Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:47

Sabiri ruscaya tərcümədə necə "şikəst" etdilər?


-

Tərcüməçi Sabir şeirinin nəbzini tuta bilməmiş və ona görə də tərcümə çox bayağı və gülünc çıxmışdır...


Şıxəli Qurbanov


SABİR RUS DİLİNDƏ

(Məqalədən parçalar)


...P.Pançenko Sabirin 130-a qədər şeirini, 3 bəhri-təvilini, 20-yə qədər təmsilini və uşaqlar üçün yazdığı şeirini rus dilinə çevirmişdir. Bunların içində istər məzmun, istərsə də forma etibarı ilə müvəffəqiyyətli tərcümələr az deyildir...

Bunlar əsasən şairin (bəzi şeirlər istisna olmaqla) məzmun etibarı ilə çox sadə şeirləridir. Şairin dərin mənalı, həyat fəlsəfəsi ilə dolu şeirlərinin tərcüməsinə gədikdə isə, biz tamamilə başqa bir vəziyyətlə qarşılaşırıq...

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrənməmisən ət-yağə dünyada, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!


Bu sətirlərin tərcüməsinə müraciət edək:

Мне пщеницу подай, как скромник, пшено ты глотай! (?)
Слышишь, лед растопи и как будто вино ты глотай! (?)
Яд не камень, мой друг, и змею заодно не глотай! (?)
Не имеешь ты к мясу привычку, дурной экинчи!
Как животное жил и живешь ты, дряной экинчи!


Hər iki mətnin müqayisəsi göstərir ki, tərcüməçi Sabir şeirinin nəbzini tuta bilməmiş və ona görə də tərcümə çox bayağı və gülünc çıxmışdır. Yuxarıdakı misraların Azərbaycan dilinə sətri tərcüməsini versək. fikrimiz bir qədər də aydınlaşar:

Mənə buğda ver, özün-sadəciyəz darı ud! (?)
Eşidirsənmi, buzu ərit və çaxır kimi ud! (?)
Zəhər daş deyil, mənim dostum, ilanı da elə birdəfəlik ud! (?)
Ətə öyrənməmisən axmaq əkinçi!
Ömrün boyu heyvan kimi yaşamısan və yaşayırsan zibil əkinçi!..



Sabir xalqa böyük vədlər verən çar hökumətinin inqilabın zəifləməsindən istifadə edərək irticanı daha da gücləndirməsini "Eylə bilirdim ki, dəxi sübh olub..." misrası ilə başlayan kiçik bir şeirində böyük ustalıqla vermişdi. Şair bu şeirdə qara irtica qüvvələrini "övci-fəzada" uçan, xarabazarlıq axtaran "bayquşlara", qəflətən hücuma keçib əlinə düşəni didib-parçalayan "çalağanlara" bənzədirdi. Şübhəsiz belə bir şeiri, Sabirin qələmə aldığı dövrü mükəmməl bilmədən, hər hansı bir dilə tərcümə etmək çox çətindir. Həmin şeirin rus dilinə edilmiş tərcüməsindəki nöqsanlar əsasən bu məsələdən doğur.

Orijinalla tərcümənin müqayisəsi də bunu sübut edir:

Eylə bilirdim ki, dəxi sübh olub
Mürği səhər tək bir ağız banladım.


Tərcüməsi:

Мне показалось, что рассвет заалел
Как птица утра, я вскричал наугад.


Orijinalda olmayan "наугад" sözünün tərcümədə işlədilməsi bu misralara tamam başqa məna verir, banlamağın təvəkküli, kortəbii bir hadisə olduğuna dəlalət edir. Halbuki bu misralardan şairin məqsədi xoruzun vaxtsız banlamasını vermək deyildi. Həmin misraların tərcüməsi belə olmalı idi:

Я подумал, что уже рассвело,
Подобно утренной птице закукарекал разок...



Başqa bir beytin tərcüməsinə müraciət edək:
.
Bir də məni vurma, aman səngdil,
Rəhm elə, pıqqıldayıram indi mən.


Tərcüməsi:

О камень, больше не лети ты в меня,
Хоть за цыплячий голосок пожалей.

Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir

Göründüyü kimi şairin daşürəklilərə ("səngdil") müraciəti daşa müraciəti ilə ("О камень") əvəz edilmişdir. Halbuki şeirdə daşdan yox, daşürəklilərdən söhbət gedir. Bu misraların tərcüməsi əslində belə olmalı idi:

Не бей меня больше, бессердечный,
Пожалей, гогочу я теперь...



"Qəmü möhnət füzun oldu" misrası ilə başlanan şeirdə şair İran parlamanını topa tutmuş Məhəmmədəli şahın törətdiyi vəhşiliklərdən. "məşrutənin bağlanmasından", "bigünah qanların tökülməsinə" səbəb olan "odlu fərmanların verilməsindən", "sadiqlərin zindana atılmasından", "natiqlərin susdurulmasından" danışır...

Qəsəm etdi, inandırdı,
Neçin rəyin dolandırdı,
Özün dünyayə andırdı.
Mütii-nəfsi-dun oldu?
Səbəb boynu yoğun oldu!


Tərcüməsi:

Он клятвами уверил всех!
Но не его ль слышим смех?
Так почему же без помех
Плюет в лицо нам негодяй? (?)
Виной дубина, так и знай.


Bu misralarda M.Ə.Sabirin Məhəmmədəli şahın xalq qarşısında yalandan and içməsindən, sonradan andından dönərək özünü bütün dünyada biabır etməsindən, hər şeyi öz alçaq nəfsinə qurban verməsindən danışılır. Mütərcim isə Məhəmmədəli şahın hər yeri bürümüş gülüşlərindən, onun heç bir maneəyə rast gəlmədən xalqın üzünə tüpürməsindən (?) bəhs edir...


"Satıram" şeirinin tərcüməsi də mütərcimin əlavələri hesabına çox zəif və bayağı çıxmışdır.

İstəməm nuri, qaranlıq sevirəm,
Mülki-İranı dumanlıq sevirəm,
Boşlayıb şəhri, yabanlıq sevirəm,
Bəsdi şahlıq, dəxi xanlıq sevirəm!
Ay alan, Məmləkəti-Rey satıram!


Bu misraların tərcüməsi belədir:

Тегеран продаю, продаю Тегеран! (?)
Пусть стоит над моею страною туман.
Пусть не утро, а ночь снизойдет на Иран!
Что мне шахский престол, если пуст мой карман (?)
Сабзавар и Меям - не жену продаю (?)
Эй барышники! Даром (?) страну продаю.


Burda tərcüməçi "Тегеран продаю, продаю Тегеран!", "Пусть не утро, а ночь снизойдет на Иран!" misralarını mətnə əlavə etmişdir. Tərcümənin keyfiyyətinə xələl gətirən, eyni fikri dönə-dönə təkrar edən bu əlavələr "İstəməm nuri, qaranlıq sevirəm", "Boşlayıb şəhri, yabanlıq sevirəm" misralarının tamamilə atılması hesabına olmuşdur...


"Fəhlə, özünü sən də bir insanmı sanırsan?!" misrası ilə başlanan şeirin tərcüməsi də çox nöqsanlıdır. Bu tərcüməyə aid nöqsanların çoxu Sabir şeirinin hər kiçik kəlməsinin böyük bir məna ifadə etdiyini mütərcimin nəzərdən qaçırmasından irəli gəlir. Sabirin bu şeirində təsvir edilən "sahibkarın" fikrincə:

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun...

Görək mütərcim "sahibkar"ın "insan" haqqındakı anlayışını nə dərəcədə düzgün verə bilmişdir:

У человека красота и роскошь быть должны,
Дома в убранстве у него, и не сочтешь казны.
Следы усердия его во всех вещах видны. (?)

Müqayisə göstərir ki, tərcüməçinin həddindən ziyadə sərbəstliyi sahibkarın insana verdiyi xarakteristikasını bizim gözləmədiyimiz bir misra ilə tamamlayır: "Следы усердия (человека) на всех вещах видны" (Onun səyi (cəhdi) özünü hər şeydə göstərir). Aydın məsələdir ki, bu "sahibkarın" "insan" haqqındakı təsəvvüründən çox uzaqdır...

"Azərbaycan" jurnalı, 1962
XS
SM
MD
LG