Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Bağça müdirini ərzağı mənimsəməkdə günahlandırır


Foto: Arxiv
Foto: Arxiv
-
«Bağçalara ayda iki dəfə, həm də çox yaxşı ərzaqlar verilir. Toyuq, ət, şirələr, meyvələr, peçenye, cürbəcür şirniyyatlar, makaron, vermişel… Ancaq bağça müdirəsi o ərzaqları aşpazla əlbir olub mənimsəyirdi. Hər gün uşaqlara duru yağda şorba bişirilirdi. Valideyn uşaqdan soruşanda ki, bu gün nə yemisən, uşaq deyəndə şorba, mən utanırdım. Axı bu uşağa nə qədər rəngsiz, dadsız şorba yedirtmək olar? Uşaq da şorbadan bezib».

ƏTİ MƏNİM, SÜMÜYÜ... UŞAQLARIN

Şirvandakı «Bənövşə» uşaq bağçasında tərbiyəçi işləmiş Ofeliya Bayramova AzadlıqRadiosunun «Qaynar xətt»inə işdən çıxarılmasının səbəblərindən danışır:

«28 il tərbiyəçi işləmişəm. Həmişə də uşaqların azuqəsinə göz dikən müdirələrlə mübarizə aparmışam. Pərişan Novruzova bağçaya müdirə gələn gündən uşaqlar üçün gələn ərzaqları mənimsəməklə məşğul idi. Onun bu əməlinə qarşı çıxdığıma görə tez-tez dava-dalaşda olurduq. Bağçaya gələn toyuqlardan elə bağçadaca aşpaz ləvəngi bişirirdi, ləvəngilər müdirənin evinə gedirdi. Bağça ilə üzbəüz Mahirə adlı qadın yaşayır. Bağçaya gələn ət onun evində şaqqalanıb sümükdən ayrılırdı. Ət hissəsini öz aralarında bölüşdürürdülər, sümükləri vedrəyə yığıb saxlayırdılar. Uşaqlara şorba bişirəndə istifadə edirdilər. Dəfələrlə rayon prokurorluğuna, rayon icra hakimiyyətinə, Prezident Administrasiyasına şikayətlər yazmışam. Ancaq bu qadının əməllərini araşdırmaq istəməyiblər. Gördü əl çəkmirəm, axırda qondarma bir bəhanə ilə məni işdən çıxartdı. Mən isə şikayətlərimi davam etdirməkdə idim. Məni susdurmaq üçün onu işdən çıxartdılar. Ancaq sonradan başqa bağçaya müdirə təyin etdilər».

1 ÇARPAYIDA 4 UŞAQ YATIRDI

Ofeliya Bayramova deyir ki, bağça müdirəsi işçilərindən də rüşvət alıb:

«Böyük qrupda 20, kiçik qrupda 15 uşaq olmalıdır. Ancaq hər qrupda ən aşağısı 35 uşaq vardı. Mənim qrupumda 45 uşaq vardı. Hər çarpayıda 2, elə vaxt olur 4 uşaq yatırdı. O pul qazanırdı, əziyyətini isə işçilər çəkirdi. Qrup bölgüsündə işçilərdən də pul alırdı».

Ofeliya Bayramovanın müdirədən yazdığı şikayətlər Şirvan polisində araşdırılıb və cinayət işi başlanması rədd edilib.

Təhqiqatçı qərarını belə əsaslandırıb ki, tərbiyəçinin dediklərini bağça müdirəsi və başqa iş yoldaşları təsdiqləməyib.

Polis Pərişan Novruzovaya isə tövsiyə edib ki, tərbiyəçinin ona böhtan atdığını hesab edirsə, məhkəməyə müraciət etsin.

Foto: Arxiv
Foto: Arxiv
Keçən ilin dekabr ayında müdirə tərbiyəçini işə gecikməsini əsas gətirərək işdən çıxarıb. Bu ilin yanvar ayında isə tərbiyəçidən məhkəməyə şikayət edib. Ancaq qısa bir zamanda iddia ərizəsini geri götürdüyünə görə məhkəmə iddiaya baxmayıb.

«MƏN RÜŞVƏT ALSAYDIM...»

Ofeliya Bayramova işə bərpa iddiası ilə Şirvan məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb. O, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib.

Pərişan Novruzova hazırda Şirvandakı 2 saylı uşaq bağçasında müdirə işləyir.

AzadlıqRadiosunun əməkdaşı müdirədən keçmiş tərbiyəçinin ittihamlarına münasibət öyrənmək üçün həmin bağçada olsa da, Pərişan Novruzova bunları deməklə kifayətlənib:

«Bir nəfəri korrupsiyaya görə işdən çıxardırlarsa, qollarını qandallayıb polisə aparırlar. Başqa bağçaya müdirə təyin etmirlər».

Şirvan rayon İcra Hakimiyyəti başçısının müavini Elmira Rəhimova da bildirib ki, Ofeliya Bayramovanın şikayətlərindən sonra bağçada araşdırma aparılıb. Bu zaman Pərişan Novruzova müdirəlikdən uzaqlaşdırılıb ki, araşdırmaya maneçilik törətməsin. Ancaq şikayətlərin əsassız olduğu üzə çıxıb.

Ofeliya Bayramova isə deyir ki, işə bərpa olunmayanadək və Pərişan Novruzova əməllərinə görə cəzalandırılmayanadək şikayətlərini davam etdirəcək.
XS
SM
MD
LG