Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:53

Bunları nə adlandıraq?..


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
-

Daxili iclasların birində necəsə akademiklər qarışıq hamısının dərdi birdəncə açıldı. Əksəriyyət nəhəng elm ocağındakı yarıtmaz iş şəraitindən, qayğısızlıqdan, qısır, tulapayı maaşdan gileylənirdi...


Eyvaz Zeynalov


BUNLARI NƏ ADLANDIRAQ?..


Cavan qızdı, hələ ailə qurmağa vaxt, imkan tapmamışdı. Ağlı kəsəndən könlünü elmə vermişdi. İnstitutdan sonra aspiranturada oxumuş, dissertasiya yazmış, müdafiə etmiş, alimlik dərəcəsi almışdı. Ən ali, ən yüksək elm ocağı saydığı Akademiyada işləməyə başlamışdı.

Bütün məhrumiyyətlərə, xüsusən dadar-doymaz maaşa, yarıtmaz iş şəraitinə baxmayaraq gününün çox hissəsini kitabxanalarda, arxivlərdə, kompyuter arxasında keçirir, yorulmaq bilmədən yazır-yaradır, elmi nailiyyətləri, fikirləri, kəşfləri ilə vətən elminə yeni töhfələr verməyə, vətənin adını dünyaya tanıtmağa çalışırdı.

Üzdə boğazdan yuxarı tərifləyəni, dalınca danışanı, ağız büzəni də vardı. Hətta hərdən hardasa, nədəsə mane olmaq, badalaq vurmaq istəyəni də tapılırdı. Gözü götürməyən, paxıllığını çəkən az deyildi. Son zamanlar daha artıq süründürməçi, pedant, qorxaq rəhbərlikdən narazı idi. Qocalmış, əprimiş, tənbəlləşmiş, iş qabiliyyətlərini itirmiş bu başabəla akademiklər əl-ayağa dolaşmaqdan başqa bir şeyə yaramırdılar. Dinən kimi cavanların ağzından vururdular, filankəsəm, filan vaxtı filan eləmişəm, filan-bəşməkan.

Lakin o, ruhdan düşmək əvəzinə gecə-gündüz daha artıq enerji ilə işləyirdi. Elmi yazılarını yazmaqla bərabər iş şəraitini yaxşılaşdırmaq üçün akademiya, institut rəhbərliyi qarşısında maraqlı təkliflər irəli sürür, fikirlərində haqlı olduğunu inadla sübut etməyə çalışırdı. İclaslarda, toplantılarda təkliflərini qulaqardına vuran rəhbərliyi, vəzifə sahiblərini çəkinmədən, qorxmadan tənqid atəşinə də tuturdu.

Əvvəllər bu qocaman alimlərin, adlı-sanlı akademiklərin, vəzifə sahiblərinin haqqında kənardan, başqalarından eşitdiyi əyər-əskiyə şübhə ilə yanaşar, gözü götürməyənlərin, suyu bulandırmağa çalışanların iftirası kimi qəbul edər, əhəmiyyət verməzdi. İndi onların nə qədər laqeyd, fəaliyyətsiz, dişsiz olduqlarını gözləri ilə görür, dəhşətə gəlirdi. Daim keçmiş işləri, xidmətləri ilə öyünmələri, yerlərində saymaları, ortaya yeni bir şey qoymamaları qalsın bir yana, cavanların uğurlarına sevinmək, kömək etmək əvəzinə onlara qısqanclıqla yanaşır, altdan-altdan, gizlicə, müxtəlif vasitələrlə maneçilik törədirdilər.

Daxili iclasların birində necəsə akademiklər qarışıq hamısının dərdi birdəncə açıldı. Əksəriyyət nəhəng elm ocağındakı yarıtmaz iş şəraitindən, qayğısızlıqdan, qısır, tulapayı maaşdan gileylənirdi. Komputeri, ingilis dilini babat bilən cavanlar xarici şirkətlərdə iki-üç min dollar alır, bəy kefində dolanırdılar. Hər cəhətdən onlardan üstün olan, ömürlərini elmə həsr etmiş alimlər isə kirələrdə, borc-xərc, məhrumiyyətlər içində çapalayırdılar. Ailəsini düşünənlər bu cür yaşamaqdan bir gün bezir, elmə tüpürür, kənar işlərə girişirdilər. Vəzifəlilər risk eləyir, rüşvətxorluğa qurşanırdılar.

Qocaman alimlər keçmiş xoş günlərdən danışır, nastalji hisslərini cavanlarla bölüşürdülər. Sovetlərin dövründə elm adamları, alimlər rayon rəhbərlərindən, nazirlərdən çox maaş alırdılar. Daha artıq sayılıb-seçilirdilər. Onları hər yerdə hörmət-izzətlə qarşılayır, başlarına and içirdilər. Ona görə də cavanlar hamılıqla elmə can atırdılar.

Xarici ölkələrdə elm adamlarına yenə hamıdan artıq dəyər verilir, dolanışıq, şərait yaradılırdı. Dözməyənlər, imkan eləyənlər ora qaçırdılar.

