Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:25

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri James Warlick-dir


James Warlick
James Warlick
-

ABŞ dövlət katibi John Kerry diplomat James Warlick-in ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri vəzifəsində təyin edildiyini bildirib.

J. Kerry deyib ki, «səfir Warlick Avropa və Asiya üzrə zəngin təcrübəyə malikdir. Birinci dərəcəli diplomatdır və əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək».

Dövlət Departamentinin məlumatına görə, James Warlick əvvəllər ABŞ-ın Əfqanıstanda və Pakistandakı xüsusi nümayəndəsinin müavini olub. Əfqanıstanla təhlükəsizlik üzrə ikitərəfli sazişin bağlanması zamanı əsas təmsilçi olub. Bundan başqa, ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində işləyib, Dövlət Departamentində məsul postlar tutub.

Dövlət katibi Kerry bəyanatında ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasında tərəflərə dəstək verməkdə davam edəcəklərini də bildirib:

«Prezidentlər Obama, Putin və Hollande 18 iyun tarixli birgə bəyanatda tərəfləri mübahisəli məsələlərin həllinə diqqət yetirməyə və xalqları müharibəyə yox, sülhə hazırlamağa çağırıblar. Səfir Warlick zəngin təcrübəyə malikdir və tərəflərin məqsədə çatmasına kömək üçün öz təcrübəsindən istifadə edir».

J. Warlick vəzifəsinin icrasına sentyabr ayından başlayacaq.

Bundan əvvəl ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Ian Kelly idi.

AZƏRBAYCAN XİN-İN TƏYİNATA MÖVQEYİ

«Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəaliyyətlərini gücləndirəcəklər və bu istiqamətdə daha qətiyyətli və məqsədəuyğun yanaşma nümayiş etdirəcəklər».

APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E. Abdullayev bildirib ki, həmsədr ölkələrin hər birinin münaqişənin həllinə öz yanaşması var və həmsədr vəzifəsində çalışan diplomatın kimliyindən asılı olmayaraq bu, dəyişməz qalır:

«Hər diplomat öz ölkəsinin missiyasını yerinə yetirir. Bununla yanaşı, təbii ki, peşəkarlıq və insan faktorları da kifayət qədər önəmlidir».

Mətbuat katibi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi dayanır və Azərbaycan buna beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsindən narahatdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG