Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:20

Yağışdan çıxdıq, yağmura düşdük...


Bakı. Fizuli küçəsi
Bakı. Fizuli küçəsi
Bakıda dünən (martın 4-də) yağan güclü yağışdan sonra bəzi küçələr yenə keçilməz olub. Belə mənzərəyə təkcə şəhərin kənarında yox, mərkəzi küçələrdə də rast gəlmək olur. Götürək Füzuli küçəsini. Bu ərazidə yaşayan Həsənağa Əhmədov deyir ki, hər yağış yağanda bu cür əziyyət çəkirlər:

YAĞIŞ KANALİZASİYALARININ ÜSTÜNDƏN ASFALT ÇƏKİBLƏR

«Hər yağış yağan kimi buraları su basır. Yağış kanalizasiyalarını vaxtlı-vaxtında təmizləmirlər. Üstəlik üstündən asfalt da çəkiblər, indi də su dolub, qalmışıq belə...»

Yolu keçmək istəyən Sahibə Tağıyeva isə ətrafda bir az fırlanandan sonra suyun içi ilə keçməli oldu:

«Suyun içindəyəm, neyləyim, keçməliyəm. Bizim günümüz belədir».

Sürücü Tahir Əliyev deyir ki, bu yollarda maşın sürmək onlar üçün də çətindir:

«Camaatın üstünə su sıçrayır. Həm söyüş yiyəsi oluruq, həm də maşın sıradan çıxır».

SU GÖLMƏÇƏLƏRİ ÜZƏRİNDƏ TAXTA KÖRPÜLƏR

Yağışdan sonra Bakıdakı belə vəziyyətlə şəhərin müxtəlif yerlərində qarşılaşmaq olar. Xətai metro stansiyasının qarşısındakı kiçik gölməçələr isə az vaxt ərzində keçilməz olmuşdu:

- Ona görə belədir ki, burada yağış kanalizasiyaları yoxdur. Ya da dolur, heç kim maraqlanmır.

- Yağış yağıb, suyu keçmək olmur.

- Kanalizasiyalar yaxşı işləmir.

- Bizimki lap islanmışın yağışdan nə qorxusuna çevrilib.

Camaat taxta parçalarından kiçik körpülər salmaqla problemi həll etməyə çalışırdı.

Mehdi Məmmədovun həyətini isə şəhərin yuxarı məhəllələrindən gələn yağış suları basıb:

Fizuli küçəsində piyada yolunun vəziyyəti
Fizuli küçəsində piyada yolunun vəziyyəti
«Yağış kanalizasiyaları bağlıdır. Suyun hamısı küçədən həyətə dolub. Yerli qurumlara getsən də heç kimi tapa bilmirsən».

KANALİZASİYA XƏTLƏRİ YENİLƏNMƏYİNCƏ...

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov deyir ki, şəhərdə kanalizasiya xətləri yenilənməyincə, yetərincə yağış barmaqlıqları quraşdırılmadıqca vəziyyət belə olacaq:

«Yolun relyefindən asılı olaraq çökəklik yerlərin hamısında yol çəkilən kimi küçə kanalizasiya xətləri, yağış barmaqlıqları quraşdırılmalıdır. Bu cür vəziyyət insanların, maşınların yol keçməyinə mane olur, torpaqda boşalmalar yaranır. Bu da torpaq sürüşmələrinə yol açır. Yağış barmaqlıqları nə qədər lazımdırsa, o qədər quraşdırılmasa, bu problemlər olacaq. Bu da o deməkdir ki, indiki sistem lazım olan suyu ötürmə gücünə malik deyil».

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyir ki, 2011-ci ildə Bakıdakı 61 ünvanda yağış barmaqlıqları quraşdırılıb. Şəhərin 89 faizinin isə bu sistemə ehtiyacı var:

BAKININ CƏMİ 10 FAİZİNDƏ YAĞIŞ BARMAQLIQLARI VAR

«Bu gün Bakıda küçə və prospektlərin cəmi 11 faizinin yaxınlığında yağış barmaqlıqları var. Bu da əsasən mərkəzi küçələrdir. Küçə və prospektlər gələcəkdə təmir olunduqca hər birində yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı planımız var. Bu gün Bakının kanalizasiya sistemi pis vəziyyətdə deyil. Sadəcə Bakıda yağış barmaqlıqları olmadığına görə küçələrdə sular yığılır, gölməçələr yaranır».

Anar Cəbrayıllı deyir ki, Füzuli küçəsindəki bu günkü subasma ilə bağlı sakinlər «Azərsu»ya müraciət edib. Əraziyə qəza qrupu göndərilib.

O ki qaldı bu il şəhərdə qurulacaq yağış barmaqlıqlarına, Anar Cəbrayıllı deyir ki, hər halda bu, keçən ilkindən çox olacaq. Şəhərdə bütövlükdə bu sistemin nə vaxt qurulub başa çatdırılacağı isə məlum deyil. Bir o məlumdur ki, «Azərsu» Bakıda yağış barmaqlıqlarının qurulması ilə bağlı proqram hazırlayıb hökumətə təqdim edib. Gələcəkdə hər bir küçədə yenidənqurma təmir işləri aparılarkən bunlar nəzərə alınacaq və bu proqram hər il davam edəcək.
XS
SM
MD
LG