Neftin, milli sərvətlərin pulları sel-su kimi bir ovuc adamın, məmurların, oliqarxların cibinə axırdı. Onlara görə düzlənən, bu pul hərislərini yamsılayan, yerişini yerimək istəyən cavanlar vicdan, şərəf, ləyaqət, namus qarışıq - hər şeyi alıb satırdılar. Qalanlar, ağzı ətə çatmayanlar kredit-mreditlə köhnə, sınıq-salxaq bir maşın alır, “xaltura” eləyir, onların qulluğunda dayanır, süfrəsinin artığı, qırıq-quruğu ilə dolanır, ya da dinə meyllənirdilər. Elmə baxanda orda da vəziyyət pis deyildi. Borc-xərclə həccə gedir, ad alır, elmi ad alanlardan artıq sayılır, seçilir, dolanırdılar...

Yana-yana danışanlara baxdıqca ürəyi ağrıyırdı. Niyə belə olmalıydı? Niyə büdcədən elmə heç olmasa bir faiz də ayrılmırdı? Axı ölkənin, xalqın inkişafı elmə bağlıydı, ondan asılıydı. Xalqın inkişaf səviyyəsi göydələnlərinin, restoranlarının, məscidlərinin sayı ilə deyil, elminin səviyyəsi ilə ölçülürdü.

Statistika ilə məşğul olanlar infilyasiyanı, bahalaşmanı nəzərə almadan ölkədə maaşların durmadan artmasından danışırdılar. Guya orta əməkhaqqı 350 manatdan yuxarıydı. Bu saxta hesablamalar gözdən pərdə asmaqdı. Ona inanan azdı. Ölkə əhalisinin əsas hissəsi, pensionerlər, həkimlər, müəllimlər cüzi maaş alırdılar. Xarici şirkətlərdə işləyənlərin, nazirlərin, polisin yüksək maaşını onların maaşı ilə toplayır, bölür və yalançı bir orta əməkhaqqı çıxardırdılar. Əsas pulların pay-bölüşündə əli olanların ağızlarını “paket maaş” deyilən əndirəbadi, əlavə maaşlarla yumurdular...

Birdən qızdıqları, əsib-coşduqları kimi birdən də sakitləşdilər. Sanki bütün bu həngamə sadəcə danışmaq, ürəklərini bir-birinə boşaltmaq, heç olmasa bir az yüngülləşmək məqsədi ilə təşkil edilmiş akademik bir şou idi. Biabırçı vəziyyəti dəyişmək üçün o boyda akademiklərin arasından bircə nəfərin belə irəli durmağa, məsuliyyəti boynuna götürməyə, məsələni ölkə rəhbərliyi qarşısında qaldırmağa cəsarəti çatmadı.

Ölkə prezidentinə müraciət etməklə, lazımi təkliflər irəli sürməklə vəziyyəti dəyişməyin, düzəltməyin mümkünlüyünə inanırdı. Təkbaşına təşəbbüsdə bulunmağa hazırdı. Amma görəsən bu boyda akademiklər, vəzifə sahibləri bunu şənlərinə sığışdırar, belə bir əliuzunluğa razı olar, onu irəli buraxardılarmı? Bax, buna inanmırdı.

Lakin əlini-qolunu yanına salıb bekar oturmaq fikrində deyildi. İnstitutun, akademiyanın rəhbərləri ilə görüşdü, söhbətləşdi. İclasda səsləndirilən məsələləri əks etdirən bir təkliflər paketi, məktubu, müraciəti hazırlamaq, kollektivin adından cənab prezidentə göndərmək istədiyini bildirdi.

- Sonra deməyin ki, xəbərimiz yoxdu.

Gözləmədiyi halda:

- Yaxşı təşəbbüsdü, - dedilər, - bəyənilsin.

- Yaz, gətir, qol çəkək, göndər.

Həvəslə işə girişdi. Yaxşı bir məktub hazırladı. Rəhbərlər bir-bir oxuyub yenə bəh-bəhlə təriflədilər:

- Əhsən, əhsən! - dedilər.

- Onda, zəhmət olmasa, qol çəkin, - sevinclə dedi.

Mənalı-mənalı gülümsədilər, qol çəkməyə tələsmədilər. Nala-mıxa döydülər, alaşıq-dolaşıq bəhanələr gətirdilər, onu başqasının üstünə yönəltdilər.

- Qoy əvvəlcə filankəs qol çəksin, - dedilər.

Nə filankəs qol çəkdi, nə də bəşmənkəs. Onu beləcə ötür-ötürə saldılar. Heç kim birinci olmağa cürət etmirdi. Mat qalmışdı. Başqa vaxt özlərini xalqın elit təbəqəsi, seçilmiş ziyalıları, ən ağıllı başları sayanlar niyə susmağa üstünlük verir, kimdən, nədən çəkinir, qorxurdular?

Fikirləşirdi, görəsən dünyasını dəyişən elmi rəhbəri sağ olsaydı, o da beləmi hərəkət edərdi? İnanmırdı! Ona pərəstişin sayəsində bu elmə gəlmişdi.

Yadına Cəlil Məmmədquluzadənin “Ölülər”i düşdü. Diksindi, qorxdu. İlahi, onlar da özlərini xalqın başbilənləri, seçilmişləri sayırdılar. Amma bir kefli İsgəndər qədər yoxdular. Aradan yüz il keçmişdi. Nə dəyişmişdi? Hanı? Bəs deyirlər, irəli gedir, sürətlə inkişaf edirik? O “ölülərə” gülmək inkişafdımı? Yaxşı, indi bunları nə adlandıraq?..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG