Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

Naxçıvan notariuslarında qohumluq testi


Foto: Arxiv
Foto: Arxiv

Redaksiyamıza Naxçıvanda notraiusun işindən şikayət daxil oldu. Bir qrup adam bildirirdi ki, öz avtomobillərini ailə üzvü olmayan şəxslərə etibar etmyə onlara icazə verilmir. AzadlıqRadiosu məsələni araşdırır

-
AzadlıqRadiosuna məlumat verən bir qrup şikayətçinin dediyinə görə, Naxçıvan sakinləri avtomobillərini yalnız öz ailə üzvlərinə etibar edə bilərlər.

Naxçıvan sakini Adil Vahabov Bakıda yaşayır. Bir müddət öncə öz avtomobili ilə Naxçıvana gedib və qərara gəlib ki, öz adına olan avtomobili istifadə üçün müvəqqəti olaraq qohumlarından birinə versin. Onun dediyinə görə, Naxçıvan şəhər 2 saylı Notariat kontorunda onun adından həmin qohumuna etibarnamə verməkdən imtina ediblər:

«Bir müddət öncə maşın almışdım ki, aparım Naxçıvana, atam yararlansın ondan. Maşın mənim adıma idi. Atam yaşlı olduğundan idarə edə bilmir maşını. Düşündük ki, qohumların birinin adına etibarnamə alarıq, o, istifadə edər maşını və yaşlı ata-anamı ora-bura aparar. Qərara gəldik etibarnaməni dayıoğlunun adına alaq. Notarius dedi ki, yalnız ailə üzvlərinə etibarnamə verə bilərik, yuxarıdan tapşırıq var ki, heç yaxın qohuma da olmaz. Dedi, qohumunun sürməsini istəyirsənsə, Naxçıvan yol polisinə gedib maşının texniki pasportunu onun adına keçirməlisən. Bu halda maşından mən istifadə edə bilməyəcəkdim, çünki avtomobil qohumumun adına keçdiyindən, mülkiyyət sahibi də o, olacaqdı. Yol polisindən maraqlandıq. Dedilər ki, gətirin 350 manat verin, texniki pasportu qohumun adına dəyişək. Belə çıxır ki, bir neçə ay sonra maşın mənə lazım olacaqsa, təkrar 350 manat verib texniki pasportu öz adıma keçirməliyəm. Bu necə işdir, başım çıxmır. 25-30 manata notariusda görəcəyim işi yerinə yetirmirlər, məcbur edirlər ki, 350 manat verib texniki pasportu dəyişək».

«NOTARİUSLAR VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNİ AŞIRLAR»

Naxçıvan şəhər 2 saylı Notariat kontorunun notariusu Cavid Eyvazov deyir ki, Naxçıvanda avtomobillər yalnız yaxın qohumlara etibar edilə bilər. Birinci dərəcəli qohumlar bir neçə ay müddətinə etibarnamə ala bilsə də, ikinci dərəcəli qohumlar 1 ayla kifayətlənməlidirlər:
Namizəd Səfərov
Namizəd Səfərov
«Birinci dərəcəli qohumlara verə bilirik etibarnaməni. Yəni, ata, ana, bacı, qardaş. İkinci dərəcəli qohumlara da yalnız bir aylıq veririk».

Naxçıvan Muxtar Respublikası DYPİ-dən texniki pasportların baha qiymətə satılmasını yalanlayırlar.

Hüquqşünas Namizəd Səfərov avtomobillərin etibarnamə ilə başqalarına verilməsinə məhdudiyyət tətbiq edilməsini qanunsuzluq sayır:

«Avtomobillərə etibarnamənin verilməsinə görə sadalanan məhdudiyyətlərin heç biri qanunda nəzərdə tutulmayıb. Bu tələbləri irəli sürən notariuslar vəzifə səlahiyyətlərini aşırlar. Bir yandan rüsumdan əlavə pul istəyir, o biri yandan da belə maneələr yaradırlar. Məqsəd ondan ibarətdir ki, vətəndaşlar gedib artıq pul verərək alqı-satqı etsin. Yəni, alqı-satqı zamanı yol polisi qanunsuz olaraq artıq pul aldığından, vətəndaşlar məcbur olub 25-30 manat ödəyir və maşınlarını etibarnamə yolu ilə satırlar. Məqsəd bunun da qarşısını almaq, vətəndaşlardan daha çox pul qoparmaqdır. Texniki pasportun dəyişdirilməsi üçün çox cüzi dövlət rüsumu ödənilməlidir. Buna görə vətəndaşdan 350 manat almaq qanunsuzluqdur».
XS
SM
MD
LG