Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:48

Aytən Nəsibbəyli. Qədəhmi böyükdür, sənmi, Adam?


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Aytən Nəsibbəyli


İKİ ŞEİR


Qədəh və Adam

Köhnəlmiş bir şərab misali
azadlığın dadı.
Vaxtında adam kimi içməyi
bacarsaydıq əgər,
əgər bacarsaydıq,
sərxoş olmaq ayıb olmazdı bu ölkədə.

Düşün nə qədər yaxındı sənə
əslində bu qədər uzaq bildiyin.
Yoxsa içindəki uşağa ağlayacaq qədər
yazıqmısan hələ?
Bumusan hələ?

Hələ çəkə bilmirsənmi o qədəhi başına?
Qədəhmi böyükdür, sənmi, Adam?
Gəl adam kimi sərxoş olaq.
Bu gecə
çək qədəhləri başına
çək sərhədləri kənara.
Iç, iç,
Qədəh də böyükdür, biz də, Adam!
İnan, inan sən
Qədəh yalan satmaz sərxoşa, Adam!


***


Sevdiyimiz qızın
saçını dartıb qaçacaq qədər
sevdi çoxumuz.
Əslində sevgi
şeytanın bir uşağın qəlbində
sığa bildiyi qədər idi.
Məsum və təhlükəli.

Bilirəm,
ayrı-ayrı yerlərdə dayanmışdıq biz.
Sənə gedən yollar var idi:
Uzun, döngəli.
Mən döngəni döndüm.
Yol bitdi.
O an gözlərindəki təbəssüm nə idi elə?
Məsum və təhlükəli.

Səni göylərdə tapdım mən.
Yerlərdə nə işin var?
Söylə, hörmətli fizik, söylə.
Niyə,
nədən cazibə qüvvəsi yalan olmaz bir dəfə?
İnsan dediyimiz
hər dəfəmi yenik düşər təbiətə?
XS
SM
MD
LG