Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

İran: Xalidə Xalid və sürücüsü ilə görüşə imkan verilmir


Xalidə Xalid
Xalidə Xalid
-
Azı bir həftədir ki, azad olunduqları xəbəri yayılsa da, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov hələ də Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verilməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, konsulluq əməkdaşları onlarla görüşmək istəsələr də, buna şərait yaradılmır:

«Onlar hələ Azərbaycan tərəfinə verilməyiblər. Diplomatlar çalışırlar ki, görüşün keçirilməsinə nail olsunlar. Hələ görüşün keçirilməsi üçün də şərait yaradılmayıb. Xarici İşlər Nazirliyi İran tərəfi ilə təmaslarını davam etdirir. Birincisi, biz istəyirik ki, onlar tezliklə Azərbaycana qaytarılsınlar. Danışıqlarımızı davam etdiririk. Ən önəmlisi ondan ibarətdir ki, görüşün keçirilməsinə nail olmaq istəyirik – bizim konsulluğun nümayəndəsinin vətəndaşlarımızla görüşünün keçirilməsinə. Azərbaycan tərəfinə verilən məlumatda onların qeyri-rəsmi fəaliyyətlə məşğul olduqlarını bildirirlər. Amma hələ də Azərbaycan tərəfinə daha ətraflı açıqlama verilməyib».

«ANLAMIRIQ Kİ, MƏSƏLƏ NİYƏ BU QƏDƏR UZANIR»

Xalidə Xalidlə sürücüsünün azad olunması xəbəri mayın 19-da yayılıb. Həmin günlər Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranda idi. Mayın 21-də İran saxlananların azadlığa buraxılması ilə bağlı rəsmi açıqlama yaydı. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Araqchi demişdi ki, Azərbaycan vətəndaşları «İranın xoşməramlı niyyətinin nümayiş etdirilməsi nəticəsində azadlığa buraxılıb». Mayın 22-də İranın Azərbaycandakı səfiri Mohsen Pak Ayeen yerli mediaya azad olunanların artıq Təbrizdəki konsulluğa verildiyini söyləmişdi. Sonradan onların konsulluğa təhvil verilmədiyi üzə çıxdı.

Xalidə Xalidin qızı Ləman Məmmədova olub-bitənlərdən üzüldüklərini dilə gətirir:

«Anlamırıq ki, məsələ niyə bu qədər uzanır. Heç bir məlumat da ala bilmirik. Sadəcə, Təbrizdəki konsulluqla əlaqə saxlayırıq. Onların azadlığa buraxıldığını demirlər – belə bir şey yoxdur. Yalnız onu deyirlər ki, danışıqlar gedir... Canımız sıxılır. Məsələnin bu qədər uzanması bizi narahat edir».

Sədrəddin Soltan
Sədrəddin Soltan
«İRAN... MİKAYIL KAZIMININ AZADLIĞA BURAXILMASINI İSTƏYİB»

Ekspertlər Xalidə Xalidlə sürücüsünün Azərbaycana qaytarılmamasını İran vətəndaşı Mikayıl Kazıminin azad edilməməsi ilə əlaqələndirirlər. Mayın 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Araqchi Azərbaycan vətəndaşlarının azadlığa buraxılması xəbərini verəndə də demişdi ki, Kazımi azad olunanadək onun işini diqqətdə saxlayacaqlar.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, İran bu məsələdən mübadilə üçün yararlanmaq niyyətindədir:

«Azadlığa buraxılmaq o vaxt olur ki, Azərbaycan vətəndaşları Azərbaycana tərəfinə – ya Azərbaycanın İrandakı səfirliyinə, ya da konsulluğuna təhvil verilir. Çox güman, qapalı görüşlərdə Azərbaycandan İran vətəndaşı Mikayıl Kazıminin azadlığa buraxılması da istənib. O, 3-4 ay öncə tutulub. Yəqin, Kazıminin istintaqı bitmədiyindən Azərbaycan tərəfi onu buraxa bilmir. Bu səbəbdən də günahsız Azərbaycan vətəndaşları İran hakimiyyətinin əlində girov qalıblar. Onlar təhvil verilməyincə, azad sayıla bilməzlər. Hər hansı bəyanat boş şeydir».

«HANSI ŞƏRTLƏRDƏN DANIŞA BİLƏRİK?»

İranın Bakıdakı səfirliyindən baş verənlərlə bağlı hər hansı məlumat vermədilər. Səfirliyin əməkdaşı Seyid Ali Mousavi daha öncə Mediaforum saytına bildirib ki, Xalidə Xalid və sürücüsü azad olunublar, ancaq onlarla bağı sənədləşmə işləri aparıldığından Azərbaycan tərəfinə təhvil verilməyiblər. Mousavi Xalidə Xalidin və sürücüsünün buraxılması qarşılığında İran vətəndaşı Mikayıl Kazıminin azad olunması şərtinin irəli sürülmədiyini söyləyərək deyib:
Elman Abdullayev
Elman Abdullayev

«Kazımi 4-5 aydır tutulub və onun azad olunması üçün İran çoxdan iş aparır».

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də hər hansı şərtin olduğu barədə fikirləri doğru saymır:

«Hansı şərtlərdən danışa bilərik? Burda söhbət iki Azərbaycan vətəndaşının – alimin və sürücüsünün saxlanılmasından, onların Azərbaycana qaytarılmasından gedir. Azərbaycan hüquq-mühafizə orqanları bir çox iranlını saxlayıblar. Təbii ki, hansısa cinayət işi törədən iranlılardan söhbət gedir. Amma indi iki Azərbaycan vətəndaşından danışırıq».

«ƏLAVƏ MƏLUMAT YAXINLARDA VERİLƏCƏK»

Xalidə Xalid və sürücüsünü aprelin 30-da Təbrizdə İranın təhlükəsizlik xidməti ETTELAAT saxlayıb. Həmin vaxt İranın Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, Azərbaycan vətəndaşları «qeyri-leqal əlaqələr qurmağa» cəhd göstəriblər. Daha sonra Azərbaycan iki dəfə nota verərək vətəndaşlarının azad olunmasını tələb edib və mayın 21-də İran Azərbaycan vətəndaşlarının azad olunduğunu rəsmi şəkildə açıqlayıb.
Azərbaycanın Təbrizdəki konsulluğu bu gün – mayın 27-də AzadlıqRadiosunun sualına bu yazılı cavabı verib:

«Xalidə Xalid və Şamxal Hüseynovun təhvil verilmələri ilə bağlı danışıqlar davam etdirilir. Əlavə məlumat yaxınlarda veriləcəkdir».
XS
SM
MD
LG