Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

Gürcüstandakı azərbaycanlılar «Patriot» təşkilatı yaratdılar


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 21-də Gürcüstanda azərbaycanlıları birləşdirən «Patriot» təşkilatı təsis edilib.

Təşkilat sədri Allahyar Yusifov AzadlıqRadiosuna deyib ki, belə bir təşkilatı yaratmaqda məqsəd Gürcüstandakı azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına nail olmaqdır:

«Strateji müttəfiqlərimiz, həmçinin bizim qonşu ölkələr həmişə öz maraqları üçün bizim QHT-ləri maliyyələşdirirlər və bu da ölkənin azərbaycanlı kəsiminin Gürcüstan cəmiyyəti ilə inteqrasiyasına imkan vermir. Konkret fakt deyim - biz azərbaycanlıların yaşadığı istənilən kəndə girib uşaqlardan soruşsaq ki, vətən nədir, onlar onu bilmir. İnsan öz vətənini sevmirsə, həmin ölkənin dilini öyrənməyəcək. Gürcüstan öz müstəqilliyini əldə edəndən sonra azərbaycanlılar başqa ölkənin təsiri altında olublar. Bu gün biz bu məsələlərdə irəli getmək üçün toplanmışıq. Biz - 500 min azərbaycanlı istəyirik ki, gürcü cəmiyyəti ilə birləşək, onlarla bir olaq. Bu məsələdə Azərbaycanı öz arxamızda görmək istəyirik. Biz özümüzü burda ikinci-üçüncü növ insan kimi görmək istəmirik, irəli getmək, inkişaf etmək istəyirik. Azərbaycanlıların yaşadıqları kəndlərdə 4-cü sinfə qədər oxuyur, ali məktəblərə girənlər ilbəil azalır. 10 ildən sonra acınacaqlı bir vəziyyət olacaq».

«PATRİOT» MİLYARDERLƏR İTTİFAQINA BAĞLIDIR?

Allahyar Yusifov heç bir ölkədən maliyyələşmədiklərini, «Milyarderlər İttifaqı»na da bağlılıqları olmadığını deyir:

«Biz heç bir ölkədən maliyyə almırıq, nə ediriksə, öz imkanlarımız hesabına edirik. Ümid edirik ki, bizim 8 illik proqramımız dövründə 70-80 faiz xalqlar bir-birinə inteqrasiya edəcək. Bununla da ölkənin daxili və xarici siyasətində əhəmiyyətli rola malik olmaq istəyirik».

Allahyar Yusifov Azərbaycan hökuməti adından Gürcüstana gələnlərin bir çoxunun bu ölkədə yaşayan azərbaycanlılara heç bir xeyir vermədiyini, əksinə, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına mane olduqlarını deyir:

«Bura gələn bəzi məmurlar öz mənafeyini güdür, onların azərbaycanlılara xeyri yox, zərəri dəyir. Həmin adamlarla debata da hazıram, görək onlar azərbaycanlılar üçün nə ediblər? Siz burdakı azərbaycanlılardan soruşun, görün onlar həmin adamları dəstəkləyirlər ya yox? Biz istəyərdik Azərbaycanı öz arxamızda görək. Hələ ki bu dayağı görmürük. Bizi aparıb Rusiyadakı «Milyarderlər İttifaqı»na bağlayırlar. Guya onlar bizi maliyyələşdirir. Bunlar hamısı boş söhbətlərdir, biz özümüz-özümüzü maliyyələşdiririk».

Allahyar Yusifov yaxın günlərdə Gürcüstanın müxtəlif bölgələrində təşkilatın bölmələrinin yaradılmasına başlayacaqlarını bildirir.
XS
SM
MD
LG