Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:57

Təmirdən çıxmış Sabunçu-Zabrat yolu yenə qazılır


Foto: Arxiv
Foto: Arxiv
-
Bakıətrafı qəsəbələrdən «Qaynar xətt»ə zəng vuran sakinlər mərkəzdən həmin qəsəbələrə uzanan yollardakı qazıntılardan, təmirdən və tıxaclardan şikayətlənirlər. 2-ci Zabrat qəsəbəsinin sakini İlhamə Abdullayeva deyir ki, hər səhər işə gedəndə və axşam evə qayıdanda saatlarla tıxaclarda vaxt itirməkdən əsəbləri tarıma çəkilib.

YOL ÖRTÜYÜNÜN DƏYİŞDİRİLMƏSİNDƏN 2 AY KEÇMƏMİŞ...

Söhbət yolun Sabunçu-Zabrat hissəsindən gedir. Ötən il yayın başlanğıcında yolun Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı. Asfalt-beton örtüyü dəyişdirildi və yay mövsümünün sonunda yenidən istifadəyə verildi. Şikayətçi deyir ki, təmirdən çıxmış yolun istifadəyə verilməsindən heç iki ay keçməmiş ərazidə «Azərsu» ASC-nin ağır texnikaları peyda olmağa başlayıb:

«Yollarımız təmirə bağlananda 6-7 ay əziyyət çəksək də düşünürdük ki, bu əziyyətin qarşılığında təmirli, tıxacsız yol əldə edəcəyik. Ancaq düşündüklərimizin əksini görürük. «Azərsu» Bakı qəsəbələri istiqamətində su boruları çəkib. Bu borular yol örtüyünün altındadır. Təmirdən iki ay keçməmiş su borularında sızmalar başladı. Tez-tez yolları su basır, hər dəfə də «Azərsu» ağır texnikaları yola yığır, qazıntı işləri aparır, boruları təmir edir, tıxaclar yaranmasına səbəb olur. «Azərsu» bu yolda dəfələrlə qazıntı işləri aparıb. Asfalt örtüyü hər dəfə hissə-hissə qopardıb borularda təmir işləri görürlər. Yenə iki həftədir ağır texnikaları töküblər yola, qazıb töküblər, tıxaclar yaradıblar. Bu yol Bakıətrafı qəsəbələrdən gələn əsas yoldur. Bu yolla hər səhər Maştağa, Nardaran, Bilgəh, Buzovna, Zabrat, Pirşağı, Kürdəxanı sakinlərinin böyük hissəsi şəhərə işə gəlir. Saatlarla vaxtımızı itiririk. Səhər qazıntıların arasında 3-4 fəhlə boruları guya təmir edir. Məgər bu boyda əhali aylarla 3-4 fəhlənin əlində qalmalıdır? Zəhmət çəksinlər, briqada töküb problemi 1 gündə həll etsinlər. Ya da təmir işlərini adamların əl-ayağı küçələrdən yığışandan sonra görsünlər».

«YERALTI ŞAXTA TİKİLƏCƏK, SONRA YOLUN O HİSSƏSİ TƏZƏDƏN ASFALTLANACAQ»

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıloğlu «Qaynar xətt»ə bildirib ki, həmin ərazidə Bakıətrafı qəsəbələrə yeraltı 4 su xətti gedir. Həmin xətlərdən biri yeni, üçü isə köhnədir. Köhnə su xətlərindəki su sızmalarının qarşısını almaq üçün təmir işləri aparılır:

«İndi orda təmir işləri aparırıq, şaxta da tikiləcək. Şaxta tikiləndən, üstünün plitəsi qoyulandan sonra yolun həmin hissəsi təzədən asfaltlanacaq. Əslində, biz o xəttin üstünü elə belə də örtə bilərik. Ancaq gələcəkdə yenə fəsadları ola bilər. Ona görə qərara gəlmişik orda şaxta tikək ki, fəsadlar təkrarlanmasın».

Anar Cəbrayıllı deyir ki, təmir olunan xəttin üstündə suyun təzyiqini tənzimləmək üçün xüsusi vasitələr də quraşdırılır.

- Niyə görə bu işlər asfalt örtüyü çəkilərkən görülməyib?

- Yol örtüyü yenilənərkən biz də orda yeraltı təzə boru çəkmişik. Ancaq dediyim kimi, ordan bizim 3 xəttimiz keçir. Təmir işləri təzə xətdə deyil, köhnəsində aparılır.

«Azərsu» sözçüsü təmir və şaxta tikintisinin bir neçə günə başa çatacağını deyir.
XS
SM
MD
LG