Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Elşad Abdullayevin videosunda adı hallanan Arzu Kazımovun cinayət işinin istintaqı yekunlaşıb


-
Fəaliyyəti dayandırılmış ABU-nun rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin işi ilə əlaqədar tutulan işadamı Arzu Kazımovun cinayət işinin istintaqı yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu haqda Baş Prokurorluğun saytında məlumat yerləşdirilib.

Arzu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.

Baş Prokurorluqdan bildirirlər ki, onun göstərilən cinayətdə təqsiri sübuta yetirilib:

«İstintaqla müəyyən edilib ki, Arzu Kazımov özünü Mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verib, müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirərək Mahir Abdullayevi tapa biləcəyi barədə yalan vədlər verib. O yaxın münasibətdə olduğu Elşad Abdullayevdən 1.500.000 ABŞ dollarını aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib».

Baş Prokurorluğun məlumatına görə, Arzu Kazımovun törətdiyi cinayətdə başqa şəxsin, o cümlədən Daxili İşlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilməyib. Bununla bağlı cinayət təqibinə xitam verilib.

Eyni zamanda, Elşad Abdullayevin rüşvətvermə cəhdi faktı həmin istintaq materiallarından ayrılıb və araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

Arzu Kazımovun məhkəmə hazırlıq iclasının iyunun 11-də keçiriləcəyi gözlənir.

Elşad Abdullayevin qardaşı, MTN zabiti Mahir Abdullayev uzun zamandır itkin düşüb. O, qardaşının tapılması üçün bir sıra şəxslərə, o cümlədən vəzifə sahiblərinə rüşvət verdiyini etiraf edir. Həmin vəzifəli şəxslərlə söhbətlərdən bəzisinin videosunu da yayıb.
XS
SM
MD
LG