Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:21

Musiqi festivalına görə yolqırağı bazarlar yığışdırıldı


Səyyar bazarlar yığışdırılır.
Səyyar bazarlar yığışdırılır.
-
Oğuz-Qəbələ magistral yolunun ətrafında olan səyyar bazarlar yığışdırılıb.

Əsasən Qəbələnin Zarağan kəndinin sakinləri öz məhsullarını bu yolun kənarında satışa çıxarırdılar.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, ərazidə 20-yə yaxın polis var. Üç satıcı - Mansur və Azər Qafarovlar, habelə Sədrəddin Osmanov saxlanıb.

Satıcılardan Altay Nuriyev AzadlıqRadiosuna deyib ki, bazarların yığışdırılması Qəbələdə keçirilən tədbirlə əlaqədardır:

«Bu səhər bizə xəbərdarlıq etdilər ki, yığışdıraq. Getdik icra başçısının qəbuluna, ancaq düşə bilmədik. İndi də yığışdırırlar. Neçə ildir burda satıcıyıq. Küçə alverçiləri hər yerdə var. 13 ildir burda işləyirəm. Meyvə- tərəvəz satıram. Qəbələdə qonaqlar olduğuna görə indi bizim obyektlərimizi dağıdırlar. Özümüz də Qarabağ əliliyik».

«QOY QONAQLAR GETSİN, SONRA YENƏ SATARLAR»

Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Rail Kərimov da AzadlıqRadiosuna bildirib ki,
bu maneələr müvəqqətidir:

«Qəbələdə irimiqyaslı tədbirlər keçirilir. Hava limanından rayona hansısa fəxri qonaqlar gəlir. 22 kilometrlik yolun kənarında kimsə vedrə qoyması və ya qarğıdalı satması nə dərəcədə düzgündür? Biz mədəniyyətimizi təbliğ edirik. Hər şeyin vaxtı var. Qoy qonaq gəlsin getsin, sonra yenə satsın. Onlara «satma» deyən olub bu günə qədər? Xaricilər gəlib-gedir. Gələn də deməsin ki, bu qədər abadlıq işləri aparıblar, bu qədər iş görüblər, ancaq bir nəfər vedrə qoyub yolun ortasında alma satır. Bu, doğru deyil».

Hazırda Qəbələdə V Beynəlxalq Musiqi Festivalı keçirilir. Avqustun 6-dək davam edəcək festivala Azərbaycandan başqa Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan olan musiqiçilər qatılacaq.
XS
SM
MD
LG