Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Bağça tərbiyəçisi ilə müdir məhkəmədə üz-üzə gəldi


Ofeliya Bayramova
Ofeliya Bayramova
-

Şirvan şəhərindəki «Bənövşə» uşaq bağçasının tərbiyəçilərinin məhkəmə çəkişməsi davam edir.

Mayın 8-də Şirvan Apellyasiya Məhkəməsində şəhər sakini Ofeliya Bayramovanın birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayəti əsasında icraata götürülən iş üzrə baxış iclası keçirilib. Məhkəmənin iclas zalında oturacaqlar az olduğundan bəzi iştirakçılar prosesi ayaq üstə izləməli olub. İclasa sədrlik edən hakim Etibar Camalov jurnalistlərə foto və video çəkiliş aparmağa icazə verməyib.

İş materiallarındakı sənədlərin oxunması xeyli vaxt aparıb. Məlum olub ki, Şirvan şəhərindəki 5 saylı «Bənövşə» körpələr evi-uşaq bağçasının keçmiş tərbiyəçisi barədə çoxsaylı əmr verilib, intizam tənbehi tədbirləri seçilib. İddiaçı bu sənədlərin əksəriyyətindən sonradan xəbər tutduğunu bildirib. O, qeyd edib ki, uşaq bağçasındakı neqativ hallarla bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayət edəndən sonra onlar sifarişlə tərtib edilib və işdən çıxarılmasına hesablanıb:

«BAĞÇADA UŞAQLARA VERİLƏN YEMƏYİ HEÇ İT DƏ YEMƏZ»

«Mən fasiləsiz olaraq 33 il pedaqoji fəaliyyətlə, insan tərbiyəsi ilə məşğul olmuşam. Əməyimə qiymət gözləyirdim, əvəzində məni belə yola salmaq istəyirlər. Mənim uşaqlarım, nəvələrim bağçada tərbiyə almır, xalqın balalarının haqqını tələb etdiyimə görə hamı ilə üz-göz olmuşam. Bağçada uşaqlara verilən yeməyi heç it də yeməz.Onların hətta oyuncaqları da satdırılır. Kasıb və varlı ailədən olan uşaqlar ayrıca qruplara bölünüb. Bağça işçiləri arasında narkoman və dəri-zöhrəvi xəstələr var».

Arxiv foto
Arxiv foto
Prosesdə iştirak edən bağça işçiləri isə vaxtilə Ofelya Bayramovanın təhqir və hücumlarına məruz qaldıqlarını deyiblər. İclasa sədrlik edən hakim bildirib ki, tərtib edilmiş sənədlərdə aşpazın səhhətinə zərər vurulmağı, uşaq tərbiyə müəssisəsinə «təcili yardım» çağırılması barədə aktlar da var.

«MƏN AİLƏMİ DOLANDIRMAQ ÜÇÜN ALVER ETMƏYƏ DƏ MƏCBURAM»

Bağça işçilərindən vaxtaşırı olaraq qanunsuz pul tələb olunması ilə bağlı Ofeliya Bayramovanın dediklərinə cavab olaraq isə baş tərbiyəçi Aygün Qaraşova dedi: «Uşaq bağçasının işçiləri ölkənin ən az təminatlı adamlarıdır. Onların əksəriyyəti 100-150 manat maaş alır. Bu, nə qədər puldur ki, hələ ondan kiməsə verəsən? Mən ailəmi dolandırmaq üçün alver etməyə də məcburam».

Qalmaqallı proses mayın 17-də davam edəcək.

Bağçada korrupsiya hüquqpozmalarının olmağı ilə bağlı Ofeliya Bayramovanın şikayəti əsasında Şirvan şəhər polis şöbəsi araşdırma aparıb və ötən ilin iyulunda cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarıb. Bu ilin fevralında isə Şirvan şəhər məhkəməsi onun işə bərpa olunması tələbini rədd edib.
XS
SM
MD
LG