Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 12:17

İmişlinin Məzrəli kəndində uşaq bağçası Rus Çarından qalma binada yerləşir...


Məzrəli kəndində uşaq bağçası
Məzrəli kəndində uşaq bağçası
-

İmişli rayonunun Məzrəli kəndindəki uşaq bağçasının istifadəsində olan binaların nə vaxt tikildiyini indi heç kəs xatırlamır. Kəndin ən yaşlı sakinlərindən olan, 1923-cü il təvəllüdlü Hümbət Mehdi oğlu Abışov deyir ki, atam Mehdinin, atamın atası Kərbəlayı Abışın söhbətlərindən eşitmişəm ki, onlar gözünü açandan buradakı binaları tikili halda görüblər:

KAZARMA, SİLAH-SURSAT ANBARI VƏ AT TÖVLƏSİ

«Burada çox tikililər olub, hamısı da Rus Çarlarından qalmadır. Türkmənçay müqaviləsindən (1829) sonra Rusiyanın İranla sərhədinin bir hissəsi Muğan düzündən keçirdi. Rusiya öz sərhədini qorumaq üçün Məzrəli kəndində zastava kompleksi yaradıb. Geniş ərazini əhatə edən obyektdə əsgərlər üçün kazarma, silah-sursat anbarı ilə yanaşı, at tövləsi də tikilib. Bizdən bir qədər aralıda - Qızıltəpədə isə mal-qara saxlanılan ferma olub. Ölkə ərazisinə səpələnmiş muğanlıların bir hissəsi Məzrəli və ona bitişik olan kəndlərdə yaşayır. Onlar vaxtilə İran şahının zülmü nəticəsində öz yurd-yuvalarından didərgin düşüb, Rusiyanın təəbəliyini qəbul edənlərdir. Sovet hakimiyyəti illərində bu obyektdə 2013 saylı hərbi hissə yerləşib. 1954-cü ildə hissə Qaradonluya köçürüldü. O zaman Məzrəli kənd məktəbində sinif otaqları çatışmırdı deyə, burada 8 illik məktəb açıldı. Yeni bina tikiləndən sonra məktəblər birləşdirildi, boş qalan obyektdə isə bağça açıldı».

Hümbət Mehdi oğlu Abışov
Hümbət Mehdi oğlu Abışov
Hümbət Abışov deyir ki, Məzrəli uşaq bağçasının istifadəsində olan binalar çar Rusiyasından qalan yeganə tikili deyil. Qaradonlu məktəbi də Şura hökuməti qurulanadək - 1905-ci ildə tikilib.

QAÇQINLAR ÜÇÜN SIĞINACAQ VƏ YENƏ BAĞÇA

Tikililərin bəziləri uçub, barılar başını yerə qoyub, «vaxtın dəyirmanında üyünən» qızıl kərpiclər ovuq-ovuq olub. Baxımsızlıq dövründə ərazidəki çoxillik ağaclar quruyub, kəsilib. ADR-i, Şura hökumətini qarşılayıb yola salan bu obyekt, 1993-98-ci illərdə isə məcburi köçkünlərə sığınacaq olub. Amma 1981-ci ildən bəri uşaq bağçası öz statusunu qoruya bilib. 1998-ci ildən başlayaraq yenidən azyaşlı uşaqların ikinci evinə çevrilib.

Bağça binasının bayırdan görünüşü nə qədər vahimə doğursa da, içəridə tamam ayrı aləm var. Orada xorla Azərbaycan himni oxunur, vətən, ana haqında şeirlər səslənir, uşaq gülüşləri otağı başına götürür. Uçuq divarların ayıbını tədris materialları, üçrəngli bayraq, azyaşlıların əl işləri və Heydər Əliyevin çoxsaylı şəkilləri örtür. Damı daman yataq otağında yağıntılı günlərdə yerə düzülən ləyənlərdən çıxan ritmik səslər azyaşlılara deyilənə görə, lay-lay çalır. Yayda qəfil döşəmə altından çıxan ilanlar isə onlara qorxulu nağılları xatırladır...

Məzrəli kəndindəki uşaq bağçası
Məzrəli kəndindəki uşaq bağçası
Məzrəli kənd uşaq bağçasının müdiri Mariya Mixaylovna Lauşova ilə söhbət edirik. O, 1985-ci ildən burada işlədiyini, 1990-cı ildən müəssisəyə rəhbərlik etdiyini deyir. Onun sözlərinə görə, müdir, tərbiyəçilər, onların köməkçiləri, musiqi müəllimi, aşpaz və nəzarətçi qarışıq bağçada işçilərin sayı 9 nəfərdir. Burada 2 yaş qrupu üzrə 33 uşaq ictimai tərbiyəyə cəlb edilib.

«BİZ AVROPA TƏMİRLİ YENİ BAĞÇA BİNASINI GÖRƏ BİLƏCƏYİK, YOXSA YOX»

Məzrəli inzibati ərazi dairəsinə Məzrəli, Çaxırlı və Xubyarlı kəndləri daxildir. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bu ilin yanvar ayında adıçəkilən yaşayış məntəqələrində ümumilikdə 806 təsərrüfat subyekti qeydə alınıb, 6595 nəfər adam yaşayır. Təxmini hesablamaya görə, məktəbəqədər yaşda olan uşaqların sayı 585 nəfərdir. Təbii ki, bu qədər uşaq üçün 40 yerlik bağça kiçikdir. Amma Mariya Lauşova buna da şükür edir. Çünki rayonun əksər yaşayış məntəqələrində heç yerli dibli bağça yoxdur:

«Bu bağçaya görə çox əziyyət çəkirəm, daha uşaqları bu cür şəraitdə saxlamaq mümkün deyil. Çox yerə, çox adama müraciət etmişəm, elə deyirlər gözlə. Gözləyirəm. Amma bilmirəm biz Avropa təmirli yeni bağça binasını görə biləcəyik, yoxsa yox».

«UŞAQLAR SAĞLAM BÖYÜMƏLİDİR Kİ, İDMANLA MƏŞĞUL OLA BİLSİN»

Məzrəli bağçası
Məzrəli bağçası
4 yaşlı Pərvanə və 3 yaşlı Binyamin bacı-qardaşdır. Onların hər iki valideyni işləyir. Ana - Aygün İmanlı Məzrəli kənd tam orta məktəbinin müəllimidir. O, etiraf edir ki, evdə uşaqların təliminə, onların intellektual inkişafına çox vaxt ayıra bilmir:

«Bağçaya gedən uşaqlar isə xeyli bilik və bacarıq əldə edir. Övladlarım atıq 3 yaşından dövlət himnimizi öyrənib, bayrağımızı tanıyır, şəkil çəkir, həyatda yaxşı və pis olanları ayırd etməyə başlayıblar. Ölkənin əksər rayonlarında olduğu kimi, İmişlidə də olimpiya kompleksi inşa olunub. Amma onlar sağlam böyüməlidir ki, idmanla məşğul ola bilsinlər».

İCRA HAKİMİYYƏTİ DƏ GÖZLƏYİR

İmişli RİH-nin humanitar şöbəsinin müdiri Səlim Məhərrəmov isə bildir ki, ötən il rayondakı məktəbəqədər tərbiyə müəssisələrinin monitorinqi aparılıb:

«Baş nazirin köməkçisi Abid Şərifovun 16 fevral 2012-ci il tarixli, 12/4-2 saylı tapşırığına əsasən Nazirlər Kabineti, FHN, İİN, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və İmişli RİH-in nümayəndələrinin iştirakı ilə Məzrəli kənd uşaq bağçasının yerləşdiyi əraziyə və oradakı tikililərə baxış keçirilib, fotoşəkillər çəkilib və yerində akt tərtib edilib. Toplanılan materiallar mərkəzi icra hakimiyyətinə təqdim olunub. Gözləyirik görək nə qərar qəbul edilir».

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, İmişli rayonu üzrə əhalinin sayı 120 378 nəfər, məktəbəqədər müəssisələrin sayı 15, bu müəssisələrdə təlim-tərbiyə alan uşaqların sayı isə cəmi 635 nəfərdir. Təxmini hesablamalara görə, rayon üzrə 6 yaşadək uşaqların sayı 10 min nəfərdir. Bu rəqəmlərdən görünür ki, İmişlidə məktəbəqədər yaşda olan uşaqların böyük əksəriyyəti ictimai tərbiyədən kənarda qalıb.

İmişli rayonu. Məzrəli kəndi
İmişli rayonu. Məzrəli kəndi
Şöbə müdiri Səlim Məhərrəmov deyir ki, ola bilsin bu problem 3-cü dövlət proqramında öz həllini tapacaq.

KÜÇƏYƏ ATILAN GƏLƏCƏK

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin sədri İlqar Hüseynli isə yeni nəslin tərbiyəsi və təhsili ilə bağlı hökumətin aydın və ardıcıl siyasətinin olmadığını deyir:

«Halbuki bunun üçün kifayət qədər vaxt və maddi resurslar olub. Bəzi təhsil, mədəniyyət və idman müəssisələrini özəlləşdirilməyə çıxarmaqla bu sahədə vəziyyət daha da pisləşdi. Düzdür, gec də olsa, bu səhv etiraf olundu. Amma baxırıq ki, yeni tərbiyə müəssisələrinin açılması kompaniya çərçivəsində həyata keçir. Son 3 ildə «rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi» adı ilə İmişli RİH-nə büdcədən 4 milyon manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi İmişli şəhərindəki «Heydər parkı»nın yenidən qurulmasına, yol kənarlarına hasar çəkilməsinə və s. məqsədlə xərclənib. Halbuki elə həmin vəsaitlə rayondakı bütün bağçalar üçün yeni, müasir üslublu binalar tikilə, onlar zəruri əşya və avadanlıqlarla təchiz oluna bilərdi.

Hökumətin açıqlamalarına görə ölkədə işsizlərin sayı get-gedə azalır. Bundan əlavə, dövlət orqanlarına, idarə və müəssisələrə, eləcə də özəl təşkilatlara işə qəbul zamanı yaşı 35-dək olanlara üstünlük verilir. Məktəbəqədər uşaqlar isə əsasən gənc ailələrdə olur. Statistika ilbəil əhalinin təbii artımının olduğunu göstərir».

Məzrəli uşaq bağçası
Məzrəli uşaq bağçası
Ekspert paradoksal vəziyyətə diqqət çəkir:

«Əgər gənc ailələrin əksəriyyətində hər iki valideyn işləyirsə, onda onların uşaqlarının təlim-tərbiyəsi ilə kim məşğul olur, bu azyaşlılar kimin ümidinə qalır? Bəlkə... valideynlər uşaqları da özləriylə iş yerlərinə aparırlar?».

Məzrəli bələdiyyəsi İmişlinin ən varlı bələdiyyəsi hesab olunur - ərazisindən qeyri-filiz materialları olan qum və çınqıl məhsulları çıxarılır. Yerli sakinlər bildirir ki, əgər həmin məhsullara görə ödənilməli olan mədən vergisi büdcədən yayındırılmasa, yerli özünüidarə orqanı hər il bir sosial obyekt tikə, kəndarası yolları abadlaşdıra bilər.

Ancaq bu deyilənlərə münasibət öyrənmək üçün Məzrəli bələdiyyəsinin sədri Mirzağa Seyidovla da əlaqə saxlamaq istədik. Ancaq o nə idarədə tapıldı, nə də zəngimizə cavab verdi.
XS
SM
MD
LG