Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:48

İlahiyyatçının şikayətinə nə zaman baxılacağı bəlli deyil


Aprelin 11-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadənin şikayətinə baxılmalı idi. O, Sabunçu Rayon Polis İdarəsində döyüldüyünü iddia edir.

Məhkəmədən vəkillərə deyiblər ki, şikayətə nə zaman baxılacağı müəyyən deyil.

Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib.

Vəkil deyir ki, məhkəmənin uzadılması Taleh Bağırzadənin bədənində olan işgəncə izlərinin getməsi üçündür:

«Vaxtı ona görə uzadırlar. Yəqin ki, hakim onu xəsarət izləri ilə görüb, başqa cür qərar çıxarmaq istəmir».

Müdafiə tərəfi bildirib ki, martın 31-də Sabunçu Rayon Polis İdarəsində Taleh Bağırzadəyə işgəncə verilib. Ancaq Ombudsman Aparatının əməkdaşları ilahiyyatçıda işgəncə izlərinin olmadığını bildirib.

T. Bağırzadə hazırda DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Vəkillər onun İstintaq Təcridxanasına köçürülməsinə nail olmağa çalışırlar.

T. Bağırzadə martın 31-də qanunsuz narkotik maddə saxlamaq (234.1-ci maddə) ittihamı ilə saxlanılıb. İstintaqın məlumatına görə, ondan 1,026 qram heroin müsadirə edilib.

Lakin T. Bağırzadənin yaxınları bildirir ki, onun həbsi ilahiyyatçının hakimiyyəti kəskin tənqid etməsi ilə bağlıdır.
XS
SM
MD
LG