz şahmatla məşğul olduğu vaxtlardan əvvəl şahmat taxtası düzəldirmiş, atasının emalatxanasında dülgər işləyirmiş. 30 yaşına kimi bu işlə məşğul olub. Sonra başlayıb oynamağa.

Danışmağa mən başlamışdım;

- Birinci kim başlayır? – deyə soruşmuşdum.

Müəllim də cavabında;

- İlk daşı ən günahsız olanınız gəlsin – demişdi.

- Ağlar başlayır! – deyə də Şahmar dərhal qışqırmışdı onun ardınca.

Oyuna isə o başladı.

Daha sonrakı oyunlarda daha əvvəlki oyunda məğlub olan başlayırdı. Çünki, biz heç bir günah işləmədən qalib olan insanların varlığına inanmırdıq. Amma günahsız məğlubları görmüşdük. Görəcəkdik.

*

- Əgər sən estetsənsə, - demişdi, - və şahmat(çılar) haqqında yazırsansa, sənin iki qəhramanın varsa – xeyir və şər, ya da yaxşı və pis, nur və zülmət, müsbət və mənfi, yaradıcı və dağıdıcı, mələk və şeytan, qurban və cəllad, cəsur və qorxaq və s. – sən mütləq birinci xeyirin, yaxşının, nurun, müsbətin, yaradıcının, mələyin, qurbanın və ya cəsurun adını çəkməlisən, birinci onun haqqında yazmağa, birinci onu təqdim etməyə başlamalısan. Çünki şahmatda mütləq birinci ağlar başlamalıdır.

5) Sonuncu onunda ilk gedişi o etdi. 6) Oyun boyu heç nə danışmadı, Təkcə oyunun sonunda;

- Seytnot! – dedi.

Və son gedişini etdi.

Getdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG